- Cəmiyyət

İsrail XİN: Fələstinlilər Qəzzadan deportasiya olunmayacaq

İsrail hakimiyyəti fələstinliləri Qəzza zolağından çıxarmaq niyyətində deyil, ona görə də İordaniya rəhbərliyinin ölkələr arasında mümkün müharibə ilə bağlı sözləri təəssüf doğurur.

“Report” xəbər verir ki, bu barədə TASS İsrail Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Sənəddə qeyd olunur ki, İsrail və İordaniya arasında münasibətlər hər iki dövlət üçün strateji əhəmiyyət kəsb edir. Buna görə də İsrail İordaniya rəhbərliyinin “təhrikedici” bəyanatlarından təəssüflənir. Xarici İşlər Nazirliyi vurğulayıb ki, İsrailin məqsədi HƏMAS qruplaşmasının “terror infrastrukturunu” ləğv etməkdir və yəhudi dövləti Qəzza zolağının mülki əhalisinə zərər vermək və ya onları deportasiya etmək niyyətində deyil.

Bundan əvvəl İordaniyanın Baş naziri Bişar əl-Xasaun bildirmişdi ki, ölkə hökuməti Fələstin xalqının Qəzza zolağından və ya İordan çayının qərb sahilindən çıxarılması cəhdlərini müharibə elanı kimi qiymətləndirmək niyyətindədir.