- Köşə

Bəyaz dünya

Xaliq məni Öz sevgisindən yapdı, Öz oxşarında və bənzərində yaratdı. Mən işıq saçan ağ zərrə idim. Onun inayət döşündən axan sevgi südü ilə qidalanırdım, səmavi ağacının əbədiyyət meyvələri ilə bəslənirdim. Yaradanın isti qucağında, bəmbəyaz məkanda, Onun sevgi və mərhəməti içində necə də xoşbəxt idim. Onun bir zərrəsi olmağın xoşbəxtliyi və sevinci qədər gözəl hiss ola bilərmi?

Bir gün Yaradan məni o isti qucağından, sevgidolu qoynundan, sevgisi ilə qidanlandırdığı döşündən, o gözəl bənbəyaz məkandan ayırıb qaranlıq, su ilə dolu dar və qaranlıq kisənin içinə saldı. Axı mənim günahım nə idi? Səbəbini bilmədim. O, niyə məni parlaq, bəmbəyaz dünyadan ayırıb, belə bir yerdə məhbus etdi?  Mən ki, orada, Onunla xoşbəxt idim və O, məni, mən də Onu  sevirdim.

O, məni qaranlıq kisənin divarına yapışmış balaca qan laxtasına bağladı. Qışqırdım, fəryad etdim, amma məni eşitmədi. Nalə çəkdim, ağladım, “Xaliq”, “Yaradan” deyə onu səslədim. O, mənə cavab vermədi. Qan laxtasından qopmağa çalışdım, çırpındım. Ağrı hiss etdim. Anladım ki, mən elə həmin qan laxtasının özüyəm. Yaradanın bəyaz göylərində bərq vuran zərrədən qaranlıq kisənin divarında qan laxtasına çevrilməyim məni üzdü.

Günlər keçdi, öz taleyimlə barışdım. Mən dəyişməyə başladım. İçimdə döyüntü hiss etdim. Bu mənim ürəyim idi. O hey dayanmadan vururdu. Sonra gözlərim və qulaqlarım yarandı. Düşündüm ki, “bu qaranlıq ət divarlar arasında bu gözlər, bu qulaqlar nəyimə lazımdır. Mən ki, onlardan burada istifadə edə bilməyəcəym”. Bu az imiş bir müddət sonra əl və ayaqlarım çıxdı. “Bu lap ağ oldu” – özlüyümdə düşündüm: “Bunlar mənim nəyimə lazımdır. Məgər burda gəzməyə yer var?! Bu əllərlə nəyi tutmalıyam”

Sonra kiminsə ürək döyüntülərini eşitdim. Əvvəl bunu öz ürəyimin səsinin ət divarlarda əks sədası hesab etdim. Lakin onun döyüntüləri daha güclü idi və hər dəfə çırpınanda ondan mənə tərəf sevgi selinin axdığını hiss edirdim. Sevindim: Yaradanım yaxınlıqdadır, yanımdadır.

Sonra ət divarların arxasında kiminsə səsini eşitməyə başladım: məlahətli, mərhəmət dolu bir səs. Yenə də elə bildim ki, Yaradanımdır. Bu Onun səsi idi? Diqqət etdim, xeyir, bu onun səsi deyildi. Onun səsini həmişə içimdən eşidirdim. Bu səs onun mənə verdiyi qulaq vasitəsi ilə kənardan içimə daxil olurdu. Hər kimin səsi idisə Yaradan kimi məhəbbət və mərhəmət saçırdı.

Bəzən yüngül toxunuşlar hiss edirdim. Yaradanın mənimlə olan rəftarına bənzəyirdi. Məni sevgi ilə oxşayırdı, xoş zümzümələr edirdi. Bu mənə ünvanlanmış sevgi idi. Mən Onun sevgisini tanıyırdım. Sevildiyimi hiss edirdim.

Bir gün anladım ki, nə ürək döyüntüləri, nə də məni əzizləyən və oxşayan o səs Yaradanım deyil, Onun kimi sevgi saçsa da, O deyil. Ağladım, ayaqlarımla, bütün bədənimlə divarlara çırpındım. Bayırdan sevinc dolu səs eşitdim: “O tərpənir, O, hərəkət edir”. Mən çırpındıqca, sevinc sədaları daha da güclənirdi. Səsləndim: “Bayırda olanlar, siz kimsiniz? məni burdan azad edin, məni Yaradanımın yanına qaytarın. Eşidirsiz məni?”

