Aprelin əvvəlində 200-dən artıq ziyalı Milli Məclisin Sədri Sahibə Qafarovaya müraciət edərək Bakının küçə və prospektlərindəki reklam və lövhələrdə Azərbaycan dilindən istifadə edilməməsi, paytaxtın əcnəbi dillər tərəfindən “işğal olunması”ndan narahatlığını bildirmiş, müvafiq tədbirlər görməyə xahiş etmişdi. İki gün əvvəl həmin ziyalılardan bir neçəsi deputat Sabir Rüstəmxanlı ilə görüşüb. Bu barədə kamilinfo-ya “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin (FADMM) üzvü Pərvanə Qədirsoy məlumat verib.
Onun sözlərinə görə, görüş ziyalıların təşəbbüsü ilə baş tutub. “Öz mükəmməlliyi, zənginliyi ilə nəinki bir çox dünya xalqlarını, hətta mənsub olduğu dil qrupuna daxil olan türkdilli xalqları belə heyran qoyan ana dilimizin öz yurdunda hörmətsizliyə məruz qaldığını artıq görməmək olmur. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi və Bakı Şəhəri Reklam İdarəsinin rəhbərliyi “dövlət dilinin qorunması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirdiyini”, mövcud çatışmazlıqlarla bağlı narahatlığımızı təqdirəlayiq hesab etdiyini bildirsə də, Bakının küçələrindəki vəziyyət dəyişmir”.
P. Qədirsoy bildirib ki, indiyədək Bakının küçələrində minədək foto çəkilib və Dövlət Reklam Agentliyinə təqdim edilib. “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR qanununa (maddə 7.1.) əsasən, “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”. Amma bu Qanunun tələblərinə əməl edilmir və bu, Azərbaycan cəmiyyətində ciddi məyusluq doğurub.”
Görüşdə həmçinin “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin baş məsləhətçisi Sima Cəfərova, professor Dürdanə Rəhimzadə, dosentlər Pərvanə Məmmədli, Könül Nəhmətova iştirak edib.
“Millət vəkili bu görüşü çox yüksək qiymətləndirdi və dedi ki, dilimizin qorunması məsələsi onun üçün hər zaman həssas bir mövzudur. Bu barədə dəfələrlə məqalələr yazıb, Milli Məclisdə öz sözünü deyib. Həmçinin bildirdi ki, bu məsələni yenidən Milli Məclisdə qaldıracaq və problemin həlli üçün əlindən gələni edəcək”, – deyə Pərvanə Qədirsoy bildirib. FADMM üzvünün sözlərinə görə, ziyalılar yaxın vaxtlarda daha bir neçə deputatla görüşməyi planlaşdırırlar.
Qeyd edək ki, bundan əvvəl ziyalılar reklam və lövhələrdə dövlət dili haqqında qanuna etina edilməməsi ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə müraciət ediblər. Amma vəziyyət hələ də dəyişməyib.