Onu Azərbaycan xalqına sevdirən şeirlərindəki sadəlik, səmimilik, xalq dilinə yaxınlıq, lakin bütün bunlarla yanaşı, dərin mənalılıqdır. Şairin ədəbiyyatımızın qızıl fondunda yer almış əsərləri bu gün də poeziyamızın qiymətli inciləri sırasındadır. Səməd Vurğun cəmi 50 il yaşamasına baxmayaraq, onun ədəbi irsi özündən sonrakı Azərbaycan poeziyasına böyük təsir göstərib.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Səməd Vurğunun vəfatından 66 il ötür.
Səməd Yusif oğlu Vəkilov 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olub. Atası gözəl saz ifaçısı kimi tanınıb. Uşaqlıq illərini doğma kəndində keçirən Səməd ibtidai təhsilini rus-tatar məktəbində alıb. Onun 6 yaşı olarkən anası Məhbub xanım vəfat edib. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyüb. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım Molla Pənah Vaqifin nəslindən idi.
Şairin ilk çap əsəri olan “Cavanlara xitab” şeiri 1924-cü ildə Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc olunub. 1930-cu illərdə şairin “Könül dəftəri” və “Şeirlər” kitabları çapdan çıxıb. 1934-cü ildə yazdığı “Azərbaycan” şeiri ədəbiyyatımızın incilərindən hesab olunur. 1937-ci ildə “Vaqif”, sonrakı illərdə “Xanlar”, “Fərhad və Şirin”, “İnsan” dramlarını, “Zəncinin arzuları”, “Muğan”, “Aygün” və “Zamanın bayraqdarı” poemalarını qələmə alıb.
1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilib. 1956-cı ilin martında “Azərbaycanın Xalq şairi” fəxri adı təsis edilib və ilk dəfə bu ada Səməd Vurğun layiq görülüb.