- Təsəvvüf

İbn Ərəbi

Aida QASIMOVA
Professor

Muhyiddin ibn Ərəbi (1165-1240) bəşəriyyətin fikir dünyasına, mədəniyyət və ədəbiyyatına böyük təsir göstərmiş nadir şəxsiyyətlərdəndir.

Tarix boyu haqqında ən fərqli mülahizələr söylənib; bəzən mömin, müqəddəs insan kimi göylərə qaldırılıb, bəzən də bidətçi kimi lənətlənib. Buna səbəb, onun dünyagörüşünün çoxcəhətli xarakteri, təlimində ortodoks İslama zidd məsəllərin əks olunması idi.

İbn Ərəbi müxtəlif mədəniyyətlərin qovuşduğu bir yerdə – ərəblərin Əndəlus adlandırdığı Pireney yarımadasında dünyaya göz açıb. O dövrdə İspaniyada müsəlman, xristian və yəhudi dinlərinin və mədəniyyətlərinin daşıyıcıları birgə yaşayırdılar. Digər tərəfdən, İspaniyada qədim yunan filosoflarının yaradıcılığına, ərəb-müsəlman imperiyasının şərq əyalətlərində yaranmış dini-fəlsəfi və ədəbi əsərlərə hədsiz maraq var idi. Belə bir zəmindən qaynaqlanan İbn Ərəbi öz təlimində müxtəlif dinləri, fəlsəfi cərəyanları sintez etmiş, amma əsas üstünlüyü təsəvvüfə verərək bu sahədə öz təlimini yaratmışdır.

Görkəmli sufi filosofu və şairi ibn Ərəbinin əsl adı Əbu Abdullah Muhamməd ibn Əli ibn Muhamməd əl-Hatimi ət-Tai əl-Ərəbidir. Dilçi Əbu Bəkr ibn əl-Ərəbidən (v. 1148) fərqləndirmək üçün adını çox zaman ibn Ərəbi kimi göstərirlər. Ərəb sufi fəlsəfəsində və dini-fəlsəfi düşüncə sistemində tutduğu yerə görə onu “əş-Şeyx əl-Əkbər” (Ən böyük şeyx) və “Muhyiddin” (Dini dirildən) adlandırıblar. “İbn Ərəbi” nisbəsini çox güman ki, özü götürüb və soy kökünün bədəvi ərəblərə bağlılığını vurğulamaq istəyib.

İbn Ərəbi 1165-ci ildə Əndəlusda, (indiki İspaniya) Mursiya şəhərində dünyaya gəlib. Atası hörmətli din xadimi, Əndəlusun zadəgan dairələrində sayılan bir şəxs idi. İki əmisi sufi olub. Hələ gənc yaşlarında atası onu o dövrün elm və mədəniyyət mərkəzlərindən olan Sevilyaya aparır. O dövrdə Əndəlusda Şimali Afrikadan gəlmiş bərbər sülaləsi olan əl-Muvahhidunlar ağalıq edirdi. Həm əl-Muvahhidunların, həm də onlardan əvvəl ağalıq etmiş əl-Murabitunların sufizmə meylli olması qeyd edilir. Bu iki bərbər sülaləsinin İspaniyaya gəlişi ilə buradakı müsəlman ağalığı zəifləməyə başlamış, rekonqista deyilən bir hərəkat – xristianların öz ərazilərini qaytarmaq uğrunda mübarizəsi güclənmişdi.

İbn Ərəbinin gənclik illərində Əndəlusda müvəqqəti də olsa sabitlik var idi. Məsafə uzaqlığı imperiyanın şərq əyalətində cücərib pöhrələnmiş fikir və düşüncə sistemlərinin Əndəlusa gəlişinə mane olmurdu. Yunan fəlsəfi əsərlərinin tərcümə və şərhləri, xüsusilə neoplatonizm fəlsəfəsi, mötəzili, batini, ismaili və qərməti ideyaları, Şihabəddin Suhraverdi əl-Məqtul (v.1191) kimi azərbaycanlı fikir nəhənginin əsərləri, İmam əl-Ğəzali (v.1111) fəlsəfəsi Əndəlus ziyalılarına məlum idi. Gənc yaşından mükəmməl təhsil alan İbn Ərəbi, xüsusilə Şihabəddin Suhraverdi və İmam əl-Ğəzali fəlsəfəsini dərindən mənimsəmişdi. Dərin zəkasına, yüksək intellektinə baxmayaraq, əqli mühakimələr və rasionalizm yolu tutduğu bu illəri ibn Ərəbi “cahillik dövrü” adlandırır.

