- Köşə, Manşet

Gülyaz ƏLİYEVA. Səndən ötrü qan tökməyə, can verməyə cümlə hazırıq

Təqvimdə elə günlər var ki, o günlərin, bir insanın, bir ailənin taleyində çox böyük rolu var. O gün sənin üçün çox əzizdir. Elə günlər də var ki, o, bütövlükdə bir xalqın taleyini dəyişir, onun taleyində də, tarixində də mühüm rol oynayır. O günü ürəyinin başına yazırsan. O günlə təskinlik tapırsan. Dar macalda o günə sığınır, fəxr edirsən. Gələcəyə inamla, ümidlə baxırsan.

Belə əlamətdar günlərdən biri də 26 İyun Milli Ordunun Yaranması Günüdür. 28 Mayda “Yoxdan var yaradan” Demokratik Respublika təmsilçilərinin ən ümdə vəzifələrindən biri də dörd tərəfdən düşmənlərlə əhatə olummuş bir dövlətin təcili olaraq ordusunu da yoxdan var etmək, yaratmaq idi. Bu çətin işin təşkilini o zaman generallar Səmədbəy Mehmandarov və Əliağa Şıxlinski öz üzərlərinə götürdülər və az bir zamanda Milli Ordunun əsası qoyuldu. Şübhəsiz, hər bir dövlətin varlığının qorunmasında ordu müstəsna əhəmiyyətə malikdir. Amma yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyəti üçün ordu quruculuğu ölüm-qalım məsələsi idi. Hələ o dövrdə yenicə yaradılmasına baxmayaraq xalqın övladlarından təşkıl olunmuş ordu tezliklə öz sözünü dedi və düşməni geri oturtdu…

Azərbaycan yenidən müstəqilliyini bərpa edərkən tarix yenidən təkrar olundu. Şərait yenə həmin şərait idi. Yenə də dörd tərəfdən yenicə ayaq üstündə durmağa çalışan Azərbaycana qıcırdılmış, onu parçalamağa çalışan dişlər…Azərbaycan Ordusu yenə eyni şəraitdə yaradıldı. Böyük dövlətlərin üstümüzə qısqırtdığı ermənilər vəhşicəsinə torpaqlarımıza sahib çıxır, əhaliyə divan tutur, Xocalı soyqırımı ilə xalqın gözünü qırmağa, hər vasitə ilə onun Azərbaycan əsgərinə olan inamını da öldürməyə çalışırdılar. Beynəlxalq aləm isə “ancaq süllh yolu və danışıqlar yolu” deyə-deyə müharibəni acı bağırsaq kimi uzadırdı. Belə bir zamanda böyük Zəfərimizin başlanğıcını Azərbaycan əsgəri 4 gün davam edən Aprel döyüşlərində qoydu. Tarixi qələbəmizin, böyük Zəfərin, Azərbaycan xalqının birliyinin əsası məhz 2016-cı ilin aprelində qoyuldu.

Aprel döyüşləri zamanı Azərbaycan əsgəri xalqı silkələyib özünə qaytaran, onun içində közərən qələbə inamını alovlandıran, sonrakı 44 günlük müharibədə xalqın yekdil birliyinin təməlini qoyan əsas amillərdən biri oldu. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək təkcə 2 min hektardan artıq ərazini deyil, sındırılmış qürurumuzu, ölməkdə olan inamımızı, dağılmaqda olan birliyimizi də işğaldan azad etdi.
Can qurban etmənin vaxtl catıbsa,

Səndən hansı oğlun əsirgəyər can? – deyən oğullar 2016-cı ilin aprelində döyüşə atıldı, şəhid oldu, torpağa qarışdı, torpağı müqəddəs Vətən elədi, and yerinə çevirdi. Azərbaycan əsgəri! Kim idi o? Kimlərdən təşkil olunmuşdu? Xalqın öz övladlarından təşkil olunmuş ordu xalqın mənafeyini müdafiə etməli idi. Torpağı təmizləməli, Vətəni yağılardan nəyin bahasına olursa-olsun qorumalı idi. Təkcə silahı ilə deyil, dişi ilə, dırnağı ilə, kini, qəzəbi, nifrəti ilə. Böyük Vətən qeyrəti ilə! 30 ilin qəzəbi özünü 44 gündə göstərdi. Azərbaycan əsgəri bunu etdi, Azərbaycan Ordusu buna nail oldu! Öz sözünü vüqarla dedi, öz varlığını sübut etdi! Bu yolda minlərlə itkilərimiz oldu, torpaq şəhid qanı ilə yenidən təmizləndi, bərkidi, analar oğulsuz, gəlinlər ərsiz, uşaqlar atasız qaldı! Amma Vətənsiz qalmadı! İnamsız olmadı! Ümidsiz qalmadı. Atalar, analar, Vətən oğulları belibüküli, uşaqlar gözüqıpıq, xalq yıpranmış qalmadı. Başı dik, alnıaçıq-üzüağ gəzdi. Köksü qürurla qabardı. Bu gün fəxr edirik ki, qalib əsgərlərimizin təşkil etdiyi müzəffər ordumuz var!

GÜNÜN MÜBARƏK, BAŞIMIZI DİK, ALNIMIZI AÇIQ EDƏN, KÖKSÜMÜZÜ FƏXRLƏ QABARDAN, AZƏRBAYCAN ƏSGƏRİ! SƏNİ UNUTMADIQ, MÜQƏDDƏS ŞƏHİD. GÜNÜN MÜBARƏK!