Yanvarın 19-da Azərbaycan İstiqlal Muzeyində “20 Yanvar – Milli qürur dastanı” adlı tədbir-sərgi keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd gələcək nəslin keçmişinə sadiq vətənpərvər ruhda böyüməsi, milli iradəmizin zəfər çaldığı o günü unutmamasıdır.
Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, 32 il öncə yanvarın 19-dan 20-sinə keçən gecə doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur. Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin uyuduqları Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerimizə çevrilib. Hər il on minlərlə insan bu and yerini ziyarət edərək əbədiyaşar şəhidlərimizin xatirəsini ehtiramla anırlar.
Tədbirdə Təhsil Nazirliyinin 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin hazırladığı “Azadlığa gedən yolun zirvəsi” adlı bədii kompozisiya təqdim edilib.
Sonda tədbir iştirakçıları 6-17 yaş aralığında olan “EDUGrata” və “Lider Land” kurslarının şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular. Sərgidə nümayiş olunan bir-birindən fərqli 18 rəsm əsərində gələcəyin bacarıqlı rəssamlarının vətəninə, tarixinə bağlılığı öz təzahürünü tapıb. Hər bir rəsm əsərinin müəllifinə təşəkkürnamə və muzey tərəfindən çap edilmiş 20 Yanvar kataloqu hədiyyə edilib.