İbn Ərəbinin xüsusi missiyası özünü erkən büruzə verir. Yeniyetməlik dövründə Sevilyada dostları ilə şənlik etdiyi gecələrin birində onun qulağına belə bir səs gəlir: “Ya Muhamməd, biz səni bunun üçün yaratmadıq!” O, qorxu içərisində məclisi tərk edib qəbiristanlığa qaçır və üç gün burada tənhalığa çəkilir. Məhz burada o, üç monoteist dinin peyğəmbərləri ilə – Musa, İsa və Məhəmmədlə bağlı mistik nurlanma halları yaşayıb onlardan bilgi və təlimatlar alır. Gizli elmlərə sahib olması isə yeniyetmə dövründə məruz qaldığı ağır xəstəlikdən sonra başlayır. İbn Ərəbinin özü bu hadisəni təsvir edərək bildirir ki, ağır xəstəlik keçirib can vermə halına gələrkən, gözünə cavan və gözəl bir oğlan görsənir. O, “Sən kimsən?” – deyə soruşur. Oğlan, “Mən Yasin surəsiyəm, sənə şəfa verməyə gəlmişəm,” – deyir. Bu mistik görüntüdən sonra ibn Ərəbi özünə gəlir və gözlərini açarkən oğlunun öldüyünü zənn edən atasının başı üzərində Yasin surəsi oxuduğunu görür.

Bu parçada maraqlı olan İlahi kəlamın – Quran surəsinin cisim kəsb etməsi, materiallaşması, insan surətində təzahür etməsidir. İdeyanın, fikrin, sözün maddiləşməsi çox güman ki, ibn Ərəbi ontologiyasının əsasında dayanan “sabit mahiyyətlər” konsepsiyasının yaranmasına təsir göstərib. Bu konsepsiyaya görə, məxluqat xəlq olunmazdan əvvəl xaliqin öz varlığında sabit ideyalar şəklində mövcud olub. Yaradılış prosesi ilahi manifestasiyanın bu ideyalardakı əksi kimidir. Əgər mövcud aləm Allahın ad və atributlarının əksi, güzgüdəki şəklidirsə, sabit ideyalar həmin güzgünün özüdür. Sonradan hürufilikdə bu konsepsiyanın daha da inkişaf etdirilməsinin, varlığın məhz materiallaşmış hərflərdən yaranması kimi bir nəzəriyyənin yaranmasının şahidi oluruq.

İbn Ərəbinin hələ gənclik illərində bəzi sufi şeyxlərinin yanında müridlik etməsi məlumdur. O, əsərlərində Əbu Cəfər Uryani, Əbu Yaqub əl-Qeysi, Saleh əl Ədəvi kimi sufi şeyxlərindən təlim aldığını bildirir. Bu sonuncu gələcəkdən xəbər vermə kəraməti ilə məşhur olub. İbn Ərəbinin bir sufi kimi yetişməsində qadınların böyük rolu olub. Fatimə bint əl-Musənnə və Şəms Umm əl-Fuqara adlı iki övliya qadının və zövcəsi Məryəmin onu mistik həyatında böyük rolu olduğu göstərilir. Görünür, bu təsirin nəticəsində ibn Ərəbi fəlsəfəsində qadın həmişə xüsusi məqamda olub. İbn Ərəbi xüsusilə şeyx Fatimədən həvəslə danışıb onu belə təsvir etmişdir: “Mən onu ilk dəfə görəndə 90 yaşı olardı. Yaşının çoxluğuna baxmayaraq, yanaşı oturduqda mən onun üzünə baxmağa utanırdım. Olduqca təravətli, çəhrayı üzü var idi”.

İbn Ərəbinin həyatının maraqlı epizodlarından biri onun məşhur filosof ibn Ruşdla görüşüdür. Bu görüşdə iki arifin bir-birini sözsüz duyması, lakin varlığın dərkinə fərqli yanaşması əks olunub. Sevilyada ibn Ərəbi təhsilini davam etdirməklə yanaşı, həm də müxtəlif əyanların yanında katib kimi çalışır.1194-cü ilədək o, ara-sıra İspaniyanın başqa şəhərlərinə səyahət etsə də, əsasən Sevilyada qalır. Ümumiyyətlə, ibn Ərəbi səyahətlərə çox meylli olub. O, otuz yaşında Tunisə səfər edir, bir il buradakı Sufi ribatlarına gedir, sonra Mərakeşə, Fesə səfər edir. 1998-ci ildə o Fesdə “Kitab əl-İsra” əsərini yazır.

1199-cu ildə o, İbn Ruşdun dəfnində iştirak üçün Kordovaya yollanır. Bunun ardınca Almeriyada “Məvaqi ən-nucum” əsərini yazır. 1202-ci ildə ibn Ərəbi Əndəlusu tərk edir və tale elə gətirir ki, o, daim axtardığı ruhi yüksəlişi Şərqdə, Məkkədə tapır və bir daha Əndəlusa qayıtmır. Bəlkə də, onun qayıtmamasının səbəbi İspaniyada rekonqista hərəkatının güclənməsi, xristianların müsəlmanları sıxışdıraraq öz hakimiyyətlərini bərpa etməsi olmuşdur. İbn Ərəbi Şərqə yolunu Misirdən salır. Amma onun təlimini bəyənməyən Misir mühafizəkar üləmasının təzyiqi ilə burada çox qalmayıb ölkəni tərk edəsi olur. ( Misir İslam dünyasında ibn Ərəbi irsinə qərəzli, düşmən mövqedə olan ölkə kimi tanınıb. Hətta yaxın keçmişdə, 1970-ci ildə “Müsəlman qardaşları” cəmiyyətinin təzyiqi ilə ölkədə ibn Ərəbi əsərləri qadağan edilib.)

