- Köşə

Firidun AĞAZADƏ. Niyə belədir?

“Çatıram…”

Mobil telefonlar həyatımıza çox yeniliklər gətirib. Onlardan biri də sürətli rabitədir. Dünyanın başqa bir ölkəsində, başqa bir qitədə yaşayan, işləyən doğmalarımızla, dost-tanışlarımızla anındaca rabitə yarada bilirik. Amma mobil telefonlar həm də neqativ davranış tərzləri gətirib həyatımıza. Təsəvvür edin, Salyandan çıxıb Bakıya gələn tanışıma zəng vururam ki, haradasan, gəlib tədbirə çatacaqsanmı? Deyir ki, çatıram, çatıram… Bir azdan yenə zəng eləyirəm. “Çatıram…” – deyir. Sonra məlum olur ki, adam Ələtə hələ indi çatır… Mənim onu yoxlamağa ya ona inanmamağa səbəbim yoxdur. Amma yalan deyir də. Neyləyəsən? Yəni, o adam sonra cavabını istədiyi şəkildə reallaşdıra bilər: “Dəhşət tıxac idi…. Maşının təkəri buraxdı… qan-tər içindəyəm, təkəri aparıb yamatmışam… və sair”.

Niyə belədir? 

“Facebook-un şantajı…”

Öyün yıxılsın, Facebook! Bütün fikirlərimizi, ürək sözlərimizi, arzu-istəklərimizi (və iştəklərimizi) yığmısan Şəbəkəyə. Sənin bu Şəbəkə kəşkülündə nələr var?! Sirr qoymadın bizdə ki..! Bu azmış kimi, vaxtaşırı hələ bir XATIRLATMA  da eləyirsən bizə. Ki, keçən il, inişil ya da bildir (ya da bildirləri), lap elə 2010-cu ildə belə bir fikir demişdin, indi də o fikrin arxasında durursanmı? (İndi gəl, dur da!). Arxasınca da bic-bic şirnikləndirmə: “Kimsə sənin yazdığın, paylaşdığın bu fikri görməyəcək, oxumayacaq, amma istəsən… yenidən yaya bilərik… (ha!)” – deyə bizi şantajla hədələyirsən.

p.s. Adam istəyir bu yerdə bir desin: Toppuzum, toppuzum, gəl, bu Facebook-u dağıt..!

“Kimin profili…?”

Bu günlərdə Facebook elan eləyib ki, ProfilVisitor tətbiqetməsindən istifadə edərək profilinizi kimin ziyarət etdiyini görə bilərsiniz. Nəyə gərəkdi? Mən onsuz da bilirəm ki, kimin profili mənim üçün əzizdir və ya mənim profilim kimin üçün “açıqdır”. Başqa profillərlə işimiz yox, birindən başqa…

 “Şahzadə qızım!…”

Kimsə 2-3 yaşlı qızının fotosunu FB-a qoyub öyürdü: “Mənim şahzadə qızım! Sən doğulandan mən şan-şövkət sahibi olmuşam. Şahzadələr sənin əlinə su tökməyə də layiq deyil. Ey Sultanım! Ey gözəl yavrum! Dünya sənsiz çox solğun görünərdi. Azərbaycan sənsiz neyləyərdi? Ey Məhsətinin, Nüşabənin, Nigarın, Həcərin… Hürrəmin, Zoluşkanın… Sinderellanın varisi!..”  Məgər sözün qoruq-qaytanı olmaz?..

Niyə belədir?

“On min dost..”

Birisi FB-da fəxrlə yazmış ki, nə az-nə çox, 10 min dostu var. Necə, yəni? İndi dost nəəzir? Məgər bilmir ki: “İndi mənə hamı yaddır, Ondan başqa. İndi mənə hamı dostdur, Ondan başqa”? Məsələn, Napoleon Bonapartın Vaterloo çölündəki heykəlinin postamentində bu sözləri özüm oxumuşam: “Onun dostu yox idi”. Amma İmperator idi! Jozefina da yanında.

Niyə belədir?

“Əsgər getməyənlər…”

Millət vəkili, çox hörmətli  Etibar Əliyev yazmış: “Vəzifəlilərin əksəriyyətinin övladlarının cibindən hüquq fakültəsinin diplomları çıxır”. Mən də deyirəm: “Üstəlik, onların çoxu da əsgər getmir”.  Həyatım boyu qanunla yaşadım, işə gedib gəldim, Vətəni sevdim, əsgəri oldum, vicdanla işlədim, işdə dörd bir yanım əsgər getməynlərdir, yaşadığım yerdə isə heç harada işləməyənlər daha yaxşı yaşayır.

Niyə belədir?

Bu ədalətdir?

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib ki, “…araşdırmalardan sonra kifayət qədər saxtakarlıqlar aşkarlanıb, nəticədə, 17 mindən çox saxta əllilik, 90 minə yaxın pensiya işi ləğv edilib”. İndi, vallah, “desəm öldürərlər, deməsəm ölləm”…  Məgər belə deyil? Tanıdığınız minlərlə “əlil” və “pensiyaçı” gözümüzün qabağında pəhləvan kimi illərlə sap-sağlam gəzir, “cip”də cövlan edir… başqaları da onu “zirək” hesab edir… Bu, ədalətdir?!.

Niyə belədir?

“Nisbətən güclü…”

Vəzifəyə güclüləri yox, nisbətən güclüləri qoyurlar… Birinci şəxslərə “nisbətən güclülər” sərf eləyir… Ki, lazım olanda dalından təpik vura bilsin.

Niyə belədir?

Real TV

“Real TV” nin yersiz obrazlılığı bir xəstəliyə çevrilib… Bu, xüsusən xəbər titrlərində lap kəllə-çarxa vurur. Bu ayrı mövzudur. Real TV-nin xəbər anonslarını bir qız oxuyur, elə bil  kar adam üçün oxuyur… Yəqin, bu intonasiyanı bilirsiz də… Qız unudur ki, mən onunla üzbəüz oturmuşam… ekranın bu üzündə… Hər gün belə oxuyur…

Niyə belədir?