- Köşə

Aygün ƏZİZ. Sözün özü ilə…

“Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.”

Yəni sözə dəyər verən insan özü də dəyərlidir.

Söz sözü gətirər. Sözü sözə elə calamaq lazımdır ki, sözün dəyəri itməsin. Üsulunca izhar edilən sözlər xəzinə tək dəyərli olar. Sözün ucundan tutub ucuzluğa gedəcək qədər sözü zorlamaq olmaz. Söz elə bir şeydir ki, sərrast deyilməyəndə mənası da, məğzi də itir. Sözü acı bağırsaq kimi uzatmayanda söz ləl kimi qiymətini saxlayır. Söz yerində, vaxtında, məqamında deyiləndə iti olur, kəsərli olur, hörmətli olur. Sözün də hörmətdən düşdüyü anlar ola bilər… Söz deyən dediyi sözü ağzında gəvələyəndə, yerində deməyəndə və sözü söz xatirinə deyəndə söz mötəbər olmur daha.

“Bir nigari-ənbərinxətdir könüllər almağa,
 Göstərər hərdəm niqabi-ğeybdən rüxsar söz.”

Bir sözə bənd olmaq deyəndə, bilsəniz nə qədər məna ehtiva edir bu deyim:

Bir sözə bənd olub dağları dəlmək olar…

Bir sözə bənd olub dost olmaq olar…

Bir sözə bənd olub savaş başlatmaq olar…

Bir sözə bənd olub dünyanın ta o başına getmək olar…

Bir sözə bənd olub ölmək olar…

Bir sözə bənd olub həyat deyilən mücərrədliyin içində çar-naçar qalmaq da olar, həyata meydan oxuyub ayaqda qalmaq da.

“Olmayan ğəvvasi-bəhri-mərifət arif degil.
 Kim, sədəf tərkibi-təndir, lölöi-şəhvar söz.”

Yetər ki, söz deyən sözü ağzında bişirib çıxartsın. Sözləri muncuq tək düzə bilməyəndə fikrin qarmaqarışıqlıq olur, söz boş olur.

Söz insanı munis edər…
Söz insanı əğyar edər…

Sözə müxənnət olmaq olmaz. Vəd sözlə verilir. Vədə əməl etmək başucalığı gətirər. Sözlə baş aşağı da olar, yuxarı da. Dilinə yiyəlik etmək başın salamatlığı, cəncəllərdən uzaq qalmaq və etibar qazanmaq deməkdir.

Söz yerində və düzgün deyilməyəndə hədəfə çatmır. Söz – güllə kimidir. Sərrast atmadınsa, sözün kimi özün də dəyərdən düşürsən.

“Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
 Edə hər saət səni ol uyqudan bidar söz.”

Gözəl sözlə daş qəlbləri muma döndərmək olar. Kobud sözlə rəhmsiz etmək olar.

Sözün çəkisi var. Maddi yox, mənəvi çəkisi. Sözün çəkisini ağılsız başın yiyəsi sümüksüz dili ilə itirməkdənsə, sussa yaxşıdır.

Söz cazibə qüvvəsinə yenilən bir şeydir. Amma sözün “ip”ləri ağzından çıxmaq istəyən insanın əlindədir. Onu hər yerdə demək olmaz. Sözü ahənrüba kimi çəkən məqamlarda yüz ölçüb bir biçmək lazımdır.

Söz kompasdır. Mahir yolçu olsan, səni istədiyin tərəfə düzgün yol göstərərək aparacaq.

Dahi Füzuli ilə də yekunlaşdırmaq istərdim:

“Gər çox istərsən, Füzüli, izzətin az et sözü
 Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz”

Sözünüzü qoruyun. Özünüzlə birgə. Hər zaman sözünüzdən muğayat olun.

Sayğılarla…

10.12.2022