- Köşə

O göyərçini bağışlaya bilmərəm  

Vasif SADIQLI

İnsanlarda heç nəyə, heç kimə inam qalmayıb. Qətiyyən, əsla, heç bir cınnaca da, bir cıqqılı da. Hamısı yalançıdı, hammmmmısı… Dağı, daşı, çölü, quşu, Raysı, Buşu…  Quşa sonradan gələcəyik.

Əvvəlcə heyvanatdan başlayaq. Bir siçanım var. Mətbəxdə, əslinə inkoqnito rejimində yaşamağa üstünlük verir. İşini elə planlayıb ki, vaxtaşırı evə gələn pişiklərlə eyni vaxtda çıxmır. Qəlyanaltısını sübh azanından bir qədər əvvəl edir, sonra harda veyillənidiyini bilmirəm, bir də gecə günortasına çıxanda görürəm ki, yulaflı peçenyenin birinin böyrünü yontalayıb. Arada iş başında yaxalayanda özünü o yerə qoymur, tavan və divarın suvağı uçub tökülmüş yerləri qəmgin şəkildə süzüb məzəmmətlə mən baxır və başını bulayır. Guya evin təmirsiz olmasından narahatdır, canı yanır. Əslində soyuducunun üstündəki peçenyeyə dadanıb…  Ay səni, yalançı səni…

Yaşadığımız bina cındırından cin hürkən bir “Xruşşovka”dır. Çox yaxşı yerdə lövbər atıb. Amma ətrafda tikilmiş modern çoxmərtəbəli binaların arasında özünü qabağında hipermarket tikilmiş “budka” kimi hiss edir. Bina o qədər köhnədir ki, hamı sökülməsini istəyir. O qədər keyfiyyətsizdir ki, yuxarıda yeriyən qonşunun cinsini, yaşını, çəkisini, yastıdabanlıq olub-olmamasını müəyyən etmək olur. Şaqraq gülüşlər, hətta həzin nalələr bütün qonşular tərəfindən eşidilir. Bir dəfə sabiq mədəniyyət nazirinin “Ziyalılarımızın EHTİRAS səsləri eşidilməkdədir” sözlərini eşidəndə elə qəhqəhə çəkmişdim ki, qonşunun uşağı səksənib ağlamağa başlamışdı.

Həri. Bir dəfə də otağın tavanından su axmağa başlamışdı. Gətirib qab-qacaq qoydum, sonra çıxıb üst qonşunun qapısını döyüb məzəmmətlə baxdım. Üst qonşu nəzakətlə tavanını göstərdi. Onlara da yuxarıdan axırmış. Sonra həmin qonşu dördüncü mərtəbəyə çıxıb üst qonşusunun qapısını nəzakətlə döyüb məzəmmətlə baxdı. Orda da su damırdı. O qonşu da 5-ci mərtəbəyə çıxıb eyni baxışla baxmaq istədi. Amma heyhat! Həmin qonşu evdə yox imiş…

Dəfələrlə xəbər yayılıb ki, binamızı sökəcəklər. Heç kəs inanmır, mən inanır və sevinirəm. Axırda qonşuda müdrik kişidən soruşdum. Tanımamış olmazsınız, yoldan keçən hər kəsə salam verir. Sonra gedib girir “Bravo” marketə, şairanə bir poza alıb sifətinə xoş xəbər alımış kimi bir təbəssüm verib ucadan: “Bravo gözəllərinə eşq olsun!” hayqırır. Kassir qızların təbəssümünün müşayiəti ilə bir-iki bənd şeir deyib çıxır, sarışın kassirin yanağında gülüşdən çökək yarananda mən də çıxıram.
Bir gün qabağını kəsib dedim: “Ay qonşu, sən oxumuş adamsan, o qədər şeir bilirsən, bizim binanı bu il sökəcəklərmi?
Əvvəlcə “nırç” eləyib sonra qayıtdı: “Şağsan, binanı tam remont eləməmiş sökərlər?”. 3 il əvvəl binanı xaricdən və daxildən tam təmir elədilər, seyf qapılar qoydular, sonra telefon xətlərini dəyişib fiberoptik kabel qoydular. Amma binanı sökmədilər. O gün yenə rastlaşdıq, yenə “nırç” eləyib dedi. Hələ su sayğacları mənzildən bayıra çıxarılmayıb, elektrik xətləri yenilənməyib. Demək, bina sökülməyəcək… Şoğəriblər məni aldadırmış.

Bir bankir var, tanımamış olmazsınız. Başının qulaq ətrafı və ənsə nayihəsindəki intensiv bitişli tüklərin bir hissəsini uzadıb başının ortasındakı daz hissəni örtür. Neçə il əvvəl bir dəfə TV-də dedi ki, Azərbaycanda inflyasiya olmayacaq. Mən də inandım. Amma bir gün sonra devalvasiya oldu. Bu günlərdə adamlar yenə təşviş içindədir. Hamı qorxur ki, həmin kişi yenə TV-yə çıxıb “Azərbaycanda inflyasiya olmayacaq” deyər və inflyasiya olar. Bir sözlə, hamı aldadır və mən davamlı olaraq inanıram.

Hamısı heç, bir dəfə bir göyərçin aldatmşdı məni. Sabunçu vağzalının qarşısında bir tanışla söhbət edirdik, nagah bir göyərçin necə dəqiq tuşladısa, ikimizin də çiyninə nişanə qoydu. “İlin-ayın bu vaxtın vəzifə hardan çıxdı?” deyə təəccübləndik. Olmadı. Bir neçə ay sonra həmin dostumuzu həbs etdilər. Mənsə, şükür, azadlıqdayam. Amma nə pul var, nə də vəzifə. O göyərçini bağışlaya bilmərəm… Mən ona çox inanmışdım. Axı sən göyərçinsən, niyə özünü adam kimi aparırsan?

Bir dəfə Təməldən soruşurlar ki, gözəl olmaq yaxşıdır, yoxsa abdal?
Təməl cavab verir:
-Abdal.
-Niyə?
-Gözəllik müvəqqətidir, bu gün var, sabah yox…
Məncə, sadəlövh olub aldanmaq “julik” olub aldatmaqdan daha yaxşıdır. Bir vaxtlar Seneka yazırdı: “Hər şeyə inanmaq və heç nəyə inanmamaq – hər ikisi nöqsandır. Birincisi nəcib, ikincisi zərərsiz nöqsan”. Aldatmaqla aldanmaq alternativi arasında qalsaq, Allah bizi aldadanlardan yox, aldananlardan eləsin.

Amin, amin deyənlər didar görsün.
Azıb gələn qəzanı Allah sovuşdursun, xanım, hey!

Xeyirli cümələr…