- Köşə

“Getmək…”

Firidun AĞAZADƏ

(esse)

Ömür yolu bir körpüdür
Gəlmək-getmək arasında.

Dilimizdə “getmək” sözü var, adi bir sözdür. Çıxıb getmək, yerimək, yerindən tərpənmək, olduğun yerdən uzaqlaşmaq, yəni. “Sən getdin, elə bil dünya boşaldı…”. Getmək həmişə ağırdır, çətindir, amma gedənə, yerindən tərpənənə kimidir bu hiss. Sonra görürsən ki, bundan asan iş yoxmuş. Əllərini tərpədirsən, addımlarını atırsan və… gedirsən. Amma getmək olurmu… getmək istəmədiyin yerdən? Getmək olurmu getmək istəmədiyin adamın yanından? Mahaldı. Getməklə gəlmək biri-birindən ayrılmaz, biri-birini təqib edər. Xətainin “Bahariyyə”si necə deyir: “Qış getdi, yenə bahar gəldi, Gül bitdi və laləzar gəldi”. Bu “getməyi” bildik, bəs, “keçəl niyə suya getməz?”

Mənim də yaşım az deyil, “Bilirəm söz nədir, məhəbbət nədir”. İllərdi “var-gəl” edirəm “gəlmək”lə “getmək” arasında.  Birisi demiş ki: “Dünyaya gəlmək getmək üçündür”. Ta onda niyə gəlirik dünyaya? Cavabı birisi belə vermiş: “Bilsək, dünyaya gəlməzdik, Analar aldatdı bizi…”. Görək, Ağabəyim Ağa ömrün necə gəlib-getdiyini niyə bilməmiş: “Əfsus ki, yarım gecə gəldi, gecə getdi, Heç bilmədim ömrüm necə gəldi, necə getdi…” Belə “getmək” olmaya!

Elə-belə əl-qol tərpədib hərəkət etmək deyil, həm də ayrılmaqdı getmək. Başqa yerə varmaq üçün olduğun yerdən ayrılmaq, çıxıb getməkdi. Demək, ayrılıqdı həm də. “Aman, ayrılıq!” – biri-birindən cüda düşənlər belə həsrət çəkər. Biri də demiş ki: “Getmək istəyirsən, bəhanəsiz get…”. Getməklər bir deyil, iki deyil, “atam balası”, “az getmək var, üz getmək var, dərə, təpə, düz getmək” var… Amma getmək var, getmək var da. Bir də var qapını çırpıb getmək. Getmək varsa, qayıtmaq da var – qayıtmağa üzün ola. “Əziz Şuşa, biz qayıtmışıq!” Vay odu “Getməkmi, qalmaqmı? Sual budur, bu” – deyəsən. “Getmək” elə “varmaq”dır.  Həm də “varıb getmək” var. “Var get, əcəm oğlu, durma bu yerdə”. Füzuli belə bəyan etmiş: “Həm sən dersən ki: – “Məktəbə var!” Həm dersən sən ki: – “Getmə zinhar!” Bu da Məcnunun bəyan etdiyidir: “…Get, get, dərdimə sən dəva deyilsən..”. Birisi də sözü əymiş, belə demiş: “Get, get, ey Leyli, sən o Leyli deyilsən”. Yaxşı ki, “Bir evdən bir evə səadət gedir,..”.

Qonağa “xoş gəldin” də deyərik, “xoş getdin” də. Uçan durnalara “Get, xoş gəldin, şəfa gəldin, Gələcəksən, haçan, durna?” demişik. Çünki gedən gələr, gəlməlidir. “Getməyin” binası var, bir də gördün, “Padşahla Vəzir Allahverdi xan vəzncə yüngül, qiymətcə ağır şeylərdən götürüb, getməyin binasın qoydular”. Onlar “getməkdə olsun”, nağılların “gedər-gəlməz yol”una hərdən “gedər-gələr” deyək. Dünyanın da “getməyi” var, hərdən yanlış gedəndə “Dünya belə getməz” – deyirik. Ariflər belə demiş: “Biz gəldi-gedərik, sən yaşa, dünya”. Bu da Tacir Əsgərin sualı: “Bu dünya elə belə gəlib, belə getsə axırı nə olacaq?” Doğru cavab nökər Vəlidə.

Biri də hər şeyini itirəndən sonra belə demiş: “İt də getdi, ip də getdi”. Amma bilməm, dünya məna ilə dolu ikən, nədən demişlər: “Filankəs eşşək gəlib, eşşək getdi”.  Biri “beş min manat”ını axtarar, biri isə “Bə mənim bir abbasım hara getdi?” deyib fəryad edər. Bir başqası “Neçin gəldi-gedər oldu, Kimdən küsdü cavanlığım?” – deyə sual etmiş.

Getməklə gəlmək çox “müqəyyəd qafiyədir”, harada getmək varsa, orada gəlmək var. Bunların arasında çarmıxa çəkilən birisi belə imdad diləmiş: “Hissim sənə “gəl-gəl” dedi, əqlim dedi “get-get”, Bu qanlı döyüşdən mənə imdad dilədim mən”. Amma gah “Get” deyərik, gah da “Getmə”: “Yıxıb bu könlüm evin, eyləyib viran, getmə! Qoyub bu hicri-bəla içrə Natəvan, getmə!“. Müğənni “Getmə, amandır” deyir, çünki bilirik, “getmək” yamandır. “Gəlişinə can qurban, Gedişin nə yamandır” deyərlər.  Gəlmək də, getmək də növbə ilədir, necə ki, Xurşid Banu yazmış: “Nədəndir səndə əylənməz güli-dövran, xudahafiz. Mənə həm gəldi getmək növbəti, yaran, xudahafiz!”. Biri “Getmə, tərsa balası…” demiş, biri də: “Könül, ahü-fəqan etmə, nəfəsdir bu – gedər, gəlməz. Nədir bu qüssələr, qəmlər, əbəsdir bu – gedər, gəlməz” yazıb, “Gələnlər getmək üçündür…” – deyə təskinlik tapıb. “Gəldin”lə “getdin” arasında Hüseyn Cavid, gör, necə ricu etmiş: “Gəldin də, niçin pəmbə buludlar kimi axdın, Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?”  Biri də gedən yara belə söyləmiş: “Ey gedən yar, könlümü vəslinlə yandır, sonra get, Bir də eşqin badəsin doldur, dolandır, sonra get”. Bu sözlərdən sonra, hansı axmaq getmək istər?..

