Martın 14-də Tbilisidə Novruz bayramı münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Gürcüstandakı icma üzvləri tərəfindən təşkil olunan tədbirdə bu ölkənin parlamentinin deputatları, dövlət və hökumət rəsmiləri, Azərbaycanın Gürcüstandakı səfiri və səfirliyin əməkdaşları, Azərbaycanlı İş Adamları Birliyinin sədri və üzvləri, soydaşlarımız iştirak ediblər.
Tədbirdə çıxış edən Gürcüstan parlamentinin vitse-spikeri Sozar Subari bildirib ki, müsəlmanların Novruz bayramı, Ramazan ayı xristianların oruc tutduqları ayla üst-üstə düşüb. Onun sözlərinə görə, bu, bizim xalqlarımızın eyni harmoniya içərisində birgə həyat sürməsinin, eyni duyğuları və hissləri paylaşmasının əyani sübutudur.
Ombudsman Levan İoseliani isə deyib ki, Gürcüstan azərbaycanlıları ölkənin inkişafında fəal iştirak edirlər. Onlar həm cəmiyyətin müxtəlif sahələrində, həm də iqtisadi və mədəni həyatda mühüm rol oynayırlar.
Gürcüstanın barışıq və bərabərlik üzrə dövlət nazirinin birinci müavini Lia Gigauri isə Novruz bayramının bərabərlik və inteqrasiya simvolu olduğunu, həmçinin müxtəlif mədəniyyətlərin harmoniya içində yaşamasını təmin etdiyini vurğulayıb.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında bildirib ki, Novruz bayramı həm Azərbaycanda, həm də Gürcüstanda böyük sevinclə qeyd edilir. Bu bayram hər iki ölkədə milli kimliyi, mədəniyyəti və ənənələri təbliğ edən, xalqı birləşdirən, sevgi, sülh və əmin-amanlıq diləyən bir gündür. Novruzun hər iki ölkədə böyük önəmi var, çünki o, həm yeni ilin başlanğıcı, həm də təbiətin canlanmasının simvoludur.
Diplomat bu bayramın dünya miqyasında qeyd olunmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük rolunu xüsusi vurğulayıb. Bildirib ki, məhz Mehriban Əliyevanın səyləri nəticəsində Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib və BMT tərəfindən hər il martın 21-i Beynəlxalq Novruz Günü kimi qeyd olunur. Əlbəttə ki, bu, böyük bir nailiyyətdir.
Səfir, həmçinin deyib ki, Gürcüstanda yaşayan 100 minlərlə azərbaycanlının tarixi ənənələrinə sadiq qalaraq bu bayramı qeyd etməsi böyük bir rəmzi mənaya malikdir. Son 10 il ərzində Gürcüstan dövləti, ölkənin aidiyyəti struktur qurumları və rayon rəhbərləri də azərbaycanlılarla birgə bu bayramı qeyd edir.
Digər çıxış edənlər xalqımızı bayram münasibətilə təbrik edib, bolluq, sülh, firavanlıq arzulayıblar.
Tədbirdə tar ifaçısı Ramin Pirməmmədov, “Ceyran” rəqs qrupu və “Bez” teatrının balaca aktyorları, tanınmış musiqiçilər çıxış ediblər.