İbn Ərəbi Qahirəni tərk edib Məkkəyə, həcc ziyarətinə yollanır (1202) və buradakı müqəddəslik, ilahi durum onun ruhi-mənəvi dünyasına dərin təsir göstərir. İbn Ərəbi iki il Məkkədə qalır. Burada o, özünün haqqında bir az sonra geniş danışacağımız “Tərcüman əl-əşvaq” (İstəklərin izahı) divanını qələmə alır, eləcə də, ən fundamental əsəri olan “əl-Futuhat əl-Məkkiyə” əsərini yazmağa başlayır. Bu əsəri o, 30 il sonra Suriyada tamamlayır. Məkkə ziyarəti ibn Ərəbinin ruhi-mənəvi aləminə dərin təsir göstərir. İbn Ərəbi Məkkədə meditasiyalara qapılır, ruhi təkamülündə mühüm inkişaf keçir, tez-tez trans halı yaşayır, mistik görüntülər duyur. Burada o, bir çox sufi şeyxləri ilə görüşür və demək olar ki, həyatının ən mühüm hadisələrindən birini yaşayır; O, fars gözəli Nizama aşiq olur və ona məhəbbət şeirləri həsr edir. Bu onun haqqında danışdığımız “Tərcüman əl-əşvaq” divanında topladığı şeirlər idi. Adamlar yaşı qırxa çatmış şeyxin qəzəl yazmasını birmənalı qarşılamır. Belə olduqda, ibn Ərəbi öz əsərinə şərh yazıb divanda ancaq ilahi eşqi tərənnüm etdiyini bildirir.

Məkkədə ibn Ərəbinin ən mühüm görüşlərindən biri – şeyx Məcdəddin İshaqla görüşü baş verir. Əslən Konyadan olan Məcdəddin Suriyada yaşayır, buranın hörmətli şeyxlərindən sayılırdı. Sonrakı illərdə ibn Ərəbi yenidən səyahətlərini davam etdirir, Qahirəyə, Yerusəlimə gedir və Məkkəni yenidən ziyarət edir. Növbəti illərdə biz onu Konyada, Hələbdə, Aksaray və Sivasda görürük. 1216-cı ildən o, əsasən Malatyada yaşayır. Rəvayət edilir ki, o, Məcdəddinin dul arvadı, Sədrəddin Konəvinin anası ilə evlənir. Məcdəddinin oğlu Sədrəddin Konəvi onun oğulluğu olmaqla yanaşı, həm də ən sadiq tələbələrindən və davamçılarından sayılır.

İbn Ərəbi 1230-cu ildə Dəməşqə gəlir və həyatının sonunadək burada yaşayır. Əyyubi hökmdarları ilə isti münasibətləri olan ibn Ərəbi burada sakit bir həyat keçirir, vaxtını meditasiyalara və yaradıcılığa sərf edir. Burada o özünün şah əsərlərindən sayılan “Fusus əl-hikəm”i yazıb tamamlayır. Daim onun yanında olan Sədrəddin şeyxin yazılarını oxuyub redaktə edir, qaydaya salırdı.

İbn Ərəbi, 1240-cı ildə Dəməşqdə vəfat edib və məqbərəsi burada yerləşir. Osmanlı sultanı Birinci Səlim 1518-ci ildə Misirə hərbi yürüşdən qayıdarkən yolunu Dəməşqdən salır, burada ibn Ərəbinin türbəsini ziyarət edir, həm türbəni, həm də onunla yanaşı məscidi təmir etdirir.

İbn Ərəbi yaradıcılığı inanılmaz dərəcədə məhsuldar olub. Bəzən 700, bəzən 400 əsəri olduğu göstərilir. Əsərlərinin çoxu itmiş, təxminən 200 əsəri zəmanəmizədək gəlib çatmışdır. Bu əsərlərin qorunub saxlanmasında türk sufi orderlərinin, xüsusilə mövləviyyə dərvişlərinin böyük rolu olub. Əksəriyyəti hələ də əlyazma halında olan bu əsərlərin ən məşhur olanları bunlardır.

Əl-Futuhat əl-Məkkiyyə (Məkkə açıqlamaları) İbn Ərəbinin ən mühüm əsəridir. Iri həcmli, 6 fəsil, 560 altmış babdan ibarət bu əsər ibn Ərəbinin sufi doktrinasını əks etdirir. Hər bir bab şeirlə başlayır, sonra şeirdə irəli sürülən fikirlərə müvafiq nəsr hissəsi gəlir. Əsərdə bir çox Quran ayələri və hədislər İbn Ərəbi tərəfindən özünəməxsus bir şəkildə şərh edilir. Əsərə Abd əl-Kərim əl-Cini tərəfindən şərh yazılıb.