Burası var ki, gethaget olan yerdə gəlhagəl də olar. Atalar nahaq deməyib: “Elə gəlhagəlin belə də gethagedi olar”. Bir də nağıl dili var: “Gethaget, gethaget, gəlib çıxdılar Şah Abbasın vilayətinə”. Məmmədhəsən əminin ziyarətə getməkliyi var, Zeynəbin ərə getməkliyi var. “Getmək” get-gələ dönəndə olur süründürməçilik. Pandemiya ki, camaatı evə qaplayıb, get-gedə dolanışıq çətinləşir. “Getmək” “getdikcə” olanda Xaqani Şirvani deyən olur: “Getdikcə bu eşqin mərəzi pürxətər oldu”. Hələ görək, Cahandar Ağanın dilində “getmək və gəlmək” necə olur: “Molla Sadıq,  mənə  lotuluq  gəlmə,  get  dınqırına  süz!” Böyük Məmməd Araz “get-gəl”i belə yozmuş: “Bu get-gəllər bazarına dəvədi dünya…”

Bir var desinlər: “get”, bir də var ki, desinlər: “İtil!”. İrəli getmək var, geri getmək də var, təəssüf. Bəzən qalmaqdan getmək yaxşı olur. Amma getmək olurmu COVİD-19 “Evdəqal” deyirsə? Getmək yaxşıdırsa niyə “ərə gedirəm, gora gedirəm” deyirlər? Ərə getmək varsa, ərə gəlmək də var – “Doğru buyurursan, xanım?! Bəs, elə isə, de, görüm, mənə ərə gələrsənmi?”

“Getmək” anlayışı dildə ən müxtəlif sözlərə məna vermiş. Çünki həyat getməkdir, hərəkətdir. Dünya bizə duracaq, dayanacaq vermir. Birisi belə söyləmiş: “Dünya duracaq yer deyil, ey can, səfər eylə”. Fikir də, düşüncə də gedir, dünya ilə birgə insanın təfəkkürü, ağlı da gedir. Bir şeyi bilməyəndə deyirik: “Ağlım oracan getmədi”.  Kosmologiya deyir ki, külli-Kainat gedir (fırlanır). Kainatda hər şey – asteroidlər, peyklər, planetlər, ulduzlar, qalaktikalar “gedir”, yəni öz oxu ətrafında fırlanır, hərəkət edir. Hara getdiyini çoxları bilmək istəmiş: “Hara gedir bu dünya?”. Vəfasıza belə tənə edərik: “…Gedər bir gün bu gözəllik, sənə də qalmaz”. Sufi dərvişləri meditativ rəqslərlə fırlana-fırlana Allaha doğru gedərək Ona qovuşmağa can atır. Bu, Allaha doğru getməkdir.

Təkcə gəlimli olsa, mənasız olardı dünya. Yaxşı ki, gedimlidi həm də. Gəlmək haqdırsa, getmək də haqdır – “Bəzən haqq qazanır insan öləndə…”. Şahanə getmək var: “Çıxıb getmək istəyirəm, çıxıb getmək! Son gülləmi öz başıma sıxıb getmək”. Atalar demiş: “Borc verməklə tükənər, yol – getməklə”. Gedək ki, yolumuz olsun. Gedək ki, izimiz qalsın. Getmək üçün gəlmək lazımdı. Hansı ozan demişdi: “Gedək, Qarabağa bir salam verək”? Çoxdan getmək lazım idi. Görmədiz, Lazım gəldi… və biz Şuşaya getdik?!. Getməyəndə ətalət, kəsalət basır adamı. Gedə bilməyəndə adama deyirlər: “Odey taksi, min, get!” Getmək – “üzü küləyə” də olsa. Qoy, tufanlar sinəmizə əssin! Getmək… bir məqsədə doğru. Sabaha doğru! Getmək – “biz olmayan yerə!” Getmək – işıq gələn tərəfə. Bəzən gedər-gəlməz yola da getmək! Məlikməmməd kimi – Ümid Sümurq quşudu, gəlib tapar bizi. “Tapar” dedim, o kim idi, səsi fəryad edirdi: “Min nəfərə bir dərd olsa hökmən gəlib tapar məni, Yer üzündə bir it varsa, gəlib tapib qapar məni”?

Getmək hara, duz hara? Amma bir də var ki, duza gedəsən…

XX əsrin Azərbaycan dilində ilk qəzeti olan “Şərqi-Rus” qəzetinin təsisçisi Məhəmmədağa Şahtaxtlı “getmək” feilindən danışanda yazmış ki: “…tiflisli “gedirik” deyir, istanbullu “gediriz” deyir, təbrizli də “gedirux” deyir”. Günün sualı: O vaxt bakılı yox imiş, yəni?..

Siz allah, deməyin, ucundan tutub ucuzluğa getdik… Dilçinin əlindən özgə nə iş gələr?