2024-cü ilin noyabr ayında ölkə üzrə havanın temperaturu bəzi günlərdə normadan yuxarı, bəzi günlərdə isə normadan aşağı olub. Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 17 gün normadan yuxarı,1 gün norma daxilində, 12 gün isə normadan aşağı olub, orta aylıq temperatur isə 11.4 dərəcə isti qeydə alınıb.
“Report” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, ötən ay maksimal temperatur noyabrın 22-də qeydə alınıb ki, həmin gün havanın maksimal temperaturu ölkə üzrə Beyləqan rayonunda 26.4 dərəcə, Bakıda və Abşeron yarımadasında isə 24,5 dərəcə isti olub. Minimal temperatur isə ölkə üzrə noyabrın 28-i Şahdağda 13.9 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə noyabrın 7-də 3.5 dərəcə isti müşahidə olunub.
“2024-cü ilin noyabr ayında bölgələr üzrə 19 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 174 faizi olmaqla Lənkəran-Astara zonasına, aylıq normanın 144 faizi olmaqla isə Bakı və Abşeron yarımadasına düşüb”, – xidmət rəisi deyib.
N.Mahmudov qeyd edib ki, 2024-cü ilin noyabr ayının bəzi günlərində dağlıq ərazilərə qar yağıb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü 10-20 sm olub.
“Noyabr ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı ölkə üzrə rəng şkalasına uyğun olaraq 12 dəfə sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 18 gün, bölgələrdə isə 16 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti 28 m/s-dək güclənib”.