Fusus əl-hikəm (Hikmət inciləri) nisbətən kiçik olsa da (200 səh) ibn Ərəbinin fikir dünyasını öyrənmək baxımından böyük önəm daşıyır. İbn Ərəbi bu əsərin ona yuxuda, Peyğəmbər tərəfindən agah olduğunu bildirib. Əsərin zəmanəmizədək gəlib çatan və Türk-İslam əsərləri muzeyində (İstanbul) saxlanılan əlyazma nüsxəsinin üzü 1232-ci ildə Sədrəddin Konəvi tərəfindən köçürülüb. Həmin əlyazmanı ibn Ərəbi özü redaktə edib. “Fusus əl-hikəm” Quranda adı gedən 28 peyğəmbərin – Adəmlə başlayıb Xatəmlə bitən ilahi hökm və bilgi daşıyıcılarının bəşəriyyətin mənəvi təkamülündə rolunu izah edir. Əsərə onlarla şərh yazılıb. Onlar arasında ibn Ərəbinin öz şərhi və Sədrəddin Konəvinin şərhi də var.

Kitab əl-İsra adından da göründüyü kimi İsra və merac rəvayətlərinə bənzər bir əsərdir. Əsər 1198-ci ildə Fesdə yazılmışdır. Ədib burada ruhun meracından bəhs edir. Əsər səc üslubunda yazılıb.

Tac əl-rəsail (Məktubların tacı) əsərində müəllif Kəbə ilə olan ruhi mükaliməsini qələmə alıb.

Məvaqi əl-nucum (Ulduz yerləri) çox güman ki, Sufi astrologiyasına dair bir əsərdir.

Ruh əl-Quds (Müqəddəs ruh) ədibin tunisli dostu Abd əl-Əziz Məhdəviyə ünvanlanıb. Bu əsərdə bəzi sufilərin dünyagirliyindən, xüsusilə Əndəlus sufilərinin həyat tərzi və əxlaq normalarından bəhs edilir. Əsərin ibn Ərəbinin bioqrafiyasını öyrənmək baxımından böyük əhəmiyyəti var.

İbn Ərəbi öz əsərlərini qarşıya müəyyən məqsəd qoymadan, ilahi bir ilhamla yazdığını iddia edirdi. Maraqlı fakt odur ki, hər bir yazarın, alimin əsərlərində kamilliyə doğru bir inkişaf hiss olunur. İlk əsərlər sadə, sonrakılar zaman-zaman daha mükəmməl olur. İbn Ərəbi əsərləri isə sanki bir nəfəsə yazılmış, sonsuz bir ilhamın məhsulu kimi meydana çıxmışdır. Görünür, Ən Böyük Şeyx həqiqətən də bu əsərləri yazarkən qeyri-adi psixoloji durumlar yaşayıb.

İbn Ərəbi epistomologiyasına görə,  bilgilər (elm) üç qismə bölünür. Ağıllla qazanılan, duyğu üzvləri ilə qazanılan bilgilər, bir də vəhy yolu ilə agah olan mistik bilgilər. Bilginin bu üçüncü növü qəlbə verilir. Mistik biliklərin ən yüksək mərtəbəsi mərifət – irfandır ki, buna ariflər nail olur. Qəlbin oyanıb ilahi bilgi qazanması, Allaha qovuşması üçün susma (samt), təkliyə qapanma (uzlət), pəriz saxlama (cu) və yuxusuz qalma (səhr) kimi dörd şərtə əməl olunmalıdır. Peyğəmbərlər bu bilgiyə ya vəhy mələyi, ya da birbaşa nurlanma ilə nail olur. İbn Ərəbiyə yönəldilən ittihamlardan biri onun ilahi bilgi sahibi olan övliyanı peyğəmbərlərlə yanaşı, hətta bəzən peyğəmbərlərdən üstün bilməsidir. Vaxtilə Bəyazid Bistamı, “Biz elə bir dənizə baş vurmuşuq ki peyğəmbərlər ancaq onun sahilində dayanıb,”- deyirdi. İbn Ərəbi peyğəmbərlik iddiasında olmasa da, övliyanı peyğəmbərlərin varisi sayırdı və özünü xatəm əl-övliya hesab edirdi.

