- Ədəbiyyat, Manşet

Səməd Vurğunun doğum günüdür

Səməd Vurğun (doğum adı: Səməd Yusif oğlu Vəkilov; 21 mart 1906, Yuxarı Salahlı, Qazax qəzası – 27 may 1956, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk xalq şairi (1956), 2 dəfə “Stalin” mükafatı laureatı (1941, 1942) və 2 dəfə “Lenin” ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956). Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biridir.

Şairin ilk çap əsəri olan “Cavanlara xitab” şeiri 1924-cü ildə Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc olunub. 1930-cu illərdə şairin “Könül dəftəri” və “Şeirlər” kitabları çapdan çıxıb. 1934-cü ildə yazdığı “Azərbaycan” şeiri ədəbiyyatımızın incilərindən hesab olunur. 1937-ci ildə “Vaqif”, sonrakı illərdə “Xanlar”, “Fərhad və Şirin”, “İnsan” dramlarını, “Zəncinin arzuları”, “Muğan”, “Aygün” və “Zamanın bayraqdarı” poemalarını qələmə alıb.

1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif olunub. 1956-cı ilin martında “Azərbaycanın Xalq şairi” fəxri adı təsis edilib və ilk dəfə bu ada Səməd Vurğun layiq görülüb.

Şair 1956-cı il mayın 27-də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.