- Köşə

Aygün ƏZİZ. Dilim-dilim olan dilim hey

Bu yaxınlarda üç rəfiqəmlə şəhərin münasib yerində görüşdük. Çoxdan idi bir-birimizdən xəbər tutmurduq. Elə əsasən telefonla, votsapla aradabir səsli hal-əhval tutub hamımızın sağ-salamat olduğunu bilib arxayınlaşırdıq. Axırda xalq arasında deyildiyi kimi şeytanın qıçını (niyə qıçını və niyə yazıq şeytanın bunu sonra təhlil edərik, ancaq şeytanın bizim görüşümüzə mane olmasına nə desəniz də inanmayacam, çün belə mənasız söhbətlərdən uzağam) sındırıb bir yerə yığışa bildik. Üçümüz də ixtisasca xarici dil müəllimiyik. Amma rəfiqələrimdən biri məktəbin rus bölməsində, bir başqası liseydə, üçüncüsü universitetdə ingilis dilini tədris edir. Bəndəniz də vaxtilə müəllim işləmiş olsa, indi bu peşədən uzaqlaşıb.

Nə isə, baş ağrıtmayım, keçim mətləbə. Aramızda olan söhbəti elə bir məxfilik daşımadığına görə sizinlə bölüşmık istəyirəm, o səbəbdən ki, sizlərdən gizli niyə qalsın axı. Əgər ki məsələ milli xüsusiyyət daşıyan  dildən gedirsə.

Xülasə, bir kafe manşırlayıb üz tutduq ora. Ofisiant bizə menyunu verib getdi. Qızlar girişdilər adamın ağzının suyunu axıdan təamların rəngbərəng şəkilləri olan menyunun sürüşkən səhifələrinə.
– Nə “zakaz” edək?
– Mən “dieta”dayam. Keçən ildən “kilo almışam”. Ona görə indi bir az “relax” ([riləks]). “Stoliçnı” götürəcəm.
– Biz də “pervıy” mərci supu, “vtoroy” da “derevenski” kartofla langet deyək.
Razılaşdım.

Qızlar çoxdandır bir-birlərini görmürdülər deyə hər şeyi bir-birinə qatıb min cür şeylərdən gap eləməyə başladılar. Rus bölməsində dərs deyən rəfiqəmin dərdi açılmışdı:
– İndiki uşaqlar da, valideynləri də elə “naqlı”dırlar. “Zvonok”da da rahatlıq yoxdur. “Prosto nenaviju”, onsuz da “zarplata” da heç nəyə çatmır, ara yerdə “nervinni” olmuşam. “Kocişim” (“ərim” yəni) də deyir ki, birtəhər döz.
– Oy, “canım”, “ne qovori”, hər dəfə əsəbiləşəndə özüm-özümü sakitləşdirirəm, deyirəm “kəndinə gəl” türklər demiş.

Bir az da bu minvalla ordan-burdan söhbət edib gördük neçə saat keçib. Rəfiqələrimin yekdil təklifi ilə “nemetski şot” eləyib dağılışmağa qərar verdik.

Taksiyə minəndə rəfiqələrimdən biri böyüklük ədasıyla:
– Az, sən “tupoy” şeysən, çatanda “şofer”dən “zdaça”nı almaq yadından çıxmasın, – dedi.

Əlqərəz, taksiyə əyləşən kimi sürücü başını arxaya çevirib mənə sual verdi:
– Hara gedirik, xanım? “Adres” haradır?
– Sifariş verəndə yazılır da sizdə, – dedim.
– Hə, “prosto” telefonum “güncəllənir” deyə naviqatora baxammıram.

Evə çatana yaxın sürücü mənə tərəf dönüb:
– “Kruq”dan girim məhləyə?, – deyə bir sual da verdi.

Nə isə, rəfiqəmin “önərdiyi” kimi düşəndə “zdaça”nı aldım. Bloka girmişdim ki, rəfiqələrimdən biri zəng elədi.
– Az, çatmadın? Nə gec oldu?
– Sürücünün telefonu “güncəllənirdi” deyə naviqatora baxa bilmirdi, yolu mən izah etmişəm, şəhərdə də dəhşət tıxac vardı.
– “Güncəllənirdi” nədir az?
– “Update” ([apdeyt]) olurdu yəni.
– Həə, sən də belə de də. “Güncəllənirdi”, yox bir…

Sağollaşıb “otboy” etdim, yamanca yorulmuşdum.

(06.03.2023)