İbn Ərəbinin vəhdət-i vücud təliminə görə Zat etibarı ilə transsendent (dərk edilməz) olan Allah ad və atributları ilə immanentdir (duyğularla dərk ediləndir) və Allah ad və atributları ilə aləmdə təcəlli edir. Göydəki əlçatmaz ulduzlardan tutmuş ən bəsit məxluqata qədər hər bir şeydə Allahın əksi, məzhəri vardır. Buna görə də, Quranda deyilir ki, “Məğrib də, Məşriq də Allahındır. Üzünü hara döndərsən Allahı görərsən”. (əl-Baqara, 115)

A.Knış İbn Ərəbi nəzəriyyəsinin bəzən panteizm kimi dərk edilməsini şeyxin metafizik doktrinasını düzgün anlamamaqdan doğan yanlış stereotip adlandırır. Çünki Ibn Ərəbinin vəhdəti vücud nəzəriyyəsində xaliqlə məxluqat arasında substansiya, zat vəhdəti yoxdur. Allah Zat olaraq dərkedilməzdir. Ona kimsə qovuşa bilməz. İbn Ərəbi təlimində kainat Mütləq Varlığın solğun əksi, kölgəsi, bənzəri kimi təqdim edilir. İnsan kiçik dünya və kainatın müxtəsər bir forması olmaqla ilahi ad və atributları öz varlığında əks etdirir. Allahın ad və atributların çoxluğu varlığın çoxcəhətliliyini (kəsrəti) ifadə edir.

Beləliklə, ibn Ərəbiyə görə, mövcud dünya Allahın ad və sifətlərinin güzgüdəki əksi kimidir. Yaranışdan əvvəl məxluqat İlahi Zatda “sabit mahiyyətlər” şəklində mövcud olub. Varlığın yaranmasına səbəb Allahın özünü tanıtmaq istəyi olub. Bütün məxluqlar içərisində Allaha ən yaxını insandır. İnsan Allahın ən mükəmməl məzhəridir. Allah insanı özünə bənzər yaradıb və ona öz ruhundan üfürüb. İnsan Allahın məxluqata baxdığı göz didəsidir, Allah hər kəsin qəlbindədir və arifin həyat amalı “ona şah damarından da yaxın olan” (Qaf surəsi, 16) Allahı duymaq, dərk etmək, ona qovuşmaqdır. Allaha aparan yol qəlbin saflaşmasından keçir. Bu yolda özünü tanıyan rəbbini tanıyar. Hədisdə deyilir ki, “Mən yerlərə, göylərə sığmaram, amma mömin bir bəndəmin qəlbinə sığaram”.

İbn Ərəbi fəlsəfəsi ətraf aləmə, bəşəriyyətə məhəbbət fəlsəfəsidir. Əgər mövcudatda Allahın təcəllisi varsa, onu necə sevməmək olar? Eləcə də insan övladına necə biganə qalmaq olar? Allah Adəmi öz surətində yaradıb ona öz ruhunu üfürdüyündən Onu Adəmə əbədi bir sevgi bağlayır. Bu küllün cüzə, bütövün hissəyə olan sevgisidir. Həvva isə Adəmin qabırğasından yarandığından Adəm Həvvaya bağlıdır və onu özünün bir parçası olaraq sevir. İlk baxışda bu təlimdə patriarxal ruh duyula bilər. Yəni, Allah Adəmi, kişini özü xəlq edib, öz surətində yaradıb, Həvvanı isə Adəmdən xəlq edib. Amma ibn Ərəbi fəlsəfəsi qadına xüsusi önəm verir. Bu yolda o, hətta ərəb qrammatikasının cins kateqoriyası və söz kökləri kimi qaydalarından bəhrələnir. Ərəb dilində “Zat” sözü qadın cinsində – müənnəsdədir. Deməli Allah (Zat olaraq) Adəmi yaradıb, Adəmin də qabırğasından Həvva törənibsə, onda Adəm iki müənnəsin (Zat və Həvva) arasındadır. İbn Ərəbinin fikrincə, Allahın ilahi mərhəmət ifadə edən ən mühüm iki adı – Rəhman və Rəhim “rəhm” (ana bətni ərəb dilində “rəhm” adlanır ) sözü ilə bağlıdır. Deməli, bu iki ad qadın başlanğıcını əks etdirir. Hədisdə peyğəmbərin üç şeydən xoşlandığı bildirilir: Qadın, ətir və namaz (salat). Yenə də müzəkkər (kişi cinsində olan) sözün (ətir) iki müənnəs söz (qadın, namaz) arasında dayanması qadın elementinin varlıqdakı mühüm roluna işarə edir.

İbn Ərəbi təlimində varlığın yaranması prosesi Eşqlə izah edilir. Allah dünyanı bir istəklə – tanınmaq istəyi ilə yaratdı. Dünya bu istəklə deyilən “kun”la yarandı və İlahi Zatın varlığındakı mahiyyətlər (əyan) bu sözdən göz açdı. Bu İlahi eşqdir. Bəndənin Allaha olan eşqi, yuxarıda izah etdiyimiz kimi, Adəmə olan məhəbbət və Adəmin öz xaliqinə olan sevgisi ruhların vəhdətindən doğan ruhanı eşqdir. Özü Gözəl olan Allah Gözəlliyi sevir və onun bu sevgisi ən çox öz surətində yaratdığı İnsanda əyan olur. Beləliklə, Allah İnsanda Özünü sevmiş olur. İnsan da Gözəllik mənbəyi olan Allahı sevir. İnsan övladlarının bir-birinə olan məhəbbəti isə sevginin üçüncü, təbii növüdür. Əslində məxluqatı sevən insan bu məxluqatda təcəlli etmiş Allahı sevir. Beləliklə, Eşqin hər üç növü sonda Allaha bağlanır. Digər tərəfdən, ibn Ərəbi aşiqlə məşuq arasındakı təbii münasibətlərə də ilahi don geydirmiş olur.

