- Manşet

Unutsaq, unudularıq: pianoçu Fəridə Xəlilovanın xatirəsi anılıb

Aprelin 30-da Beynəlxalq Muğam Mərkəzində tanınmış pianoçu və pedaqoq Fəridə Xəlilovanın (1936-2004)  90 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirildi. Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə baş tutdu. Anım məclisini BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli açdı. O, Fəridə xanımı təkrarsız, cazibədar və ağıllı pianoçu, nadir gözəlliyə və çılğın temperamentə malik insan kimi səciyyələndirərək onunla görüşlərini böyük səmimiyyətlə xatırladı. Fərhad müəllim habelə layiqli sənət adamlarının gənc nəslə tanıtdırılmasının önəmliliyini dilə gətirdi. Ardınca Mədəniyyət Nazirinin müavini, Xalq artisti Murad Hüseynov Fəridə Xəlilovanın Azərbaycan ifaçılıq mədəniyyətindəki yeri barədə fikirlərini bölüşdü.

Tədbirin mərkəzi hadisəsi Fəridə Xəlilovaya həsr olunmuş filmin (rej.: Yuliya Bondarenko) nümayişi oldu. Xatirələr müstəvisində gerçəkləşdirilən bu filmin lirik intonasiyası tamaşaçıları məftun edib gur alqışlar doğurdu. BMA-nın professoru Leyla Məmmədova-Fərəcova isə Fəridə xanım haqqında kitabın ərsəyə gəlməsinin təfərrüatlarını dinləyicilərlə bölüşdü; gözəl sənətkarın müəyyən mənada kölgədə qalması müqabilində həmin kitabın xüsusi əhəmiyyətini vurğuladı.

Xatirə tədbirinin aparıcısı BMA-nın Musiqi tarixi kafedrasının müdiri, professor Zümrüd Dadaşzadə öz çıxışında Fəridə xanımın ailəsindən, atası akademik Zahid Xəlilovun Azərbaycan elmi qarşısındakı müstəsna xidmətlərindən bəhs etdi. O, Fəridə xanımı Bakı və Sankt-Peterburq piano məktəblərinin yetirməsi kimi təqdim edərək onun yaradıcılıq yolunun bir sıra mühüm hadisələrinə nəzər saldı. Musiqişünas, Fəridə Xəlilovanın görkəmli vokalçı Vladimir Atlantov ilə ansamblının özəlliklərindən danışaraq üç beynəlxalq müsabiqədə V.Atlantovun qalibiyyət qazanmasında Fəridə xanımın rolunun danılmazlığını diqqətə çatdırdı. Z.Dadaşzadə həmçinin F.Xəlilovanın kövrək və səmimi Azərbaycan sevgisindən də söz açdı, onun şahanə obrazını piano ifaçılıq tariximizin yaraşığı kimi səciyyələndirdi.

BMA-nın prorektoru, Xalq artisti, professor Yeganə Axundova Azərbaycanda qadın pianoçular ənənəsinin davamçısı olmaq şərəfindən danışaraq Fəridə xanımın ifa və tədqiq etdiyi Fikrət Əmirovun miniatürlərini məxsusi tərzdə səsləndirdi.

Pianoçu Vurğun Vəkilovun ifası məclisi romantik bir ovqata köklədi. Vurğun Şopenin  Valse Brillante (Es-dur, op.18) və Listin  Liebesräume – “Məhəbbət röyalarını”  məclisin ruhuna uyğun  çox duyğusal, sanki uzaq, zərif və bir az kədərli xəyallar  məcrasında ifa etdi.

Fəridə Xəlilovanın qızı pianoçu Lada Atlantova Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən yubiley tədbirinin yüksək səviyyəsini qeyd edərək həmin tədbirə aid videoçarx sərgilədi. Çıxışının sonunda o, atası Vladimir Atlantovun P.İ. Çaykovski adına III Beynəlxalq müsabiqənin final turunda Fikrət Əmirovun “Sevil” operasından Balaşın ariyasına müraciət etməsinin bəzi məqamlarına güzgü tutdu. O, qeyd etdi ki, vaxtilə  Atlantov bu ariyanı  Moskvanın Böyük teatrında Azərbaycan incəsənəti və ədəbiyyatı dekadasında Rəşid Behbudovun ifasında eşidib yadda saxlamışdı. Müsabiqənin  şərtlərinə görə mütləq son turda  müasir operadan bir parça oxunmalı olduğu  halda məhz  Balaşın ariyası – vokalçıya öz səsini və artist kimi məharətini tam ifadə etmək imkanı yaradan – onun dadına çatdı. Fəridə xanımın  rəhbərliyi altında  o, ariyanı Azərbaycan dilində hazırlayıb  uğurla ifa etdi, müsabiqənin birinci yerinə və qızıl medalına layiq görüldü.

Xatirə məclisi həmin ariyanın səsləndirilməsi ilə tamamlandı.

Zümrüd DADAŞZADƏ