Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində yay tətilində rəssamlıq istedadı olan uşaq və gənclərin diqqətini çəkən mənzərə, hadisə və əşyaların öz düşüncələri ilə təsvir müstəvisində əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə elan olunmuş “Mənim düşüncəm-2021” adlı Respublika uşaq yaradışılıq müsabiqəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, müsabiqəyə ölkəmizin müxtəlif güşələrindən və müxtəlif yaradıcılıq studiyalarından 1000-dən çox 21 yaşa qədər uşaq, yeniyetmə və gənclər əsər göndərib.
İlkin nəticələrə Bakı Xətai Sənət Mərkəzi feysbuk qrupunda baxmaq olar və daha sonra yekun variantda onlayn sərgi və sərginin katoloqu, seçilənlərin sayı, ən fəal tədris mərkəzlərinin adları ilə birlikdə paylaşılacaq.
Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük verilib, müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya və mövzu seçimi nəzərə alınıb.
Əgər müsabiqənin münsiflərinin seçimlərindən narazı qalanlar olarsa (müəllim, valideyn və şagird) onlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində xsm.2016@mail.ru e-mail ünvanına müraciət edə bilər və təyin olunmuş bir vaxtda münsif üzvünün nəzarəti ilə rəsm çəkməklə özünü təsdiq edə bilər.
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.