Bu gün Azərbaycan diplomatlarının peşə bayramıdır.
“Report” xəbər verir ki, diplomatik xidmətin yaradılmasından 106 il ötür.
Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyul ayının 9-nun Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Diplomatiya gününün müəyyən olunması ilə bağlı bir neçə təkliflər nəzərdən keçirilib, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlə imzaladığı ilk müqaviləsi – Osmanlı Türkiyəsi ilə bağlanan müqavilə günü, Paris Sülh Konfransında Antanta dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanındığı gün və s.
Lakin nəticədə qərara alınıb ki, arxivlərdən Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd 1919-cu il 9 iyul tarixli Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat olduğundan məhz bu tarix diplomatiya gününün əsasını təşkil etsin.
Azərbaycan diplomatiyası ilk addımlarını atarkən – 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.