- Mədəniyyət

Azərbaycanla Qaraqalpaq Respublikası arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə olunub

Özbəkistanın Qaraqalpaqstan Respublikasında və Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Qaraqalpaqstan Nazirlər Kabinetinin sədri Kahraman Sariyev Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, səfirliyimizin birinci katibi Samir Abbasovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə özbək alim, tarixçi Şuxrat Salamov da iştirak edib.

Görüşdə qarşılıqlı əlaqələrlə bağlı mövcud vəziyyət, mədəni əməkdaşlıq, gələcək planlar barədə fikir mübadiləsi aparılıb.

Kahraman Sariyev Qaraqalpaq Respublikasının tarixi, mədəniyyəti, Azərbaycanla tarixi əlaqələri barədə danışıb, Özbəkistan və Azərbaycan Prezidentləri Şavkat Mirziyoyev və İlham Əliyev arasında olan dostluq əlaqələri, dövlət başçılarının görüşləri barədə məlumat verib. O, ilk dəfə olaraq Qaraqalpaqstanda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini yüksək qiymətləndirib, Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.

K.Sariyev Qaraqalpaqstanın mərkəzi Nukus şəhəri, habelə respublikanın Maynak şəhərindən Azərbaycana reyslərin açılması, azərbaycanlı iş adamlarının Qaraqalpaqstandakı layihələrdə iştirakı, buranın neft-qaz sahəsinə Azərbaycan investisiyalarının yatırılması təklifini irəli sürüb və bu təkliflərin Azərbaycan rəhbərliyinə çatdırılmasını xahiş edib.

Qənirə Paşayeva ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıq, dövlət başçıları arasında səmimi görüşlər barədə danışıb, mədəniyyət günlərinin keçiriliməsinin əsas məqsədinin əlaqələrin daha da genişlənməsi, milli mədəniyyətimizin tanıdılması olduğunu bildirib. O, mədəniyyət günləri çərçivəsində maraqlı görüşlərin keçirildiyini, Qaraqalpaqstanla əməkdaşlığın genişlənləndirilməsinin xüsusi əhəmiyyətini qeyd edib. Qənirə Paşayeva Türk dünyası arasında həmrəyliyin daha da genişləndirilməsi, mədəniyyətlə yanaşı təhsil, media, iqtisadi əlaqələrin gücləndirilməsinin vacib olduğunu vurğulayıb, Qaraqalpaqstanla Azərbaycanın regionları arasında əməkdaşlığın yaradılması üçün çalışacağını qeyd edib.

Komitə sədri rəhbərlik etdiyi Avrasiya İnstitutu və Fondu vasitəsilə Qaraqalpaq ədəbiyyatı antalogiyası və folklorunun Azərbaycan dilində nəşrini öz üzərinə götürdüyünü bildirib.

Samir Abbasov rəhbərlik etdiyi qurum tərəfindən təşkil olunan Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində keçirilən tədbirlər haqqında məlumat verib. O, Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması, dövlətlərimiz arasında yüksək səviyyədə əməkdaşlıq əlaqələri haqqında danışaraq Azərbaycanın 30 il Ermənistan işğalı altında qalan torpaqlarının azad edildiyini, bu ərazilərdə Ermənistan tərəfindən bütün infrastrukturun, tarixi abidələrin dağıdıldığını bildirib. Hazırda işğaldan azad olunan ərazilərdə geniş quruculuq işlərinin aparıldığını, habelə Özbəkistanın Azərbaycana göstərilən dəstəyini xüsusi qeyd edib.

S.Abbasov ikitərəfli əməkdaşlığı genişləndirmək məqsədilə Azərbaycan universitetləri ilə Qaraqalpaqstan universitetləri arasında əlaqələrin yaradılması, müəllim və tələbə mübadilələrinin həyata keçirilməsi, Azərbaycan jurnalistlərinin Qaraqalpaqstana mediaturunun, Qaraqalpaq incəsənət ustalarının Azərbaycana səfərlərinin təşkili, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, “İpək yolu ilə turizm” layihəsi çərçivəsində Azərbaycanla əlaqələrin yaradılması təklifləri ilə çıxış edib.

Q.Paşayeva Azərbaycan Dövlət Pedaqoji Universiteti və Xəzər Universiteti ilə Nukus Dövlət Pedaqoji Universiteti arasında əlaqələrin yaradılmasına, mədəniyyətlə bağlı müxtəlif tədbirlərin keçirilməsinə, Qaraqalpaqstan şairlərini Azərbaycana dəvət edərək ədəbiyyat günlərinin təşkilinə dəstək olacağını bildirib.

K.Sariyev Azərbycan nümayəndə heyətinin təkliflərini yüksək qiymətləndirib, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi münasibətilə qonaqları təbrik edib. O, Qənirə Paşayevanı Qaraqalpaqstanın Azərbaycanda mədəniyyət elçisi kimi görmək arzusunu bildirib, Azərbaycan jurnalistlərinin Qaraqalpaqstana mediaturuna dəstək göstərəcəyini, AMM-nin təşkilatçılığı ilə gələcəkdə Azərbaycanla Qaraqalpaqstan Respublikası arasında əlaqələrin yüksək səviyyəyə çatdırılacağına inamını ifadə edib.

Sonda Qaraqalpaqstan hökumətinin rəhbərinə Azərbaycan nümayəndə heyəti tərəfindən milli xalçamız hədiyyə olunub.