Özbəkistanın qədim Xivə şəhərindəki məşhur “İçan-Kala” kompleksinin Köhnə Ark meydanında beynəlxalq “Ləzgi” rəqs festivalının təntənəli açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Özbəkistan Prezidentinin müşaviri Abducabbor Abduvaxidov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin festival iştirakçılarına müraciətini oxuyub.
Dövlət başçısı müraciətdə qədim Xarəzm torpağında birinci dəfə keçirilən beynəlxalq “Ləzgi” rəqs festivalının iştirakçılarını və qonaqları təbrik edib, onlara bu sənətin inkişafında uğurlar arzulayıb. Bildirilib ki, 2019-cu ildə UNESCO “Ləzgi” Xarəzm rəqsini qeyri-maddi irs siyahısına daxil edib.
Festivalda ölkəmiz Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə Beynəlxalq Muğam Mərkəzi tərəfindən təmsil olunur. BMM-ni festivalda solistlər, Əməkdar artistlər Sahib Paşazadə, Toğrul Əsədullayev, Kamran Kərimov və xanəndələr Kamilə Nəbiyeva, Mirələm Mirələmov təmsil edir. Festivaldan əlavə də BMM-nin solistlərinin Özbəkistanın müxtəlif şəhərində konsert proqramları nəzərdə tutulub.
Musiqi bayramında həmçinin Azərbaycanı Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı da təmsil edir. Tədbir çərçivəsində bir neçə gün ərzində rəqs sənətinə həsr olunan sərgilər, milli geyimlərin, xalq tətbiqi sənət nümunələrinin nümayişi, kitab yarmarkası, “Dünya rəqs sənətinin inkişafında özbək milli rəqslərinin rolu” adlı beynəlxalq konfrans da keçiriləcək.
Aprelin 30-dək davam edəcək tədbirə dünyanın 30 ölkəsindən gələn 200-ə yaxın rəqqas, musiqiçi və musiqi nəzəriyyəçisi qatılıb.