- Mədəniyyət

Şuşa xalçaları ilə bağlı tədbir keçirilib

Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsi qədim şəhərimizin mədəni mirasına həsr olunan müxtəlif təqdimatlarla davam edir.

Nazirlikdən 525.az-a bildirilib ki, layihənin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa xalça qrupuna həsr olunub.

Qədim zamanlardan Azərbaycanın əlverişli iqlim şəraiti burada xalçaçılığın inkişafına təkan verib. Arxeoloji tapıntılar və tarixi yazılı abidələr göstərir ki, Azərbaycan ərazisində eramızdan əvvəl II minillikdə insanlar xalça və xalça məmulatı toxuyaraq öz zərifliyi, gözəlliyi ilə seçilən müxtəlif əşyalar hazırlayıblar.

Qarabağ tipinə Şuşa, Qarabağ və Cəbrayıl xalça qrupları aiddir. Şuşa qrupuna aid “Malıbəyli”, “Ləmpə”, “Bağçada güllər”, “Bulud”, “Saxsıda güllər” və “Nəlbəki gül” xalçaları hündür xovu, əlvan, şux koloriti, çox nazik, incə toxunuşu ilə seçilir.