- Mədəniyyət

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb

Türkiyənin Yalova şəhərində keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalının Qala konserti və bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Qafqazda və bütün dünyada sülh naminə” şüarı altında təşkil olunan festivalda Azərbaycanı “Suvar” Ləzgi Xalq Mahnı və Rəqs Ansamblı təmsil edib. Qala konsertinə “Suvar” Ansamblının “Odlar yurdu” rəqsi ilə start verilib. Ansamblın üzvü Cəvahir Abdulovanın ifasında “Azərbaycan” mahnısı isə tədbirə xüsusi coşqu qatıb.

Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti festival çərçivəsində avqustun 20-də Balıkəsir vilayətində konsert proqramı ilə çıxış edib. Konsertdən əvvəl nümayəndələrimiz ləzgilərin kompakt yaşadığı Balıkəsirin Ortaca kəndini ziyarət ediblər. Kənd sakinləri ilə görüş zamanı Ortacanın tarixi, burada yaşayan ləzgi ailələrinin keçmişi, adət-ənənələri və mədəni irsi haqqında məlumat verilib.

Azərbaycan nümayəndə heyətinin festival çərçivəsində Yalova və Balıkəsirdəki çıxışları ölkəmizin zəngin folklor və musiqi ənənələrinin, rəqs və mahnılarının geniş auditoriyaya təqdim olunmasına imkan yaradıb. “Suvar” ansamblının ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sonda festivalın təşkilat komitəsi, Yalova valisi Ahmet Hamdi Ustaya və Bursa Dağıstanlıları Dərnəyinin rəhbəri Ramazan Kora Azərbaycan nümayəndə heyəti adından simvolik hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Qafqaz xalqlarının zəngin mədəni irsinin qorunması, xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və mədəniyyətlərarası dialoqun inkişafına töhfə vermək məqsədilə təşkil olunan festivalda Azərbaycanla yanaşı, Adıge, Dağıstan, Gürcüstan, Kabarda-Balkariya və Şimali Osetiyadan 350-dən çox sənətçi iştirak edib.