- Mədəniyyət

Teatr Muzeyi yeni layihəyə başlayıb

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi “Azərbaycan gəncliyi 2017-2021–ci illərdə” Dövlət Proqramına uyğun olaraq “Mən və incəsənət” adlı növbəti yeni layihəyə start verib.

Teatr Muzeyindən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi yetişən gəncliyi müxtəlif mövzular ətrafında sənət aləmindən hali etmək və onların düşüncə hüdudlarını genişləndirməkdir.

Oktyabrın 21-də Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin iştirakı ilə Teatr Muzeyində keçirilən ustad dərsi gənclərin rəsm əsərlərini duymaq, anlamaq, yozmaq bacarıqlarını üzə çıxarmağa və inkişaf etdirməyə yönəlib.

Ustad dərsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edib. Muzeyi ziyarət edən gənclər əvvəlcə muzeyin ekspozisiyası ilə tanış olublar. Daha sonra Z.Əliyev təsviri sənətlə bağlı geniş söhbət aparıb və slaydlar vasitəsilə onları bu sənətin sirlərindən agah edib.

COVID-19 pandemiyası ilə əlaqədar tədbirdə məhdud sayda tələbə iştirak edib, sosial məsafə, sanitar-gigiyena qaydalarına əməl olunub.

Teatr sintez sənət növü kimi özündə ədəbiyyatın və incəsənətin bir çox sahələrini birləşdirdiyindən sənətlə bağlı müxtəlif mövzularda ustad dərsləri davam etdiriləcək.