Çində və dünyada milyonlarla oxucusu olan nüfuzlu “China Daily” qəzeti “Lavaş – Azərbaycanda nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti UNESCO tərəfindən tanınıb” adlı məqalə yayıb.
AZƏRTAC-ın mövzu ilə bağlı materialına istinad edən məqalədə müxtəlif türk yazılı mənbələrində tez-tez rast gəlinən lavaşın tarixindən, Azərbaycanda lavaş hazırlanması ənənəsinin keçmişindən söz açılıb.
Qeyd olunub ki, Azərbaycanda lavaş çörəyi hazırlanması barədə məlumatlara XI əsrdə yaşamış türk dünyasının böyük dilçi alimi Mahmud Kaşğarinin “Divani lüğat-it-türk” adlı lüğətində, oğuz dastanı “Dədə Qorqud”da, habelə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Xəqani Şirvaninin əsərlərində rast gəlinir.
Bildirilib ki, hazırda lavaş Azərbaycanda təkcə təndirdə deyil, habelə sac üzərində bişirilir.
Məqalədə çörəyin Azərbaycanda tarixən bolluq və bərəkət rəmzi olduğu, lavaş bişirmə ənənəsinin nəsildən-nəsilə keçərək, qorunduğu vurğulanıb. Qeyd olunub ki, çörək ənənəsinin qorunması məqsədilə Ağdamda vaxtilə Çörək Muzeyi də açılıb.
“China Daily” yazır ki, 2016-cı ildə Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyanda Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən “Lavaş, Katırma, Jupka, Yufka – nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə 350 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur.
AZƏRTAC-ın “China Daily” qəzeti ilə informasiya mübadiləsi, layihələrə qarşılıqlı dəstək də daxil olmaqla sıx əməkdaşlıq əlaqələri mövcuddur. Agentliyin materiallarını öz kanalları ilə mütəmadi yayan qəzet ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar haqqında AZƏRTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib.