Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Kamil Əliyevin 100 illiyinə həsr olunmuş “Kamil Əliyev: rəssam və dövr” sərgisi çərçivəsində rəssamlıq və dekorativ-tətbiqi sənət üzrə təhsil alan tələbələr üçün silsilə ustad dərslərinə başlanılıb.
Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, dərslərdə görkəmli sənətkarın yaradıcılığı, ornamental üslubu, yaratdığı xalçaların texniki xüsusiyyətləri və koloriti, müraciət etdiyi mövzular barədə muzey əməkdaşları tərəfindən ətraflı məlumat verilib. Ustad dərsləri üçün bütün ləvazimatlar muzey tərəfindən təmin olunub.
Qeyd edək ki, hər həftənin dördüncü günü təşkil olunacaq ustad dərslərində, həmçinin iştirakçılara Xalq rəssamının əsərləri əsasında eskizlərin hazırlanması da öyrədiləcək.