Gəncəyə əvvəllər də getmişəm. Gəzinti məqsədilə bir neçə dəfə. Amma son illər məhz elmi işlərimlə, konfranslarla əlaqədar orada olmuşam. AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyevlə də onda tanış oldum. Elə ilk görüşdən və onunla apardığımız söhbətlərdən çox böyük həyat və elmi təcrübəyə malik bir insan olduğunu gördüm. Bu söhbətlərdə Fuad müəllimin bir gözəl keyfiyyətini də müşahidə etdim. Bu da onun müəllim sənətinə olan sonsuz vurğunluğu və ehtiramıdır.
Müəllimlik ta qədimdən ən müqəddəs peşə sayılıb və bu gün də belədir. Vəzifəsindən, mövqeyindən, yaşından, savadından asılı olmayaraq hamıda müəllimə bir ehtiram, bir minnətdarlıq hissi var. Fuad müəllimdə bu ehtiram və minnətdarlıq bir ehtişamla təqdim olunur. Müəllim adına olan müəzzəm ehtiram bu dağ cüssəli insanın ondan yaşca kiçik və təcrübəsi az olan müəllimlərə verdiyi dəyərdə özünü aydın büruzə verir. Öz də qeyd etdiyi kimi, bunun bir neçə səbəbi var. Əvvəla, o, müəllimlərini unutmayıb hər zaman əldə etdiyi nailiyyətlərində onların əməyini mütləq vurğulayır və onların xatirəsini əziz tutur. Onlara olan minnətdarlıq hissini bu gün bütün müəllimlərə göstərdiyi sonsuz diqqətdə görmək olar. Bu qədər diqqət və qayğının müqabilində yenə də bunun az olmasını həmişə qeyd edir. Cavan müəllimlərə öz köməyini və qayğısını əsirgəmir, işinin çoxluğuna və vaxtın azlığına baxmayaraq, bu mövzuda olan məsələləri vacib bilir, onlar üçün elmi seminarlar və tədbirlər təşkil edilməsi üçün əlindən gələni etməyə çalışır. Tədbirlərdə böyüyən nəslə elm və biliyin əvəzsiz bir nemət olduğunu, müəllimlərinə hər zaman valideyn qədər dəyər vermələrini təkrar-təkrar deməkdən yorulmur. Müəllimə ehtiramın bu qədər müqəddəs olduğunu və özünün də müqəddəs tutduğunu ehtiva edən bir mesajı ötürür gəncliyə.
Müəllim öyrədən deməkdir və hamımız üçün bir nümunə, örnəkdir. Fuad müəllim özü də elmi kadrlar yetişdirən bir alimdir. Rəhbərlik etdiyi elmi müəssisədə hər il neçə-neçə yeni başlayan tədqiqatçı məhz onun xeyir-duası ilə elmin yollarına qədəm qoyur, onun elmindən və təcrübəsindən yararlanır. Fuad müəllim elmi və təcrübəsi ilə bərabər, müəllimliyə olan sonsuz ehtiram və minnətdarlığı ilə də örnəkdir, nümunədir. Bu kiçik yazımla mən də Fuad müəllimə bu müqəddəs ehtiram üçün, bizə bu müqəddəsliyi təqdim və təlqin etdiyi üçün təşəkkür etmək istədim.
Bu gün Müəllimlər – öyrədənlər günüdür. Bu bayram münasibətilə Fuad müəllimi və onun timsalında elm və təhsil sahəsində əzmlə çalışan, bu şərəfli peşədə müəllim adını şərəflə daşıyan bütün müəllimləri təbrik edir, onlara möhkəm can sağlığı və təhsil sahəsində ən yüksək zirvəni fəth etməyi arzulayıram.