- Müsahibə

“Nədimələr” – “Bir rəsmin dedikləri” rubrikası

“Bir rəsmin dedikləri” rubrikasının budəfəki qonağı Sənubər Hacıyeva İlyaslıdır. Sənubər xanımla Velaskesin “Nədimələr” əsəri haqqında danışmışıq.

Dieqo Velaskes 1599-cu ildə İspaniyanın Sevilya şəhərində çox da varlı olmayan portuqal mənşəli mülkədar ailəsində dünyaya gəlib. Onun anadan olduğu tarix dəqiq məlum deyil. O, barokko dövrünün ən məhsuldar və məşhur rəssamlarından idi. Rəssamın əsərlərində reallıq və təbiilik hər zaman ön planda olub. Saray rəssamı olduğu üçün kral və kraliçanı, saray məişət həyatını daha çox təsvir edib.

***

– Sənubər xanım, “Nədimələr” əsərinin yaranması, tarixi, əsərdə təsvir olunan personajlar haqqında nə bilirik?

– Əsər incəsənət tarixinin ən çox müzakirə olunan və hələ də tam şəkildə anlaşılmamış ən məşhur tablolarındandır. Məkan planlarının, havanın və işığın hərəkətiylə doldurulmuş 11 portretli “Nədimələr” əsərində saray məişətinin xüsusi epizodu həyatın ümumi axınının anlarından biri kimi təsvir olunub. Bu əsər portretdən çox məişət janrına yaxındır. Çünki tabloda sarayda hansısa bir an təsvir olunub.

Kompozisiyada rəssamın emalatxanasında Velaskesin özünü, kral və kraliçanı, 6 yaşlı şahzadə İnfanta Marqaritanı, onun köməkçilərini, liliput təlxəyi, saray işçilərini, iti və digər fiqurları görürük. Rəssamın yaradıcılığında təlxək obrazına çox rast gəlinir. Əsər haqqında bir çox fikirlər var. Bu, əsasən tabloda əsəri işləyən rəssam Velaskes, onun arxasındakı güzgüdə təsvir olunmuş kral və kraliça surətləri ilə bağlıdır. Bir fərziyyəyə görə, rəssam əsərdə bizim gördüyümüz kompozisiyanı işləyir. Bir qrup sənətşünasların fikrincə isə Velaskes burada kral və kraliçanın portretlərini çəkib və güzgüdə əks olunan da elə budur. Üçüncü bir fərziyyəyə görə, rəssam IV Filipp və həyat yoldaşının portretlərini çəkib, lakin onlar hələ də orada qalmaqdadırlar.

Əsər dəzgah rəngkarlığında yağlı boya texnikası ilə işlənib. Kompozisiya üfüqi formatdadır. Bu rəngkarlıq nümunəsini daha yaxşı anlaya bilmək üçün ona uzaq məsafədən baxmaq daha əlverişlidir. Əsərin sujeti ilə bağlı fərziyyələrə gəldikdə isə, belə bir fikir irəli sürülür ki, IV Filipp və həyat yoldaşı hələ də otaqdadırlar və şahzadə də elə buna görə ayaqüstə hazır vəziyyətdə durub. Digər fərziyyəyə görə, şahzadənin köməkçiləri onu kral və kraliçanın hüzuruna çıxmaq üçün hazırlayırlar. Fon tünd rəngdə olduğundan açıq rəngli geyimlərdə təsvir olunmuş fiqurlar daha çox gözə çarpır.

– Fiqurların əksəriyyəti ön planda təsvir olunub. Niyə?

– Çünki kompozisiyada göz səviyyəsində olan nöqteyi-nəzəriyyədən istifadə olunub. Bu rəngkarlıq əsərindəki hərəkət infantaya tərəf yönləndirilib. D.Velaskes perspektivaya çox önəm verdiyindən əsərdəki mükəmməl perspektivanı müxtəlif üsullarla yaradıb, güzgü və arxadakı açıq qapı vasitəsilə əsərdə dərinliyi əldə edə bilib. Bəzi mənbələrə görə, əsərdəki perspektiva fotoqrafik dəqiqliyə də uyğun gəlir. Arxada – qapının yanında dayanan şəxs isə kraliçanın toxuculuq emalatxanasına rəhbərlik edən Nientodur. Mənim fikrimcə, rəssam onun obrazını əsərə məhz dərinlik qatmaq, qapı tərəfinin boş qalmaması üçün əlavə edib. O həm də kompozisiyanın mərkəzi hesab olunur.

