Afrikanın şimalı və Saxara regionunda keçmiş “Vaqner” döyüşçülərindən ibarət “Afrika korpusu” formalaşdırılır.
APA-nın xəbərinə görə, bu barədə “The Independent” məlumat yayıb.
Qəzet yazıb ki, keçmiş “Vaqner”-dən fərqli olaraq “Afrika korpusu” dolayı deyil, birbaşa Kremlin nəzarətindədir. Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko da “Afrika korpusu”nun formalaşdırıldığını bildirib.
Qeyd edilib ki, regionda qeyri-stabilliyin artması fonunda keçmiş “Vaqner” döyüşçüləri Liviya və Sudanda mövqelərini möhkəmləndirirlər. Fransanın hərbi bazalarını bir sıra Qərbi Afrika ölkələrindən çıxarması fonunda bu regionda da keçmiş “Vaqner” döyüşçülərinin fəallaşacağı proqnozlaşdırılır. “Afrika korpusu” keçmiş “Vaqner” kimi faydalı qazıntı yataqlarının işlənməsi müqabilində yerli hökumətlərin təhlükəsizliyinin təmini ilə məşğuldur.