- Mədəniyyət

“Qarabağ şikəstəsi”nin fortepiano kompozisiyası ictimaiyyətə təqdim edilib

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə Oman Sultanlığında yaşayan həmvətənimiz, Sultan Qabus Universitetinin dosenti Vüsalə Əmirbəyovanın ifasında şanlı qələbəmiz münasibətilə “Qarabağ şikəstəsi”nin fortepiano kompozisiyası ictimaiyyətə təqdim edilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində bu ölkədə fəaliyyət göstərən azərbaycanlı icması ilə görüş zamanı səsləndirilən əsər böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Oman Sultanlığının paytaxtı Maskatda yaşayan azərbaycanlı musiqiçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Əmirbəyova Yaponiya, Sinqapur, Tailand, Rusiya, Almaniya, Böyük Britaniya kimi ölkələrdə keçirilən beynəlxalq festivallarda Azərbaycanı təmsil edərək bir çox mükafatlara layiq görülüb. Beynəlxalq konfranslarda görkəmli Azərbaycan bəstəkarları Üzəyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Cövdət Hacıyev yaradıcılığı ilə bağlı təqdimatlarla çıxış edib.