- Köşə

Didi Turandur 

İclas bir saatdan artıqdı, davam edirdi. Səbrini basıb dözürdü. Hövsələsiz olsa da, etika xatirinə bəzən belə müsibətlərə dözməyi də bacarırdı. Danışanın kim olduğunu bilmək üçün azca irəli  boylandı.  Özü boyca hündür olsa da, görünür, danışan çox balaca olduğundan onu görə bilmirdi. Natiqin kiçik əli, namnazik barmaqları arada göydə oynayırdı:

– Biz mütləq bu işi görəcəyik, mütləq birliyimiz inkişaf edəcək, parlayacaq. Onun çox böyük gələcəyi var. Böyük, çox böyük… Bu yolda qanlar tökülüb, qırğınlar olub, heç kim edə bilməyib, ancaq biz edəcəyik. Biz kimsənin edə bilmədiyi bir işi edəcəyik. Biz mütləq türk ölkələrini birləşdirəcəyik. Heç kim edə bilmədi, ancaq biz Turan quracağıq, onu biz düzəldəcəyik. Əgər bir olsaq, hamınız mən deyəni desəniz, birlikdə bu işin öhdəsindən gələcəyik, əziz qardaşlıq və dostluq birliyinin üzvləri! Bunu biz edəcəyik, yalnız biz!

Danışanın boyca balaca, gözləri çox balaca, ağzı burnu da bapbalaca eynəkli bir qadın olduğunu, axır ki, görə bildi. Qadın davam etdi:

-İndi isə birliyimizin Türkgillər rayonu üzrə sədri Qılıncoğluna söz veririk:

Ayağa qalxan adamı gördü.  Qılıncoğlu da boyca balaca, yaşlı biri  idi. Əlləri əsdiyi üçün qollarını bərk-bərk yanına sıxmışdı. Aramla yeriyib xitabət kürsüsünə  çatdı. Ağzı güclə mikrofona çatırdı. Uzaq yol gəlib yorulmuş adamlar kimi təntiyirdi.  Bir neçə dəfə dərindən nəfəs alıb sözə başladı:

-Əziz tədbir iştirakçıları, çox əziz və hörmətli, ürəyimiz, böyük ümidlər bələdiyimiz, bütün türk dünyasının lideri olmağa layiq böyük bacımız Nərminə xanım! Biz bura havayı yerə yığışmamışıq. Qarşımızda böyük vəzifələr durur. Biz o böyük vəzifələri yerinə yetirmək üçün doğulmuşuq. Şükür Allaha, axır ki, həyatda yerimizi tapdıq, vəzifəmizi  bildik. Biz sizin – sədrimizin ardınca gedəcəyik. O böyük dövləti qayıran biz olacağıq.  İnanıram, çox hörmətli, izzətli başçımız bizi son qələbəyəcən aparacaq. Mən buna əminəm. Yaşasın millətlərimizin birliyi! Yaşasın birliyimizin birliyi! Yaşasın sədrimiz və hökümətimiz.

Qılıncoğlu danışa-danışa gah salondakıları təntənəli baxışla süzür, gah da Südabə xanıma yupyumşaq, təbəssümlə süslənmiş, sürüşkən bir nəzər salırdı.

Bundan sonra xitabət kürsüsünə yenə başqa birini dəvət etdilər:

-Çıxış üçün söz verilir təşkilatımızın Yekələr rayonu üzrə sədri Əfəndi Başbilənliyə.

Əfəndi əfəndi yerindən əfəndi-əfəndi qalxıb əvvəlcə boğazını arıtladı, sonra baxdı ki, bunun da boyu mikrofina çatmayacaq  mikrofonu  birtəhər ştativdən çıxarıb əlinə aldı. Xitabət kürsüsündən bu yana keçib camaatın qarşısında dayandı:

