Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülarə Salayeva “Dərya” adlı bədii toxuculuq əsərini Azərbaycan Milli Xalça Muzeyinin fonduna təqdim edib.
AZƏRTAC xəbər verir ki, əsər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə ithaf edilib.
Bu münasibətlə noyabrın 5-də keçirilən tədbirdə çıxış edən muzeyin direktoru Əminə Məlikova əsərin əhəmiyyətindən danışıb. O, şəhidlərin xatirəsinə həsr olunan bu sənət nümunəsinin böyük mənəvi dəyər daşıdığını, xalqımızın tarixi yaddaşının qorunmasında mühüm rol oynadığını bildirib. Həmçinin belə əsərlərin milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xidmət etdiyini vurğulayıb.
Tədbirdə muzeyin direktor müavini, baş fond mühafizi Mira Məmmədxanova, elmi işçi Xədicə Əsədova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, muzeyin eksperti Məhəmmədhüseyn Hüseynov da çıxış edərək “Dərya” əsərinin bədii-estetik xüsusiyyətləri, milli toxuculuq ənənələrinin müasir sənətdə təcəssümü və şəhidlərin xatirəsinin sənət vasitəsilə yaşadılmasının əhəmiyyətini diqqətə çatdırıblar.
Sonra Gülarə Salayeva əsərin yaranma ideyası və bədii xüsusiyyətləri haqqında məlumat verib.