Ət kisəsinə sığmırdım, fəryad edir, qışqırır və çırpınırdım. Bir gün kisəmin suyu azalmağa başladı. Məni əzizləyən və oxşayan həmin o sevgidolu səs də kəsildi. İndi həmin səs mənə qoşulub fəryad edirdi, bir müddət kəsilir, sonra yenidən qışqırırdı. Bayırdan gələn səslər çoxalırdı. Təşviş, qorxu və həyəcan hiss edirdim. Kisəmin ətrafında nələrsə baş verirdi.

Sonra məni bir cüt əl çəkib aldı. İşıqdan gözlərim qamaşdı. Bu işıq Yaradanın yanında gördüyüm bəyazlığın işığına bənzəmirdi. Nə edəcəyimi bilmirdim. Ətrafımda ağ geyimli məxluqlar var idi.  Kimsə məni başıaşağı tutub arxamı şapalaqlayırdı. Ağladım. Necə də qəddar idilər. Mən ağrıdan qovrulub, əzab içində ağlayır, onlar isə mənim vəziyyətimə baxıb gülür, sevinir, kiməsə gözaydılığı verirdilər. Dəhşət içində idim, qaranlıq kisəmə qayıtmaq istəyirdim. Sonra məni büküb bir nəfərin qucağına qoydular.

Qucağında olduğum insanın ürək döyüntülərini eşitdim, xatırladım. Bu kisənin içində eşitdiyim həmin döyüntü idi. Bir qədər sakitləşdim. O, ağlaya-ağlaya gözlərimin içinə baxırdı, mərhəmət və tükənməz sevgi ilə məni öpürdü, məni qoxlayırdı. Əlbəttə, O, Yaradan deyildi, amma Onun kimi isti, sevgidolu və xeyirxah idi.  Uzun-uzadı onun yaşla dolu, sevincdən, heyrətdən və sevgidən parlayan gözlərinə baxdım. Daha qaranlıq kisənin içinə qayıtmaq istəmirdim. Beləcə onun qolları üstə yuxuya getdim. O, mənim anam idi.

Sonra ağlayaraq oyandım. Bu aclıq hissi idi. Anam məni qolları arasına alıb sinəsinə sıxdı və onun südünü daddım. Yaradanın inayət döşündən aldığım süd kimi bəmbəyaz, isti və şirin idi. Gözlərimi gözlərinə zilləyib anamın südünü içirdim, hər qurtumda sevgi vardı, özümü çox güvəndə hiss edirdim. Ana südü bütün keçmiş həyatımı mənə unutdurdu. Yaradanın bəmbəyaz və sevgi göylərindəki həyatımı, anamın bətnində ət divarlar arasında keçən həyatımı yaddaşımdan sildi.

Günbəgün böyüyürdüm, ayaq açıb yeridim. Bir gün anam əlimdən tutub  həyətə çıxartdı. Gözlərimə inana bilmədim. Hər yer bəmbəyaz qarla örtülmüşdü. İçimə hədsiz sevinc, xoşbəxtlik və heyranlıq hissi doldu. Hiss edirdim ki, bəmbəyaz örtüyün məndə yaratdığı bu hissləri mən nə vaxtsa yaşamışam, mənə tanış və doğma idi. Keçmiş həyatımda, Yaradanın bir parçası olarkən bunları yaşamışdım. Anamın əlini buraxıb parlaqlığa doğru əyildim, ağ örtüyün içində parlaq zərrəciklər bərq vururdu, sevincim yerə-göyə sığmırdı. Mən də nə vaxtsa Yaradanın bənbəyaz dünyalarında belə zərrə olmuşdum. Həyətdə mənim yaşda başqa uşaqlar da var idi. Onlar da mənim kimi sevinir, qışqırır, xoşbəxtlik və sevinc içində qardan ayrılmaq istəmirdilər. Görünür mənim keçirdiyim hissləri onlar da keçirirdi.

Mənsurə Dilavər Cümşüdlü