- Köşə

İnsana lazim olan “3-lüklər”in geniş təhlili

Məşhur müdrik “3-lü məsləhətlər”i bir az genişləndirib diqqətinizə təqdim edirəm. Ümid edirəm yorucu olmayacaq. Sonacan səbrlə oxuyanlara təşəkkür edirəm. Geri qayıtmayan vaxtınızın qədrini bilin, sözü ağzınızda bişirib çıxardın, fürsətləri fövtə verməyin. Çünki bunlar heç vaxt geri qayıtmır. Quş kimi uçub gedir, külək kimi əsib keçir, su kimi axıb gedir. Onlar atlı olub siz piyada olmayın. Sakitliyinizi qoruyun, ümidinizi itirməyin, şərəfinizi möhkəmcə hifz edin. İtki hər mənada pisdir, lazımsızdır, ağrılıdır. Maddi və ya mənəvi hər şeyin itkisi insana yer edir. Amma maddi itkinin əvəzini tapmaq olur, mənəviyyatdan itirdiklərinizin yeri boş qalır, boş qaldıqca insan da boşalır.

İNSANA LAZIM OLAN “3-LÜKLƏR”İN GENİŞ TƏHLİLİ

Məşhur müdrik “3-lü məsləhətlər”i bir az genişləndirib diqqətinizə təqdim edirəm.
Ümid edirəm yorucu olmayacaq. Sonacan səbrlə oxuyanlara təşəkkür edirəm.

Geri qayıtmayan vaxtınızın qədrini bilin, sözü ağzınızda bişirib çıxardın, fürsətləri fövtə verməyin.
Çünki bunlar heç vaxt geri qayıtmır. Quş kimi uçub gedir, külək kimi əsib keçir, su kimi axıb gedir. Onlar atlı olub siz piyada olmayın.

Sakitliyinizi qoruyun, ümidinizi itirməyin, şərəfinizi möhkəmcə hifz edin.
İtki hər mənada pisdir, lazımsızdır, ağrılıdır. Maddi və ya mənəvi hər şeyin itkisi insana yer edir. Amma maddi itkinin əvəzini tapmaq olur, mənəviyyatdan itirdiklərinizin yeri boş qalır, boş qaldıqca insan da boşalır. Mənəviyyatı “deşikli” və ya əxlaq “əlbisəsi” cırıq olan adam çirkindir.

Sevgini ucuzlaşdırmayın, etibarı/inamıı qırmayın, əqidəni itirməyin.
Dəyərlər qorunduqca sanbalını saxlayır. Dəyərlər müqəddəsdir. Ləkə düşdüyü andan artıq nə sevginin gücü, nə etibarın əzəməti, nə də əqidənin dəyəri qalar. Sevgini əyləncələrlə ucuzlaşdırmaq, etibarı başıpozuqluqla sarsıtmaq, əqidəni pula satmaq olmaz.

Vəzifəyə bel bağlama, uğur müvəqqətidir, sərvət də sona qədər sizinlə qalmaya bilər.
Bu üçlüyə bağlı olmaq sizi həyatda məyus edər. Ruh düşkünlüyünə salar və sonda canınıza qıyacaq dərəcəyə çatdıra bilər. Heyhat! Nəbadə onlardan asılı vəziyyətə düşəsiniz. Xilasınıza kimsə gəlməz. Sağlam düşüncədən məhrum etməyin özünüzü.

Zəhmətinizlə hörmətli olun, namusunuzla öyünün, müvəffəqiyyətlərinizlə tanının.
Bir şəxsiyyət olaraq həyat yolunuza işıq salan, sizi İNSAN olaraq müəyyən edən, həyatda ləyaqətlə bəlli bir mərtəbəyə çatdıran xüsusiyyət və xarakter sahibi olun. Əks təqdirdə nə qədər “iri” olsanız da (həm məcazi, həm də həqiqi mənada) cılız görünəcəksiniz.

İçkidə əndazəni aşmayın, təşəxxüsdən uzaq olun, qəzəbin həyatınızı alt-üst etməsinə imkan verməyin.
İnsan, onu məhvə sürükləyən hər şeydən imtina etməlidir. Könüllü olaraq. Hər şeyin ifratı zərərdir. Əksini görən olmayıb. Şər həmişə xeyirdən güclü olur. Çünki məkrli dağıdıcı munis qurucudan öz şər təbiətinə görə üstündür. Kimsə əksini deməsin. Ona görə şər olan hər şeydən uzaq qaçmaq lazımdır. Şərdən qorxmaq qorxaqlıq deyil. Şərdən qorxmaq xeyiri daha çox sevmək və xeyirdən əlinin üzüləcəyindən ehtiyat etməkdir.

Xudbinlikdən irəli gələn bir inadla çətin də olsa birinci siz “səni sevirəm”, utansanız da, əgər qəbahət yiyəsisinizsə “bağışla”, ehtiyac anlnda qüruru kənara qoyub “yardım et” deməyi bacarın.
Bəzi sözlər var ki, çoxunuz onları dilə gətirməyə çəkinirsiniz. Diliniz dönmür. Dil də beyinə tabedir. Beyin də ürəyə yenilirsə, işlər kəllə-mayallaq gedər. Ürəyi ağıla tabe edib, “sınıqlar”dan çəkinmək lazımdır. Sındırmaq yaxşı deyil. Sevdiklərinizi sındırmayın, dağıdıb tökməyin, küsülü olanda qarşı tərəfi gözləməyin. Gec ola bilər. Gec olanda da bəzən çərxi-fələk tərsinə dönər. Bəzən geriyə yol olmur.

Sonda öz əlavəmi də deyim. Bu əlavəni uşaq vaxtı oxuduğum nağılların təsirinə qapılıb edirəm, çünki o nağıllar mənə sətiraltı mənaları ilə çox şeyi əxz etməyə kömək oldu.
Vəəə… ŞİRİN olan üç şey var ki, onlardan muğayat olmaq lazımdır. Bu sonuncu üçlük ikinci yarınız (sevdiyiniz şəxs), yuxunuz və valideynlərinizin sağlığında onlarla keçirdiyiniz uşaqlıq xatirələrinizdir.
İkinci yarınızı qoruyun, yuxusuz qalmayın, xatirələrinizi unutmayın və onlardan güc alın.

Hörmət və sevgi ilə,

17.12.2022
Aygün Əziz