- Mədəniyyət

  “Məktəb” jurnalının M.Ə. Sabirə həsr olunmuş xüsusi nömrəsi

     109 il əvvəl çap olunmuş xüsusi buraxılış latın qrafikası ilə yenidən işıq üzü görüb  

Böyük Azərbaycan şairi və mütəfəkkiri, milli oyanış, humanizm, müsbət ideallar və demokratik dəyərlərin fədakar carçısı M.Ə.Sabirin anadan olmasının 160 illiyi ərəfəsində “Mütərcim” nəşriyyatı “Məktəb” jurnalının qüdrətli söz ustasına həsr edilmiş xüsusi nömrəsini oxuculara təqdim etmişdir. 1913-cü ildə şairin vəfatının 2-ci ildönümünə həsr olunmuş məqalə və şeirlərdən ibarət  həmin xüsusi buraxılışın transliterasiyasını BSU-nun doktorantı Fərqanə Məlikova hazırlayaraq “Məktəb” jurnalı haqqında xüsusi məqalə ilə birlikdə çap etdirmişdir.

Buraxılışın redaktoru BDU-nun Mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğludur. Xüsusi buraxılışa giriş sözü yazan filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli bu nəşri böyük satirik şairimizin irsinə dərin ehtiram və Sabirsevərlərə  qiymətli hədiyyə kimi qiymətləndirmişdir.