- Mədəniyyət

Barat Şəkinskayanın anadan olmasından 108 il ötür

Barat Həbib xan qızı Şəkinskaya 28 iyun 1914-cü ildə Şuşada bəyzadə ailəsində anadan olub. Anası Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Atası Həbib xan, 1920-ci il, aprelin 28-də bolşeviklər Bakını zəbt edərkən qaçaq düşüb. Barat Şəkinskaya, hələ uşaq ikən 1920-ci ildə Şuşada göstərilən “Şəbih” tamaşasında Səkinə rolunda iştirak edib.O, ilk təhsilini Şuşada alıb. 1920-ci il avqustun 21-də anası uşaqları Barat, Səriyyə və Süleymanla birlikdə Şuşanı tərk edərək Ağdamın Göytəpə kəndinə gedirlər. 1923-cü ildə isə Gəncəyə köçüblər. Həmin il sentyabrın 1-də Gəncədəki 2 saylı, birinci dərəcəli qız məktəbində dərsə başlayıb. 1927-ci ildə Gəncədə pedaqoji məktəbə qəbul olunub. Həm məktəbin, həm də şəhərin müxtəlif dram dərnəklərində həvəskar aktrisa kimi çıxış etməyə başlayıb. 1933-cü il, yanvarın 7-də Gəncə türk İşçi Teatrosunun truppasına aktrisa götürülür. 1935-ci il, fevralın 23-də Lavrenti Beriya adına Gəncə Dövlət Dram Teatrından işdən çıxıb tibb təhsili almaq məqsədi ilə Bakıya gəlir. 1935-ci il, sentyabrın 1-də Akademik Milli Dram Teatrının aktyor truppasına aktrisa qəbul olunur .

Yaradıcılığının əsas dövrü 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrı ilə bağlı olub. Barat Şəkinskaya həm də Azərbaycanın ilk travisti — oğlan rolları oynayan aktrisası olub. 1937-ci il yanvarın 14-də milli teatr tariximizə “Azərbaycan səhnəsinin Cülyettası” kimi şərəfli əbədiyyət səhifəsi yazıb. Onun Gəncə teatrında Kostya, Bakıda 1939-cu ildə oynadığı Napoleon obrazları yüksək bədii-estetik məziyyətləri ilə Azərbaycan teatrı tarixinə yazılıb. 1943-cü ildə Gəncəyə qayıtdıqdan sonra buradakı Dövlət teatrının yaradıcı kollektivinə üzv olur və Bahar (“Bahar”) və Hürü (“Məhəbbət”) rollarının ifaçısı olur. 1944-cü il, dekabrın 18-də Barat Şəkinskaya köçürmə yolu ilə Gəncə teatrından Akademik Milli Dram Teatrına keçir.

1956-cı il, iyulun 12-də Barat Şəkinskaya ərizə yazaraq məzuniyyətə gedir. Lakin məzuniyyətdən sonra işə qayıtmayaraq teatrdan çıxır. Dörd il “Azərbaycanfilm” kinostudiyasında aktrisa, Filarmoniyada aparıcı, yenicə açılan televiziyada diktor işlədi. Daşkənddə keçirilən Beynəlxalq kino festivalı günlərində iştirak etmişdir.

1960-cı il, oktyabrın 27-də Mehdi Məmmədov Akademik Teatra baş rejissor təyin edildikdən sonra teatrdan getmiş bir neçə sənətkar, o cümlədən Barat Şəkinskaya

Aktrisa Moris Meterlinqin “Göy quş” (Tiltil), Şekspirin “Kral Lir” (Kardeliya), “Romeo va Cülyetta” (Cülyetta), “Otello” (Dezdemona), “On ikinci gecə” (Viola),”Polad qartal”,(Şəfiqə),Şillerin “Məkr və məhəbbət” (Luiza), Karlo Haldoninin “Mehmanxana sahibəsi” (Mirandalina), Lope de Veqanın “Rəqs müəllimi” (Florela), Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər” (Kruçinina) pyeslərinin tamaşalarında əsas rolların ifaçısı olub.Aktrisa çoxlu sayda uşaq rolları da oynayıb. Axırıncı dəfə o, uşaq rolunu 37 yaşında oynayıb. Bu, Məhəmmədhüseyn Təhmasibin “Çiçəklənən Arzular” pyesində 7-ci sinif şagirdi Nazlı rolu olub. “Azərbaycan səhnəsinin Cülyettası” deyə çağırılan Barat Şəkinskaya 1935-ci ildən xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunub.Aktrisanın iştirak etdiyi “Arxip baba və Lyonka”, “Ad günü”, “Köhnə qala”, “Çippolino”, “Buratino”, “Sirk gəlir” və onlarca bu səpkili tamaşalar Teleradio şirkətinin qızıl fondunda qorunub saxlanılır.Barat Şəkinskaya Azərbaycanın bir sıra məşhur, dillər əzbəri olan filmlərində maraqlı obrazlar canlandırıb. “Görüş” (1955), “O olmasın, bu olsun” (1956), “Qızmar günəş altında” (1957), “Kölgələr sürünür” (1958), “Qəribə əhvalat” (1960), “Telefonçu qız” (1962), “Azəri teatrının ustaları” (1966), “Evin kişisi (1978), “Onun bəlalı sevgisi” (1980), “Üzeyir ömrü” (1981) filmlərində Barat xanımın oynadığı rollar film tariximizin qiymətli incilərindəndir. Barat Şəkinskaya 23 yaşında,4 may 1940-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 21 iyul 1949-cu ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. Xalq artisti Barat Şəkinskaya 14 yanvar 1999-cu ildə 84 yaşında dünyasını dəyişib.