-Ay camaat, bilirsiz, bura niyə yığışmışıq. Mənim yaşım yetmişi ötüb, amma özümü on səkkiz yaşlı cavan oğlan kimi hiss edirəm. Niyə? Ta bunun niyəsi yoxdu ki. Çünki mən böyük işlər görmək üçün yaranmışdım. O böyük işi, axır ki, tapmışam. Biz Nərminə xanımın ətrafında sıx birləşməliyik. Birlik olmasa, biz  məqsədimizə çata milmərik. Bütün millətləri birliyə çağırıram, – deyəndə Əfəndi babanı bərk öskürək tutdu, mikrofonu əlindən yerə saldı. Əyilib götürmək istəyəndə başı gicəlləndi, səndələyib özünü birtəhər saxladı. İri qarnı imkan vermədiyindən güclə əyilmişdi və qalxanda sifətinin qırmızılığından çox əziyyət çəkdiyi bilinirdi. Biabır bir hadisə törətmədiyi üçün  sevinməyi üzündən bəlli idi. Mikrofona bir-iki dəfə öskürdü, işlədiyini görüb toxtadı və davam etdi:

–  Hə, harda qaldım? Bura niyə yığışmışıq? Hə, bildim, böyük, dahi sədrimizi görəndə, hə, öhö-öhö, bildim.. Hə, yenə deyirəm, bir olmalıyıq. Burda mən olmaz, hamımız, hamımız biz olmalıyıq, bizz, – deyəndə şəhadət barmağını bizin ucu kimi dimdik yuxarı qaldırımaq istəyəndə çaşıb o biri barmaqlarını yumdu, orta barmağını dik yuxarı qaldırdı. Gözü bərəlmiş camaatı görəndə barmağına baxdı, üzünün qızartısı daha çox artdı. Şəhadət barmaq orta barmağın üzünə tüpürüb  başını ovucun içinə soxmağa məcbur etdi, özü dik dayandı. Ancaq salonda pıqqıltılar başlamışdı. Əfəndi kişi mikrofonu xitabət kürsüsünün üzərinə qoyub yerinə keçdi.

Dəsmalını çıxarıb həyəcandan tərləmiş üz-gözünü sildi.

O, bura nə üçün gəldiyini də unutmuş, danışanların və danışılanların cansıxıcı mühitində  əzabla gözləyirdi.  Həm də səhnəyə dəvət edilənlərin, əyləşənlərin çoxunun nə üçün boyca bu qədər balaca və yaşlı olduqlarının sirrini çözməyə çalışırdı.

İclasın sədri rəfiqəsinə yavaşca pıçıldayırdı:

-Ay qız, bu yuxarı təşkilata bir layihə işləyib versəydim, bir az pul qoparardıq. Allah haqqı, bu il bir yerə çıxa bilməmişəm.

Rəfiqəsi:

-Çıxarıq, inşallah.. Aaz, sən Allah, axşam o “Vəzir barmağı”na baxdın?  Bu köpəyoğlu Mahsun Kırmızıgül yaman çəkir. O biri kinoları vardı e, “Nyu-Yorkda beş minarə” , “Günəşi gördüm”- bunlara baxmaq istədim, belə bir cürdü e, başım çıxmadı. Yarımçıq söndürdüm.  Amma haqq üçünə “Möcüzə” yaxşıydı. Hə, vallah,  – deyə irişdi, – orda arvad oğlunu lüt qoyub vannaya çimizdirir e, öldüm gülməkdən. Hələ o qardaşların gəlinin otağına döyülüb salınmağı… Allah, sən saxla, – deyəndə yenə qımışdı.

Sədr də padruqasının üzünə ciddi-ciddi irişib ataca pıçıldadı:

-İclasdan sonra danışarıq. Atarsan, mən də baxaram, – dedi.

İclasın sədri Nərminə xanım növbəti çıxış üçün sözü  başqa bir Turan sevdalısına verdi:

-Çıxış edir birliyimizin ən sadiq üzvü, Turan yaratmaq yolunda şir kimi döyüşən Dayandur Dəmirli.

