990-cı il yanvarın 20-də baş vermiş qanlı faciədən 32 il ötür. Hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilən 20 Yanvar Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini və bu yoldan dönməyəcəyini təcəssüm etdirir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər il 20 yanvar tarixində Ümumxalq Hüzn Günü ilə əlaqədar müxtəlif layihələr gerçəkləşdirərək bu faciəvi hadisələri və şəhidləri yad edir. O qanlı gecədəki hadisələri, Azərbaycan xalqının qəhrəmanlığını bir daha xatırlatmaq üçün İçərişəhərin Böyük Qala küçəsində, Qoşa Qala qapısı yaxınlığında ötən əsrin 90-cı illərinin üslubunda dekorasiya edilmiş bir ev maketi qurulub.
AZƏRTAC xəbər verir ki, maketin interyerində həmin dövrə aid xırda elementlər, televizor monitorunda 20 Yanvar hadisələrini 1990-cı ildə işıqlandıran xəbərlər, verilişlər və çıxışlardan yığılmış videoçarx təqdim edilib.
Paytaxt sakinləri və qonaqlar yaradılmış instalyasiyaya baxıblar.