- Cəmiyyət

ABŞ Qəzzaya dronlar göndərib

HƏMAS-ın İsrailə hücumu ilə başlayan toqquşmanın dördüncü həftəsi başa çatmaq üzrədir.

Modern.az bölgədəki ən son vəziyyəti təqdim edir.

İsrail Qəzza zolağının ən böyük şəhərini mühasirəyə aldığını və məqsədin HƏMAS-ı məhv etmək olduğunu bildirir. “Biz döyüşün zirvəsindəyik. Təsirli uğurlar qazandıq və Qəzza şəhərinin kənarlarını keçdik. Biz irəliləyirik”, – İsrailin Baş naziri Benyamin Netanyahu belə deyib.

ABŞ dövlət katibi Antoni Blinken bir ay ərzində ikinci dəfə İsrailə səfər edərək Netanyahu ilə görüşəcək. Blinken Vaşinqtondan Yaxın Şərqə yola düşərkən Qəzzada mülki insanlara dəyən zərəri minimuma endirmək üçün konkret addımları müzakirə edəcəyini bildirib.

Fələstinli mülki əhali arasında artan itkilər, kəskin ərzaq, su, dərman və yanacaq çatışmazlığı qlobal liderlərin döyüşlərdə fasilə və ya atəşkəs çağırışlarını gücləndirib. İsrail bu çağırışları rədd edir və HƏMAS döyüşçülərini hədəf aldığını bildirir. Ağ Ev də atəşkəs çağırışlarını rədd edib.

BMT də İsraili atəşkəsə çağırıb. Təşkilatın xüsusi məruzəçilərinin bəyanatında deyilir: “Biz İsraili və onun müttəfiqlərini dərhal atəşkəsə razılaşmağa çağırırıq. Vaxtımız tükənir”. İsrailin BMT-dəki Cenevrə missiyası məruzəçinin şərhlərini “təəssüf və dərin narahatlıq doğuran” adlandırıb və mülki əhalinin ölümündə HƏMAS-ın günahkar olduğunu bildirib.

İsrail bildirir ki, HƏMAS-ın hücumu nəticəsində əksəriyyəti mülki şəxslər olmaqla 1400 nəfər ölüb və 240-dan çox insanı girov götürülüb. Qəzzada ölənlərin sayı isə 9 mini ötüb.

İsrail ordusunun sözçüsü kontr-admiral Daniel Hajari jurnalistlərə bildirib ki, ölkəsinin qoşunları HƏMAS terror təşkilatının mərkəz nöqtəsi olan Qəzza şəhərini mühasirəyə alıblar. İsrail hərbi mühəndislərinin rəisi briqada generalı İddo Mizrahi isə deyir ki ki, qoşunlar mina və bubi tələləri ilə qarşılaşır. İsrail cümə günü quru əməliyyatlarının genişlənməsindən bəri 18 əsgərini itirdiyini və onlarla yaraqlının öldürüldüyünü açıqlayıb.

Adının açıqlanmasını istəməyən iki ABŞ rəsmisi “Reuters”ə bildirib ki, ABŞ girovların tapılmasına kömək etmək üçün Qəzza üzərində kəşfiyyat məlumat toplayan pilotsuz uçuş aparatları (dron) uçurur.