İbn Ərəbinin dini baxışları tam tolerantlıq nəzəriyyəsidir. Bir halda ki, mövcudat büsbütün Allahın manifestasiyasıdır və hər şeyin mahiyyəti İlahi Zata bağlıdır, onda bir kəsi dininə görə tənqid etmək cahillik deyilmi? Bütün dinlər Bir olan Allaha aparan yollardır. Yollar fərqli olsa da, son məram eynidir. İbn Ərəbi dinlər arasında yaxınlaşmanın tərəfdarı idi. Onun fikrincə, Xristian üçlüyü (Ata, Oğul və Müqəddəs Ruh) İslamda “Bəsmələ” ifadəsində əks olunmuş üç mühüm Adın – Allah, Rəhman və Rəhimin paralelidir. Quranda da özündən əvvəlki səmavi kitabların vəhdətinə işarələr var. Məsələn, məşhur “Nur” ayəsindəki (Nur surəsi, 35-ci ayə) işıqla, mistik nurlanma ilə bağlı “mısbəh” (çıraq), “mişkat” (taxca), “zucəcə” (şüçə qab) və zeyt (zeytun) sözləri Zəbur, Tövrat, İncil və Qurana işarədir. “Tövrat” sözünün də “qığılcım”, “od” mənası var.

Görünür, İspan cəmiyyəti, müxtəlif dinlərin yanaşı mövcudluğu və bəzən dinlərarası dialoqda islamın mühüm rolu bu cür düşüncələrə yol açırdı. Məsələn, İspaniyada xristian və yəhudi dinləri 8-ci əsrədək bir-birinə qarşı barışmaz bir düşmənçilik mövqeyində olub. Əndəlusun fəthindən öncə burada xristianlıq tərəfindən təqiblərə məruz qalan yəhudi icması acı durumda idi. Məhz İslamın gəlişindən sonra buranın yəhudi icması çiçəklənib özlərinin yüksək mədəniyyətlərini yaratdı və dinlərin sülh içində yanaşı mövcudluğu İspaniyaya məhz İslamın gəlişi ilə reallaşdı.

İbn Ərəbi ontologiyasında Allah ilk öncə Məhəmmədin Nurunu yaratmış, sonra bütün məxluqatı bu nurun cilvələnməsindən xəlq etmişdir. Beləliklə də, kosmopolitan ruhuna baxmayaraq ibn Ərəbi təlimi İslama, onun peyğəmbərinə çox bağlıdır.

İbn Ərəbi təliminin əsas qaynağı Qurani Kərim və hədislərdir. O, özünün, demək olar ki, bütün müddəalarının isbatını Quranda axtarır. Onun ayrı-ayrı Quran ayələrinə verdiyi şərhlər ənənəvi şərhlərdən fərqli xarakter daşıyır. Məsələn “Nun. Qələmə və onların yazdıqlarına and olsun ki,” (əl-Qələm, 1) ayəsindəki nun və qələm ibn Ərəbi təlimində bəzən İlahi Ruhu və İlkin Əqli bildirən iki mələk kimi təqdim olunur. Bəzən də, ibn Ərəbi bu ayə ilə varlığın bütün sirlərinin mürəkkəbqabı olan nunda cəmləşdiyinə işarə edildiyini bildirir. Yazı prosesində qələm mürəkkəbə baş vurması ilə bu sirləri yaza-yaza bölüşür, yəni küll halında olan biliklər differensasiya edilir.

İbn Ərəbi yuxuya böyük önəm verirdi. Onun fikrincə, dünya düzəni üçmərtəbəlidir. Ən uca mərtəbə ruhlar dünyası, ən aşağı isə maddi cisimlər dünyasıdır. Bu iki dünya arasında bərzəx – xəyallar, şəkillər dünyası yerləşir. Bu ruhların maddiləşdiyi, maddələrin isə lətifləşdiyi bir səltənətdir. İnsan oyaq vəziyyətdə bu dünyadan xəbərsiz olub maddi dünyaya qapılır. Xəyal dünyasının varlığını o ancaq yuxuda və mistik nurlanma halında dərk edir. Bu səbəbdən, ibn Ərəbi “yaxşı ki, yuxu var, yuxu görməsəydik, başqa bir aləmin – ruhlar dünyasının varlığından xəbərsiz qalardıq,”- deyirdi.

İbn Ərəbi həm də bir şair idi. Onun divanının əlyazması müəllifin sağlığında tərtib edilib və Türkiyədə saxlanılır. Divan ilk dəfə Bulakda, h. 1271-ci ildə nəşr edilib. Bundan əlavə ibn Ərəbinin nəsr əsərlərində də onun bir çox şeirləri toplanıb. Məs. əl-Futuhat əl-Məkkiyyənin 560 babının hamısı şeirlə başlayır.

