Zaqrebdə Azərbaycanın Xorvatiyadakı səfirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Nizamini oxuyaq” kitab-albomunun təqdimatı keçirilib.
Xorvatiya Mədəniyyət Cəmiyyətinin əsas zalında təşkil olunan tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov “Nizamini oxuyaq” kitab-albomunun təşkilat tərəfindən ingilis dilində çapdan çıxdığını deyib. Qeyd edib ki, TÜRKSOY Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileyinin qeyd olunması və təbliğində yaxından iştirak edir.
Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov Nizami Gəncəvinin fenomen olaraq təkcə ölkəmiz üçün yox, bütün türk dünyası üçün örnək olduğunu deyib. Səfir qeyd edib ki, dahi şairin yaşadığı dövrdən əsrlər sonra türk dünyasının, eləcə də Yaxın Şərq coğrafiyasının mütəfəkkirləri onun əsərlərindən ilhamlanaraq gözəl yaradıcılıq nümunələri ortaya qoyublar.
Xorvatiyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü İvo Yosipoviç Nizaminin fəlsəfəsi, humanizm ideyaları, ədalətli cəmiyyət barədə fikirlərinin XVIII əsrin Avropa filosofları tərəfindən də təbliğ olunduğunu bildiriblər. Qeyd olunub ki, Nizami Gəncəvinin əsərlərinin əlyazmaları bu gün dünyanın aparıcı kitabxanalarında və muzeylərində saxlanılır.
Tədbir iştirakçıları daha sonra Nizami Gəncəviyə həsr edilən sərgi ilə tanış olublar. Tədbirin sonunda dahi Nizaminin sözlərinə yazılmış romanslardan ibarət konsert proqramı təqdim olunub.