“Ən sadiq üzv”, “şir kimi döyüşən” sözlərini o qədər təntənəli söylədi ki, salonda  əyləşən digər şirlər az qaldılar həsəddən nərə çəkələr. Yerində qurcuxanlar, eynəyini silib yenidən gözünə taxanlar, şəkəri qalxıb saralanlar, təzyiqdən qızaranlar, öskürək tutanlar bir-birinə qarışdılar. Dayandur bəy yerindən qalxıb iri qarnını yanında əyləşənlərə sürtə-sürtə birtəhər keçib səhnəyə qədəm basdı. Bu, insafən, boydan balaca deyildi. Səksən yaşına canından bir az qoruyub saxlaya bilmişdi. Salona qızarmış gözləri ilə bir şir nəzəri salıb mikrofona yaxınlaşdı. Əvvəlcə içini arıtladı ki, səsi babat çıxsın. Elə bir dəfə “öhö” edən kimi alt protez dişi ağzından çıxıb taqqıltı ilə yerə düşdü. Əyilib götürmək istəyəndə ikinci taqqıltı səsi gəldi: üst protezini də yerə salmışdı. Dayandur xitabət kürsüsünün içində eşələnəndə başı gicəlləndi, az qaldı yıxıla. Yerdən səs-küy qalxdı:

-A kişi, dayan, dur, qoy bu cavanların biri gəlsin, tapıb versin. Əyiləndə başın gizəllənir, yıxılıb eliyərsən.

Dayandur dikəldi, xitabət kürsüsünə söykənib durdu, salona göz gəzdirib cavan axtardı. Arxa cərgədə əyləşmiş bir xanım hamıdan cavandı. Onunlala göz-gözə gələndə əməlli-başlı həyəcanlandı, baş gicəllənməsi daha da artdı. Xanım yerindən qalxıb nazlana-nazlana xitabət kürsüsünə yaxınlaşanda yerdən pıçıltılar eşidildi:

-Nərminə xanımın qızıdır. Gör o böyüklükdə xanımın tərbiyə verdiyi qız necə də sadədir,  alçaqkönüldür, qayğıkeşdir. Gəlir, protezi tapsın. Əhsən sənə tərbiyə verənə.

Nərminə xanım qızını xitabət kürsüsünə yaxınlaşan görəndə yerində dik qalxdı:

-Aaz, sən neyliyirsən? Allergiyan var, sən protez tapansan? Keç, otur yerində.

Qız duruxub ortalıqda qaldı. Bilmədi irəli gedib şir Dayandurun protezlərini axtarsın, yoxsa geri dönsün.  Deyəsən, ananın “tərbiyəsi” üstün gəldi, geri dönüb yerində əyləşdi.

…İclas davam edirdi. Hələ bir neçə saat çəkəcəkdi. Mosulda, Suriyada evsiz, valideynsiz küçələrdə qalmış uşaqlara türk əsgərləri cibindən şokolad çıxarıb verirdilər.

Kapadokiyada şokolad almaq üçün anasının toxuduğu kiçik krujevaları satan balaca, arıq, nimdaş geyimli uşaqlar turistlərin qabağına yüyürürdü.

Darmadağın olmuş şəhərin ortasında tək-tənha qalmış bir qız toz-torpaqdan seçilməyən üzündə şırım açmış göz yaşlarını axırdaraq:

-Hamınızdan Allaha şikayət edəcəyəm, – deyirdi.

Çində – Sincandakı kamplarda sümükləri sındırılmış Əbdürrəhim Heyit əlindən alınıb qırılmış sazını daha çala bilməyəcəkdi: barmaqları yoxdu. Qonşu kameralarda işgəncə verilən əsir uyğurların nalələrini dinləməyə heyi yoxdu daha Heyitin. Sızıldayaraq yaralı bədəninin ağrısını son dəfə oxuduğu nəğməsiylə ovutmağa çalışırdı:

Didim, ismin nime?
Didi, Ayxandur.
Didim, yurtun kayı?
Didi, Turandur.
Didim, başındakı?
Didi, hicrandur.
Didim, hayranmısın?
O didi, yoq, yoq!…

İranın Boyirəhməd, İsfahan, Buşəhr, Fars, Şiraz, Kirman, Bəxtiyari əyalətlərində daha çox düzənliklərdə  yaşayıb heyvandarlıqla məşğul olan, farsları ağartı məhsulları ilə, ətlə, yağla təmin edən dörd milyona yaxın qaşqaylar, Təbriz, Ərdəbil, Xoy, Marağa, Mərənd, Zəncan, Miyana və ətraflarda yaşayan otuz milyondan çox  azərbaycanlı iki yüz ildir, bu dövlət üçün çalışmaqlarının, onun üçün döyüşməklərinin, dövlət xəzinəsinə ödədiklərinin əvəzində, türklərin əyalətlərinin farslar yaşayan əyalətlərə nisbətən çox geridə qalmasının əvəzində İran dövlətindən çox azca bir şey – ana dilində təhsil almaq üçün İran dövləti ilə iki yüz ildən artıqdı, çarpışırdılar. Azərbaycan şəhərlərində mürtəce molla fars rejiminə qarşı başlayan mübarizəyə görə dar ağacından asılanların sayı gündən-günə artırdı.

