- Mədəniyyət

Azərbaycan İstiqlal Muzeyində şəhidlərə həsr olunmuş sərgi açılıb

Oktyabrın 19-da Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün” silsilə tədbirlər çərçivəsində sərgi açılıb. Layihənin ilk sərgisində şəhidlər, Vətən Müharibəsi Qəhrəmanı polkovnik– leytenant Orxan Əkbərov, kapitanlar Arzu İsgəndərov və Samid Əsgərovun şəxsi əşyaları nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli, ehtiyatda olan polkovnik Şair Ramaldanov, şəhid kapitan Arzu İsgəndərovun qardaşı Vətən müharibəsi iştirakçısı qazi Amil İsgəndərov, Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Orxan Əkbərovun əmisi Yusif Əkbərov, şəhid kapitan Samid Əsgərovun anası Sevinc Əsgərova və şəhidin döyüş yoldaşı gizir Amil Əbilov çıxış etdilər.

Sonda Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun qızı atasıyla bağlı təəssüratlarını bölüşüb. Tədbirin sonunda şəhidlərə məxsus hərbi geyimlər, döyüş yolunu əks etdirən fotolar və digər şəxsi əşyalar sərgilənib. Sərgi oktyabrın 23-dək açıq olacaq.

Tədbirdə Şəhid ailələri, Dövlət Sərhəd Xidməti Akademiyasının kursantları, Nizami rayonu 10 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, eləcə də digər qonaqlar iştirak ediblər.