Kompozisiyadakı həcmlilik illuziyası şahzadənin və köməkçilərinin geyimlərinin böyüklüyündə öz əksini tapıb. İşıq günəş işığı kimi təsvir olunub və ön plandakı obrazları işıqlandırır. Ümumiyyətlə, Dieqo Velaskesin yaradıcılığında rəssam Karavacco tərəfindən rəngkarlığa gətirilən işıq-kölgə vurğulanmasına çox rast gəlinir. “Nədimələr”də təsvir detallaşdırılmış şəkildədir. Rəssam xırdalıqlara çox önəm verərək geyimlərdə yeni və köhnəliyin təzadını yaradıb. Şahzadənin geyimi ilə xidmətçilərinin geyimləri və detallardakı fərq aydın hiss olunur.

– Rəssamın özünün geyimindəki qırmızı xaç da diqqəti cəlb edir.

– Dieqo Velaskes bu xaçı vurğulamaq üçün geyimini qara rəngə boyayıb. Qara üzərindəki qırmızı isə bütün dövrlərdə cəlbedici olub. Əsərin 1656-cı ildə çəkilməsinə baxmayaraq, rəssam Santyaqo cəngavərlərinin nişanəsi olan bu xaçı vurğulamaq istəyib.  Burada maraqlı nüans odur ki, bu ad ona 1659-cu ildə verilib. Xaçın oraya kralın sifarişi ilə rəssamın ölümündən sonra əlavə olunduğu fikri fərziyyələr arasında olsa da, xaç və geyimin rəngləri üzərində aparılan boya analizi zamanı hər iki rəngin arasında zaman fərqi olmadığı ortaya çıxıb.

– Əsərin rəng koloriti haqqında nə deyə bilərsiniz?

– Əsərdə əlavə rənglərdən daha çox istifadə olunub. Qara rəngin ritmik təkrarı hiss edilir. Burada kolorit rəsmi özünə tabe edib və kompozisiya yaradıb. Çalarlı koloritdən istifadə olunan tabloda rəng keçidləri yumşaqdır.

– Əsərdə IV Filip və kraliçanın aynada kiçik təsviri var. Maraqlıdır, D.Velaskes buna görə kral tərəfindən cəzalandırılmayıb ki?

– Yox, cəzalandırılmayıb, çünki kral incəsənətə sayğı duyan və onu sevən bir şəxsiyyət olub. Həmin dövrdə IV Filippə ithaf olunmuş kitabda incəsənət və ideallıqla bağlı bir başlıq var. Burada incəsənətin göstəricisi olaraq boya və fırça göstərilir. Rəssamın da əlində fırça və boyanın təsvir olunması o deməkdir ki, bütün bunlar yalnız onun, yəni, incəsənətin vasitəsilə  görünür. Beləliklə, incəsənət olmasa, bu şəxslərin obrazları bilinməzdi. Bəlkə də, onlar haqqında yalnız tarix kitablarından, tarixi sənədlərdən oxuyardıq və bu necə də maraqsız olardı. Əslində elə həyatın özü də sıxıcı olardı.

– Tablo hazırda harda saxlanılır?

– Əsər Madrid şəhərindəki Prado muzeyində saxlanılır.

-Sizcə, bu əsər bizə nə deyir?

– Gündəlik həyatımızdan yorulanda musiqi dinləyir, yaxud da bir rəsmə baxırıq, bəzilərimiz nələrsə çəkirik, yazırıq. Bütün bunlarsız həyatı təsəvvür etmək çətindir.

Velaskesın bu əsəri mürəkkəb əsərdir. Hətta Pikasso rəssamın bu əsərini başa düşmək üçün onun bir neçə versiyasını çəkib.

Saray adamlarını öz emalatxanasında təsvir etməklə rəssam bəşəriyyətə incəsənətin hamının və hər şeyin fövqündə olduğunu demək istəyir. Yəni bu əsər bizə deyir ki, sənət hər şeyin fövqündə dayanır.

Aytac SAHƏD

525.az