Firidun AĞAZADƏ
Dilçi olmağın da bir mənfi cəhəti var. Ki, hər sözün, hər kəlmənin başına ip salırsan… Gənclik dostum olan bir tanış xanım deyirdi ki, “mən ərim üçün aksesuaram”. Mat-mat baxdığımı görüb ürəyindəkini dedi: “Şirma kimiyəm onun üçün, bildin? Vitrin kimi istifadə edir məndən… aksesuar kimi…”. Yəni, o zat hər yerdə “filankəsin əridir” deyə təqdim və təbliğ olunur… Sonra xanım fikrini xırdaladı, anladım ki, “aksesuar” deyilən o tamamlayıcı nəsnə o zatı daha bariz… və möhtərəm göstərmək üçün bir vasitədir.
Beləliklə, “aksesuar”…
Fransızca ”accessoire” (latınca “accessorius”) sözündəndir, “nəyinsə vacib olmayan əlavə hissəsi, bir şeyi tamamlayan əlavə detal” deməkdir. Diqqət edin, “vacib olmayan”, “prosto” tamamlayan”. Modada paltarı tamamlayan, bəzəyən köməkçi bir detal. Məsələn, baş geyimi, şərf, dəsmal, qalstuk, eynək, çətir (“sarı çətir” yox), əlcək, çanta, pulqabı, portmanat, kəmər, bijuteriya, zinət, saat…
İşgüzar adamların aksesuarı olur: vizit kartı, yazı kitabçası, qələmi və s.
Teatrda aksesuar: butaforiya predmetləri yaxud rekvizitlər.
İnteryerdə aksesuar: interyerə harmoniya verən predmetlər, vaz, balaca xalça, heykəlciklər…
Mobil rabitədə aksesuarlar… Hə, burada “uşaq da bilir”, aksesuar nədir. Çoxumuz aksesuar sözünü daha çox mobil telefonlarla bağlı eşidib bilmişik. Naqilli-naqilsiz, mobil telefonların müxtəlif qarniturları (tələbəlikdə bir “qarnir” sözü eşidirdik, indi o da yoxdur) hamısı aksesuar deyil də nədir..?
Avtomobil aksesuarları var… çeşid-çeşid. Sükan üzlüyündən tutmuş uşaq kreslosuna, panoram linzalara qədər…
Qoy, sözdən bir söz çəkim. Dünya miqyasında uğur qazanmış hər bir azərbaycanlı öz ölkəsinə, vətəninə aksesuardır. Yəqin, belə deyə bilərik. Mədəniyyət sahəsində, idmanda, elmdə, musiqidə yüksək nailiyyətlər əldə etmiş hər bir azərbaycanlı Vətənin aksesuarıdır. Ölkəsinin imicini tamamlayır, onu dünyada böyüdür, tanıdır, şöhrətini artırır.
Bir də var qadınların aksesuar seçimi… Off bə..! Qadınlar hər şeydən bir aksesuar yaradır. Hər paltara, hər saç şəklinə, getdiyi hər yerə görə aksesuar seçən qadınlar. Saç düzümünə, yığıma və darama formasına görə, dəri rəngi, saç rəngi və kiloya görə aksesuar seçən qadınlar…
Xülasə, qadınların aksesuar seçimi bir ayrı aləmdir. Bu, aksesuar-terapiyadır…
“Mən bu sətirləri yazdığım dəmdə” Real TV-də bir xanım deputat göy bir maskanı aksesuar kimi geyib maskanın vacibliyindən danışırdı. Amma maskanı ağıza-buruna yox, çənəsinin altına taxmışdı. Yəni, maska yerində deyildi. Bəlkə tənbəllik edib maskanı açmamışdı? Yox, xanım çox zirək və mübariz bir qadındır. Görüntü-zad ona yabançıdır. Sadəcə, qorxuram ki, görənlər bunun bir aksesuar odluğunu bilə və…
Heç bilirsiz, bu cür – maskanı çənəsinin altında gəzdirən nə qədər adam var şəhərdə..? Lap aksesuar kimi… Eynəyi də elə bu cür aksesuar elədi bu qadınlar… gözə yox, saçlarına taxdılar onu, indi eynək olub saç aksesuarı, baş aksesuarı… Daha çox bu funksiyanı yerinə yetirir.
Təbabətdə “aksesuar süd vəzi” və ya “aksesuar məmə” adı verilən süd vəzi xəstəliyi var, cərrahlar asanlıqla öhdəsindən gəlirlər.
O gün bir banka işim düşmüşdü. Növbəyə durmalı olduq. Qadınlar maskanı bir qulağından açıb eləcə (eləcənə) o biri qulağından aşılı vəziyyətdə axşama qədər növbədə durdular. Sabah maskanı bir qulaqdan asmaq aksesuar olacaq.
Elə bilirsiz, olmaz?..
Dünyada hər şey qadın aksesuarıdır…