Ümumdünya Kulinariya Təşkilatları Birliyi 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda hər il oktyabrın 20-nin Beynəlxalq Kulinariya Günü kimi keçirilməsi haqda qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Kulinariya Günü Azərbaycanda 2007-ci ildən etibarən hər il təntənəli şəkildə qeyd olunur. Bu günün ölkəmizdə keçirilməsi gənc nəslin Azərbaycanın milli kulinariyasının sirlərinə yaxından bələd olması və ölkənin hüdudlarından kənarda milli mətbəx nümunələrimizin təbliği və tanınması baxımından olduqca əhəmiyyətlidir.
Hər xalqın özünəməxsus tarixi, ədəbiyyatı, folkloru, milli adət-ənənəsi olduğu kimi, özünəməxsus mətbəxi də mövcuddur. Xalqımızın milli mətbəx mədəniyyətinin öyrənilməsi və təbliği məqsədilə 1991-ci ildə yaradılan Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən son illərdə böyük işlər görülüb. Mərkəz 1992-ci ildən Ümumdünya Kulinariya Təşkilatları Birliyinin üzvüdür. Ölkəmiz MDB məkanında və Türk dünyasında bu quruma qəbul edilən ilk dövlətdir. Milli Kulinariya Mərkəzi yarandığı gündən aparıcı kulinarları, səliqə-sahmanı və bu sahədə yaradıcılıq fantaziyası olan mütəxəssisləri ətrafında birləşdirib. Məhz bunun nəticəsidir ki, 1993-cü ildə Azərbaycanın milli komandası ilk dəfə Maltada keçirilən Dünya Kulinariya Çempionatına qoşulub və qızıl medalla Vətənə dönüb.
Qatıldığı bütün yarışlarda birinciliyi əldən verməyən milli kulinariya ustalarımız dünyanın bir neçə ölkəsində xalqımıza məxsus zəngin mətbəx mədəniyyətini nümayiş etdirib. Hətta Malta Prezidenti Qvide de Marko, İngiltərə şahzadəsi Anna azərbaycanlı kulinarların əl qabiliyyətinə heyran qalaraq onları mükafatlandırıblar.
Ölkəmiz 1998-ci ildən UNESCO-nun Xalq Yaradıcılığı Təşkilatının da üzvüdür. Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov həm də UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədridir.