- Köşə, Manşet

Bakının “Red Light District” müşkülü: 11 ay əvvəl yeddi deputata müraciət etmişdik

Vasif SADIQLI

Bu barədə ötən il yazmışdıq. Düz on bir ay keçir. Heç nə dəyişməyib. Dəyişən koronavirusdur, mutasiya olunur, dondan-dona girir. Əlövsət Quliyev küçəsi isə dəyişməyib. “Amsterdam hostel” də. Yenə əvvəlki yerindədir. Bakının göbəyində. Yenə “hostel”dir. Yenə önünə qırmızı hərflərlə “Red Light District” yazılıb. Bunun tərcüməsi “qırmızı işıq rayonu”, “qırmızı fənərlər məhəlləsi”, yəni (çox-çox üzr istəyirik) pozğun qadınlar rayonu deməkdir. Bu yazı əcnəbiləri, yəqin ki, son vaxtlar viza rejiminin yumşaldılması ilə əlaqədar Bakıya axın edən turistləri cəlb etmək üçün reklam kimi verilib. Məsələ ilə bağlı millət vəkillərinə müraciət etdik. Məktubda deyilirdi:

“Sizə göndərilən foto Bakıda Əlövsət Quliyev küçəsində çəkilib. Lövhədə “Amsterdam hostel” yazılıb. “Hostel” balaca otel deməkdir. Qırmızı hərflərlə isə “Red Light District” yazılıb. Bunun tərcüməsi “qırmızı işıq rayonu”, “qırmızı fənərlər məhəlləsi”, yəni (çox-çox üzr istəyirik) pozğun qadınlar rayonu deməkdir. Bu yazı əcnəbiləri, yəqin ki, son vaxtlar viza rejiminin yumşaldılması ilə əlaqədar Bakıya axın edən turistləri cəlb etmək üçün reklam kimi verilib.

Hostelin “Amsterdam” adlandırılması da təsadüfi deyil. Deyilənə görə, bu ənənə XVII əsrdə Amsterdamda yaranıb. İntim xidmət göstərən qadınlar əllərində içməli su və qırmızı fənər gəzdirər, bununla hər kəs üçün əlçatan olduqlarına işarə edərdilər. Çox yüksək maaş alan və uzun müddət dənizdə olan dənizçilər şəhərə qayıdanda artıq əlçatan tərəfdaş tapmaq üçün dağa-daşa düşməzdilər. Sonrakı dövrlərdə qırmızı fənərlər məlum xidmət obyektlərində qırmızı işığa çevrilir. Nəhayət, tərsanəyə yaxın olan ərazi qırmızı fənərlər rayonu kimi məşhurlaşır. O vaxtdan qırmızı fənərlər rayonu məlum mənada işlənir və mənası çox geniş auditoriya tərəfindən anlaşılır.

Konkret halda hansısa, yəqin ki, azərbaycanlı bir biznesmen öz vətənində belə bir biznesə başlayıb. Bakının göbəyində bir ərazi “qırmızı fənərlər məhəlləsi” elan edillb. Görəsən, bu ərazidə yaşayan sakinlər bu obyekt sahibinin onların yaşadığı ərazini pozğun qadınlar rayonu elan etdiyindən xəbərdardırmı?
AR Cinayət Məcəlləsinin 244-cü maddəsinə görə, əxlaqsızlıq yuvaları saxlama cinayət məsuliyyəti doğurduğu halda belə bir obyektin açıq şəkildə əxlaqsızlıq təklif etməsi və şəhərin bir ərazisini “qırmızı fənərlər məhəlləsi” elan etməsi ilə bağlı nəyə görə tədbir görülmür? Bununla bağlı MM-də məsələ qaldırmaq və ya DİN-ə deputat sorğusu göndərmək olarmı? Öncədən təşəkkürlər. ”
Amma bu günədək cavab almamışıq. Bir neçə il əvvəl AMEA Dilçilik İnstitutu Bakının mərkəzində dövlət dilindən istifadənin monitorinqini keçirmişdi. Monitorinq şöbəsinin əməkdaşının sözlərinə görə, Nizami küçəsindəki vəziyyət barədə BŞİH-nə müraciət ediblər. İcra Hakimiyyətində məsul bir şəxs onlara deyib, bu obyektlər elə şəxslərə məxsusdur ki, BŞİH onlara təzyiq edə bilmir. Görünür, bu mübhəm sükutun da məntiqi var: Bakının mərkəzində belə obyekti sıravi adam aça bilməz. Elə isə susmaq məsləhətdir.

Dinimizdə fərzi-ayn və fərzi-kifayə deyilən anlayışlar var. Sadə şəkildə izah etməyə çalışaq. Tutalım, bir nəfər dayanıb və yoldan keçən bir nəfər ona salam verir. Bu halda salamı almaq fərzi-ayndır. Əgər yeddi nəfər dayanıbsa və yoldan keçən, tanımadıqları bir nəfər onlara salam verirsə, onun salamını ən azı bir nəfər almalıdır. Heç kəs almasa, o yeddi nəfərin hamısı günaha batır.
Bunu da elə-belə yazdım…