- Mədəniyyət

İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının açılış mərasimi keçirilib

Oktyabrın 15-də Kamera və Orqan Musiqi zalında İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının açılış mərasimi keçirilib.

Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimi “Barokko musiqisi” ilə başlayıb.

Tədbirdə çıxış edən Heydər Əliyev Sarayının direktoru, Əməkdar artist Ramil Qasımov deyib: “Bu gün ölkəmizin mədəni həyatında gözəl bir gündür. Biz bu festivalı birinci dəfə 2019-cu ildə gerçəkləşdirmişdik. İndi isə dövlətin dəstəyi ilə bu festival beynəlxalq status alıb. Bununla yanaşı, ölkəmizdə keçirilən irimiqyaslı layihələr bizi sevindirir. Bu il həm də əlamətdar bir ildir. 44 günlük müharibədə qazandığımız Qələbənin ildönümünün qeyd edilməsi, eyni zamanda, Şuşanın mədəniyyət paytaxtı elan edilməsi biz musiqiçilərə böyük şövq verir. Düşünürəm ki, bu kimi festivallar ölkəmizin klassik musiqi həyatının inkişafına xidmət edəcək və yeni-yeni vokalçıların yetişməsinə səbəb olacaq”.

Konsertdə Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.

Proqramda Əməkdar artistlər İnara Babayeva, Səbinə Əsədova, Ramil Qasımov, Fəridə Məmmədova, İlham Nəzərov, Xalq artistləri Gülnaz İsmayılova və Samir Cəfərovun ifasında Georg Hendelin “Rodelinda” və “Ariodante” operalarından “Mio caro bene” və “Schereza infida” ariyaları, Covanni Bononçinin “Qrizelda” operasından “Per la gloria”, Antonio Vivaldinin “Möhtəşəm Yudif” operasından “Armatae face” ariyaları oxunub. (azertag)