- Köşə

Aygün ƏZİZ. Stalinin məktubu

(Müəllim adını şərəflə tutanlara və övladının gələcəyini düşünən bütün valideynlərə)

Oğlu Vasilinin müəlliminə Stalinin məktubu haqqında

Deyildiyinə görə Vasili Stalin məktəb illərində heç də ipə-sapa yatan oğlan olmayıb. Dərslərini pis oxuduğuna görə qiymətləri də ürəkaçan deyilmiş. Çox nadinc uşaq imiş. Bir sözlə, məktəb müəllimlərinin sevimlisi olmayıb. Amma Stalinin oğlu olması ona gözün üstə qaşın var dedirtməyib. Hətta məktəb direktoru qorxusundan bütün müəllimlərə tapşırmışdı ki, onunla yumşaq davransınlar və iki qiyməti yazmağı da qadağan etmişdi.

Bu vəziyyət bəlkə də oğlan məktəbi bitirənə qədər davam edəcəkdi. Amma Vasilinin tarix fənnindən “ilişməsi” hadisələri gözlənilməz səmtə yönəltdi. Martışkin soyadlı tarix müəllimi prinsiplərinə zidd getmək istəməyən qəddar müəllim idi və o, fənni yaxşı oxumayan heç kəsə yüksək qiymət yazmırdı. Stalinin oğlu da onun üçün istisna deyildi.

Müəllim bu sərt mövqeyinə görə qorxudan sarısını udmuş direktorun qəzəbinə gəldi. Lakin direktorun hədə-qorxuları işə yaramadı. Nəticədə münaqişə qaçılmaz oldu. Direktor, Martışkini qovmaq istədi, ikinci isə cəsarət edərək Stalinə məktub yazdı. Müəllimin məktubunun məzmunu barədə məlumat yoxdur, amma oxuduqdan sonra cavab yazan Stalinin məktubu haqda məlumat var. Aşağıda həmin məktubun məzmununu oxuya bilərsiniz:

“Müəllim, yoldaş Martışkinə,

Vasili Stalinin hoqqaları barədə məkrubunuzu aldım. Təşəkkür edirəm.

İşimin çoxluğu səbəbindən belə gec cavablandırıram. Üzrxahlığımı qəbul edin.

Vasili orta qabiliyyətli ərköyün gəncdir, yaramazdır (skif kimidir), heç də hər zaman haqlı deyil, zəif “rəhbərlər”i şantaj etməyi sevir, tez-tez olur ki, zəif iradəli, daha doğrusu iradəsiz olanların başına çıxır.

Xaç anası, kirvəsi və ətrafındakı hamı “Stalinin oğlu” olduğu üçün onun hər nazı ilə oynayıblar.

Sevinirəm ki, sizin simanızda heç olmasa bircə nəfər də olsa özünə hörmət edən bir müəllim tapıldı ki, Vasili ilə hamı kimi rəftar etmir və bu sırtıq oğlandan məktəbdəki ümumi nizam-intizama əməl etməsini tələb edir. Vasilini məktubunuzda xatırlardığınız direktor kimi əskik insanlar korlayır. Belə direktorun yeri məktəb deyil. Və əgər sırtıq Vasili hələ mə qədər ki, özünü məhv etməyib, bu, ölkəmizdə tək-tük sizin kimi müəllimlərin sayəsindədir ki, belə “bəyzadə”lərə güzəştə getmirsiniz.

Sizə məsləhətim budur ki, Vasili ilə daha sərt olasınız, onun şantaj xarakterli “intihar” hədə-qorxularına əhəmiyyət verməyəsiniz. Bu barədə sizə tam dəstək verəcəm.

Təəssüf edirəm ki, Vasiliyə diqqət ayırmağa imkanım yoxdur. Amma ara-sıra boğazından yapışacağıma söz verirəm.

İ.STALİN”

Artyom Sergeyevin yazdığına görə bu məktubdan dərhal sonra məktəbdə məsələ müəllimin xeyrinə həll olmuş, direktorun isə “başı ağrımışdır.” Deyəsən onu vəzifəsindən azad ediblər və bir də heç vaxt bu vəzifəyə layiq görülməyib. Amma Vasili, Stalindən ciddi xəbərdarlıq almış və cəzalandırılmışdı. Bütün qış tətilini tarix kitabını oxumaqla evdən bayıra çıxmamış və imtahanı yenidən verməyə məcbur olmuşdu.

P.S. Bu məlumatı rus mənbələrinə istinad edərək toplayıb yazmışam.

P.S. Bunu təsadüf olaraq paylaşmıram. Son illər bizim məktəblərdə baş verən çaxnaşmalar (!), müəllim-şagird-valudeyn qarşıdurması məni də keçmiş müəllim kimi çox narahat edir. Mən məktəblərdə və hətta universitetlərdə savadlı kadrlarla yanaşı müəllim adına ləkə gətirənləri də az görməmişəm. Qudurğan, ailə tərbiyəsi görməyən tələbələrlə də rastlaşmışam. Amma bu son illər valideynlərin hiddətlə məktəbə, müəllimə düşmən kəsilməsi də narahatedici məqamlardan biridir.

Şagird/tələbə harınlıq edirsə, müəllimə hörmətsizlik göstərir, min hoqqadan çıxır, tərbiyəsizlik edirsə, bunun birinci növbədə günahkarı VALİDEYNDİR. Uşağına dil verən ata və analardır. Tərbiyə birinci olaraq ailədə  gəlir. Məktəbə 6/7 yaşında uşağını göndərən valideyn “uşağı məktəbə tərbiyəsi düzəlsin deyə göndəririk” deyirsə, o valideynin özünün tərbiyəyə ehtiyacı var. Sən indiyə qədər uşağını 6/7 yaşa çatdırıb elementar tərbiyə qaydalarını öyrədə bilməmisənsə, bunu məktəbdən gözləməyin və müəllimi qınamağın tamamilə yanlış hərəkətdir.

Son söz olaraq onu deyim ki, ar olsun rüşvət alan müəllimlərə, direktorlara! Ar olsun öz tərbiyəsiz uşağına dil verib məktəbdə müəllimlərə hörmətsizlik və tərbiyəsizlik edən valideynlərə! Ar olsun müqəddəs müəllim adını ucuz tutanlara! Ar olsun namuslu müəllimləri əzənlərə, əzdirənlərə!

20.12.2022