Litvanın paytaxtı Vilnüs şəhərinə yaxın ərazilərdə NASAMS zenit-raket kompleksləri yerləşdirilib.
“Report”un “BNS”ə istinadən verdiyi məlumata görə, bunu Litva ordusunun komandanı, general Raymundas Vaykşnoras bildirib.
Onun sözlərinə görə, NASAMS sistemləri daha əvvəl istifadə olunan RBS-70 zenit komplekslərini əvəz edib.
“Bu gün Vilnüsə yaxın ərazilər daha effektiv, daha güclü və daha geniş əhatə dairəsi ilə qorunur”, – deyə Vaykşnoras qeyd edib.
General həmçinin bildirib ki, bahalı NASAMS raketlərinin ucuz pilotsuz uçuş aparatlarına qarşı istifadəsi iqtisadi baxımdan səmərəli olmaya bilər. Lakin onun sözlərinə görə, Litvanın hazırda bu təhlükəyə qarşı istifadə edə biləcəyi başqa vasitələri yoxdur.
NASAMS orta mənzilli hava hücumundan müdafiə sistemi hesab olunur. RBS-70 isə əsasən yaxın məsafədəki hava hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, Litva son illərdə hava hücumundan müdafiə imkanlarını genişləndirir. Ölkənin arsenalında NASAMS sistemləri ilə yanaşı, RBS-70 NG əsasında mobil qısa mənzilli hava hücumundan müdafiə kompleksləri də mövcuddur.