Borçalıda qarapapaqlar – azərbaycanlılar başları üzərinə asılmış dörd xaçlı bayrağa baxa-baxa qılınclarını oynadıb at belinə sıçrayaraq üzü dağlara – azadlığa doğru çapırdılar.

… İclas davam edir. Hər yerindən qalxan yaşlı qadın, kişi böyük, vahid dövlət yaratmaq üçün arzu və istəklərini bildirir, QHT-dən qopara biləcəkləri yağlı paydan xəyalən ləzzət alırdılar.

…Dəmirqapı Dərbənddə Dədə Qorqudun qəbrini pir kimi ziyarət edən və rus bayrağı altında yaşamağın əzabını yüz illərdi çəkən azərbaycanlılar da Bakıdan dərslik göndərilmədiyi üçün doğma dildə dərs oxumaqdan məhrum olmaqlarından şikayətlənirdilər.

Qəbələdə çirkli otellərin birində gənc, yarıçılpaq  bir azərbaycanlı qız it iyi verən ərəbi əyləndirmək üçün para qarşılığında oriyental rəqs  edirdi.

Tərtər hadisələrinin günahsız qurbanı olan, kənd qəbiristanlığından çox kənarda dəfn edilən oğlunun qəbri üzərinə yıxılan ananın hönkürtüsü od püskürür, oğlunun uzun illər döyüşüb qoruduğu torpağı yumruqlayırdı.

Əfqanıstanda haza türkləri qatı sünni təriqətinə mənsub olub şiələri təqib edən talibançılardan qorunmaq üçün onların iyrənc, Allaha xoş getməyən bütün qaydalarına tabe olmaq zorunda qalmışdılar.

Diyarbəkirin köylərindən birində bir evdə 4 arvadı olan bir kişinin 19 uşağından biri əlində ilk dəfə tutduğu telefonda gördüyü mənzərədən şaşırmış, hətta hər gün qoyun sürüsü ardınca gəzəndə yediyi pendir dürməyini də unutmuşdu.

Uzaq Altaylarda  gözdən uzaq, könüldən iraq yaşayan türk tayfaları  modern dünyadan bir qədər kənar olsalar da, hələ ki beş min illik türklüklərini qoruyub saxlaya bilmişdilər. Qədim şumerlər beş min əvvəl bütün türklərin vətəni Altaydan Mesopotamiyaya köç edəndə yerlərində qalanlar da olmuşdu. Burda artıb çoxalaraq “El-oyun”, “Çaqa bayram”, Yılqayak bayramlarını arxayınca qeyd edirdilər. Gündoğandan günbatana kimi səpələnmiş bütün türk xalqlarının bətni olan Altay! Sən anaya olan sədaqətin xoşbəxt tale timsalısanmı?!!

İclas davam edirdi. Hamı vahid dövlət yaratmağın zəruriliyindən danışırdı… Hamı danışırdı.. Danışırdı…

Karikaturaçı bir rəssamın közərmiş maşanın ucunda təsvir etdiyi bir erməni dığası əllərini Ağrı dağına uzadaraq zarıyırdı:

-Hay, Ararat, hay Ararat…! Hayastan hayyy…!

Dünyanın o biri ucunda, nəhəng adanın kiçik bir kəndində, köhnə evdə masa üzərinə sərilmiş xəritəyə baxan doqquz kaftar, reptiloidlərdən törəmiş mavi qanlı mason əllərində qələm xəritəni o tərəf-bu tərəfə cızırdı.

Dünya fırlanırdı. Milyard illər əvvəl olduğu kimi. Hələ ki orbitindən-cızığından çıxmaq fikri yoxdu.

Əsvəd
2022-ci il