Rusiya qoşunları bu gün Ukraynanın Xerson vilayətinin yaşayış məntəqələrini atəşə tutub, nəticədə iki mülki şəxs ölüb, 18 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Xerson Vilayət Prokurorluğunun “Telegram” kanalındakı bəyanatında deyilir.
“Səhər Xersonda Rusiya hərbçiləri küçə ilə hərəkət edən marşrut taksisinə pilotsuz uçuş aparatı ilə hücum edib. Nəticədə 56 yaşlı qadın və 51 yaşlı kişi hadisə yerindəcə ölüb, daha on nəfər yaralanıb. Analoji şəraitdə daha bir marşrut taksisi hücuma məruz qalıb, sürücü xəsarət alıb”, – qurumdan bildirilib.
Bundan başqa, vilayət mərkəzinin müxtəlif rayonlarında üç yetkin şəxs, həmçinin üç uşaq yaralanıb, daha bir nəfər isə İnjenernoe qəsəbəsində xəsarət alıb. Fərdi və çoxmənzilli evlərə, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyib.