İbn Ərəbinin nəzm əsrləri içərisində ən maraqlısı onun “Tərcüman əl-əşvaq” divanıdır. Əbn Ərəbi əsəri Kəbə ziyarəti zamanı qələmə alıb. Kəbədə olarkən o, bir sıra şeyxlərlə tanış olur. Onlar arasında İrandan gəlmiş Məkinuddin Əbu Şüca və onun bacısı, mömin qadın Fəxrun-Nisə bint Rüstəm də var idi. İbn Ərəbi Məkinuddinin Nizam adlı qızının gözəlliyinə, ağıl və imanına heyran qalır. Onun bu heyranlığı “Tərcüman əl-əşvaq” adlı şeir divanının yaranması ilə nəticələnir. Əsərin ön sözündə ibn Ərəbi Nizamın fiziki və əqli kamilliyini tərif edəcəyini və əsərdəki qəzəllərdə ondan danışacağını bildirir. Lakin bu qəzəllərin zahiri tərəfidir. Əslində isə o bu əsərdəki məhəbbət şeirlərinin Həcc ziyarəti zamanı keçirdiyi yüksək ruhani yaşantıları, ilahi əhval-ruhiyyəni əks etdirmək üçün qələmə alındığını bildirir. O, mistik hisslərini sevgi şeirləri formasında təqdim etməyi münasib bildiyini söyləyir.

Suriyada ibn Ərəbinin yaxın dostlarından biri onun hörmətli bir sufi şeyxi olaraq gənc bir qıza sevgi şeirləri yazmasının Hələbdə dedi-qodu doğurduğunu bildirir və göstərir ki, adamlar onun əsərə yazdığı önsözün səmimiliyinə şübhə ilə yanaşırlar. Guya ibn Ərəbi özünü tənədən qorumaq üçün önsöz yazaraq şeirlərin ilahi eşqi tərənnüm etdiyini bildirib. Adamlar ibn Ərəbidən bədgüman qalıb onun Allah yolçusu olmasına inamlarını itiriblər. Belə olduqda, ibn Ərəbi əsərə şərh və ikinci önsöz yazır və bu əsərdəki qəzəllərin yalnız ilahi eşqi tərənnüm etdiyini bildirir. Əsərə yazdığı şərhlərdə bir çox obrazların rəmzi məna daşıdığını izah edir.

“Tərcüman” əsərində diqqəti cəlb edən Nizam obrazıdır. İbn Ərəbi üçün Nizam İlahi bir kamilliyin, İlahi sevgi və gözəlliyin mücəssəməsidir. Çünki ibn Ərəbiyə görə, varlıqlarda təcəlli edən Allahın ən mükəmməl məzhəri məhz qadındır. Allahın Camal və Cəlal, Rəhmət və Qəhr sifətləri kimi Nizam da özlüyündə əkslikləri ifadə edir. İbn Ərəbi hətta Nizamın adını belə məcazi mənada işlədir. Onun “nəsr və nəzm sahibi” olduğunu deyir. Diqqətlə nəzər saldıqda, ədəbiyyatla bağlı nəzm, nizam sözlərində “tənzimləmək”, “bir yerə yığılb düzən vermək”, nəsr sözündə isə “səpələmək”, “yaymaq” mənalarını görərik. Burada İlahi Varlığın öz Zatı, Mahiyyətti ilə küll halında transsendent olub ad və atributları ilə varlıqlara yayılmasına işarə var.

İbn Ərəbinin “Tərcüman” əsərinin ilahi və dünyəvi qəzəl arasındakı sərhədləri müəyyənləşdirmək, onun fikir dünyasından təsirlənmiş sufi poeziyasının mənalarını açmaq baxımından böyük əhəmiyyəti var. Bu əsərdə ibn Ərəbi yazdığı qəzəllərə şərh verərək bir sıra məna və obrazların irfani mənasını açır. Onların bəziləri ilə tanış olaq:

Məsələn, ibn Ərəbi dönə-dönə göyərçin obrazına müraciət edir. O, göyərçinin İncildəki mənasına əsaslanaraq bu rəmzlə İlahi Ruha işarə etdiyini bildirir. Göyərçinin səsinə səs vermək, ona cavab vermək yaradılışın ilkin mərhələsinə, ilk insanın dil açıb danışmasına işarədir. İbn Ərəbiyə görə, Allah insanı yaradarkən, ondan “mən kiməm” deyə soruşmuş, ümidsizlik və çaşqınlıq içərisində olan insanın cavab verməyi dörd min il çəkmişdir. Bundan sonra o, dil açıb, “Sən mənim Rəbbimsən” – demişdir.

Gözəl qadınlar, gənc yaraşıqlı qızlar, ibn Ərəbi poeziyasında İlahi Hikməti ifadə edir. Ümumiyyətlə, əsərdəki qız, qadın ifadələri ilə İlahi varlıqlar, ən əsası isə Mütləq Gözəl nəzərdə tutulur. Gözəli olan yerdə onun seyri də vacib olur. Şair şeirlərində gözlərinin xəstə olmasını deyərkən, İlahi Camalı seyr edə bilməməsindən şikayətlənir.

Ərəb şeirində intensiv işlənən tərk edilmiş oba vəsfinə ibn Ərəbi də dönə-dönə müraciət edir. Onun izahına görə, oba qalıqları insan bədənini bildirir. Tərk edilmiş evlər xaraba qaldığı kimi, ruhun tərk etdiyi bədənlər də xaraba qalır.

Onun şeirindəki xeymə-alaçıqlar maddi aləmlə ruhlar dünyası arasındakı bərzəxə işarədir. Minbər isə, Allahın Gözəl Adlarına aparan yoldur.

İbn Ərəbi hətta yer adlarına da mistik məna verir. İraq başlanğıcı, kökü bildirir. “irq” ərəb dilində “kök” deməkdir. Yəmən isə “iman” sözü ilə eyni kökdəndir. Peyğəmbər “Rəhmanın nəfəsi Yəməndən gəlir” deyib. Bu iki diyar arasındakı təzad aşiqlə məşuq arasındakı ziddiyyəti ifadə edir. Yəmənlə İraq həmçinin Allahın Mərhəmət və Qəhr sifətlərini ifadə edir.

Yeddi Sürəyya ulduzu Allahın yeddi atributuna (sifət), Suheyl isə Onun Zatına işarədir. Şimal dedikdə mövcud aləm, məxluqat nəzərdə tutulur. Bu aləm atributları əhatə edir, Zat isə onun fövqündədir.

Məlumdur ki, ərəb şeirində ikili müraciət bədii ifadə vasitəsi kimi geniş yayılıb. Ərəb şairi “Ey iki dostum!”, “Ey iki sevgilim!”, “Ey iki saqi” kimi ifadələri bir poetik üsul kimi işlədir. Bu İmruu l-Qeysdən, onun müəlləqəsindəki “Siz ikiniz dayanın ağlayaq!” ifadəsindən gələn poetik bir ənənədir. İbn Ərəbi də şeirlərində bu cür ifadələr işlədir. O, “iki dost”, “iki sevgili” sözləri ilə bağlı şərhidə insana xas iki cəhəti – ağıl və imanı nəzərdə tutduğunu bildirir və dünyanın dərkində rasionalizmi qəlblə bağlı duyğu, imanla müqayisə edir.

İbn Ərəbi poeziyası onun müxtəlif dinləri birləşdirmək cəhdini, eşqi kosmopolitan bir din səviyyəsinə qaldırmaq ideyasını əks etdirir. İbn Ərəbi əsərdə “Mənim qəlbim hər bir surəti qəbul etməyə qadirdir” ifadəsində qəlbin dəyişkənliyini bildirilir. (Bu mənada olan “taqallub” ərəb dilində “qəlb”lə eyni kökdəndir.) Qəlb müxtəlif təsirlərə məruz qalır, müxtəlif hallara düşür. Eynilə İlahi manifestasiya da müxtəlif şəkillərdə zühur edir. Onun fikrincə, bütxana belə ilahi həqiqətləri əks etdirməyə qadirdir. Əgər sevgili rahibdirsə, ürək onda monastırdır. Musaya verilən elmləri birləşdirən “Tövrat lövhələri” arifin qəlbində bir lövhədə yazılmış kimi həkk olunub. Ürək həm də Quran müshəfidir, çünki Quran da arifin qəlbinə həkk olunmuşdur.

İbn Ərəbi “Tərcüman” divanında “mənim dinim sevgidir” ifadəsini işlədir, əsərə yazdığı şərhdə bildirir ki, bu ifadə ilə Qurandakı “Ardımca gəl, onda Allah səni sevər” ayəsinə işarə edib (Al İmran, 31). Heç bir din sevgi dini kimi uca ola bilməz. Bu müsəlmanların dinidir və bu səbəbdən Allah Təala Məhəmməd peyğəmbərə “sevgilim” (habibi) deyərək müraciət edib. İbn Ərəbi bildirir ki, mən İlahi Zatı sevirəm və bu yolda bütün aşiqlərin eşqi mənim üçün bir nümunədir.

Beləliklə, “Tərcüman əl-əşvaq”da ibn Ərəbi İlahi və dünyəvi eşqlərin misilsiz bir vəhdətini yaradır. O, qəzəlləri sufiyana şərh edəndə belə, dünyəvi hisslərin, insana olan məhəbbətin əhəmiyyətini azaltmır, əksinə insana qüdsiyyət verib onu ucaldır. Əsər boyu nəzərə çarpan Tanrı – İnsan vəhdəti humanist ideyaların ən mükəmməl ifadəsidir. İbn Ərəbi ideyaları məhz bu səbəbdən insanlığa və Allaha düşmən olan ekstremist qruplaşmalar tərəfindən bəyənilmir.

P. S. İbn Ərəbi və ərəb ədəbiyyatının digər nümayəndələri barədə bax:
http://aidagasimova.blogspot.com/