- Köşə

Kaş biləydin, mən nə vaxtın bilməziyəm…

Yaxşı adamlar tənhalıqdan ölür, yaxşı qadınlar isə pis kişilərin balkonundan göy üzünə baxarkən
Dostoyevski

 

Heeyyy, gidi dünya… O gün hesabladım, Pifaqorun cədvəlinə görə, bu, dünyaya on ikinci gəlişimdi. Amma çifayda. Deyəsən, dünyaya gözübağlı gəlib, gözübağlı da getmişəm. Yadımda heç nə qalmayıb: kim olmuşam, hansı millətdən olmuşam, nələri qazanmışam, nələri itirmişəm, Mirzə Cəlil demiş, nə tükdə canavar olmuşam… Amma Ramiz Rövşənə afərin. Yenə nəsə yadında qalıb: “Dünya mənə tanış gəlir” deyir.

Elə bu həyatımda da dünyada baş verənləri hələm-hələm dürüst qavraya bilmirəm. Çox şeylər mənə sonradan – iş işdən keçəndən sonra çatır…

Mən əsgərlikdə bildim ki, yuxu dünyanın ən gözəl nemətlərindən biridi.

Mən əsgərlikdə bildim ki, azadlıq dünyanın ən gözəl nemətlərindən biridir.

Mən əsgərlikdə bildim ki, quşlar, heyvanlar azaddı. Və  Sibirin 50 dərəcəlik şaxtasını,  Qobi səhrasının 50 dərəcə istisini dadandan sonra vaxt oldu ki, azad quşlara, hətta qarğaya belə qibtə elədim.

Mən əsgərlikdə bildim ki, sülh müharibədən yaxşıdı.

…Uşaq vaxtı müharibə veteranlarından zəhləm gedirdi. Onlar hər il 9 Mayda təzə paltarlarını geyinib məktəbimizə gəlir, əvvəlcə qarşımızda çıxış edir, sonra gedib müəllimlərlə sovxoz direktorunun göndərdiyi qoyunun ətindən yeyir, tut arağı içirdilər. Mən o vaxt pencəyinin yaxası medallı vete-ranların dediyi “Qoy həmişə sülh olsun, müharibə olmasın” sözlərini dünyanın ən mənasız sözləri hesab edirdim. Uşaq-lıqda dava-dava oynayanda bəzən o qədər aludə olurdum ki, deyirdim kaş faşist uşaqları ilə bizim uşaqlar arasında müha-ribə ola və mən onlara göstərəm dünyanın neçə bucaq olduğunu. Və veteranları qınayırdım ki, özləri gedib yekə fa-şistləri qırıblar, amma bizə sülh sırıyırlar. Qoymurlar, faşistlərin uşaqlarını qıraq – axı siçandan döğulan kəsəyən olar! Çoxalıb yenə bizi qırarlar. Atalar demiş: “Gəlini gərdəkdə”.

Mən əsgərlikdə bildim ki, veteranların sülh arzusunun nəinki mənası var, bu, bəlkə də, dünyanın ən gözəl arzusudu. Və sülh rəmzi olan göyərçini sevməyə başladım. Qaşqaldaq sülh rəmzi olsaydı, onu da sevərdim. Qarğa sülh rəmzi olsaydı, nəinki orta statistik qara qarğanı, lap onların ən çirkinini, ən qocasını da sevərdim. Təki müharibə olmasın….

Mən əsgərlikdə bildim ki, qonşunun sakit, çəlimsiz, qaradinməz, başını qaldırıb kimsənin üzünə baxmayan qızı Fatmanisə gözəldi. Bəlkə də, o, çəpərin o biri üzündə ərik ağa-cının dibindən çəyirdək yığıb qıra-qıra: “Bu, O`dur, yoxsa xəyal? Yar gəldi, yar gəldi” oxuyanda məni – O`Kamili nəzərdə tuturmuş?! Bəlkə, mən Monqolustanın Çinlə sərhədində qaro-vul çəkəndə xəyalata cumduğum kimi, Fatmanisə də axşamlar mal-qoyunu rahatlayıb, çarpayıya uzananda əlini başının altın-da daraqlayıb məni düşünür, xəyalında ona uzatdığım bir dəstə çiçəyi götürür, utanıb pörtərək ona dediyim hansısa xoş sözə qımışır, cəsarətsizliyimin doğurduğu təbəssümlə də yuxuya gedirmiş?

Və əsgərlikdə qərara aldım ki, evə qayıdanda bu çəlimsiz, qaradinməz qızcığazı almağı təklif eləsələr, day turş alça yemiş kimi üz-gözümü turşutmayım. Təkilf etməsələr, özüm təşəbbüs edim… “Yox” desə israr edim, “həri” desə, hissimi iqrar edim… Qayıdanda əsgərlikdə baş verən ən maraqlı hadisələri Fatmanisəyə danışmağı da qərara almışdım. Çingiz xanın uşaq vaxtı sahilində yaşadığı Kerulen çayında balıq tutmağımız, qış-da çayın dibinə kimi necə donması, Ulan-Batorda hökumətin verdiyi çoxmərtəbəli binalarda yaşaya bilmədiyi üçün həyətdə alaçıq qurub yaşayan monqollar, Orxon çayının sahilində günlərlə türk-runik yazısı olan daşlar axtarmağım… Əsgərlikdə baş verənləri iki qrupa bölmüşdüm: Fatmanisəyə danışmalı olanlar, qeyrilər. Aydın yay səhərlərində, uzun qış gecələrində bu xatirələri Fatmanisəyə necə danışacağımı dönə-dönə, bittə-bittə götür-qoy edirdim. Amma mən əsgərliyi bitirib qayıdınca iş işdən keçdi. Demə, əsgərliyi məndən bir il tez bitirib kəndə qayıdan bir kəndçimiz – Yetim Ələsgərin oğlu Şoşu da əsgər-likdə olanda Fatmanisənin gözəl olduğunu başa düşübmüş və qayıdan kimi bunu Fatmanisəyə və valideynlərinə deyibmiş… Sonra da uzun qış gecələri əsgərliyin ən dadlı xatirələrini Fatmanisəyə danışıbmış.

Yetim Ələsgərin oğlu Şoşu bizdən yaşca xeyli böyük idi. Uzun müddət Urusetdə yaşamışdı. Ora gedəndə qaloşla gedib-miş, kəndə qayıdandan sonra el içinə idman formasında çıxırdı. Şoşu Urusetdə olanda nə qədər rus qızına dondurma almış, sonra da təbii ki, onların ürəklərini də ovlamışdı. Amma o, rus qızı ilə evlənmədi, kəndə gəlib Fatmanisəni aldı. Bic adam idi Şoşu, həyat kredosu da qəribə idi: “Bir müddət Urusetdə kefini çək, sonra kəndə qayıdıb ən fağır qızlardan birini al, ciddi bir ailə qur”. Bu gədə Fatmanisəni alandan sonra mən bildim ki, armudun yaxşısının meşədə ayıya qismət olması barədə atalar sözü çox müdrikdir.

Mən əsgərlikdən gələndən sonra Fatmanisə yenə çəlimsiz və qaradinməz idi. Bir gün əsgəri formada hansısa qohumun evindən gələndə yolda rastlaşdıq. Salam verib keçdim. Quca-ğında bir çəlimsiz və qaradinməz uşaq vardı. Əgər oğlan idisə, böyüyəndə gedib bir müddət Urusetdə yaşayacaq, rus qızlarına dondurma alacaq, bir az yaşlanandan sonra kəndə gəlib “Elini hürküt, axsağından yapış” prinsipi ilə kəndin ən fağır qızı ilə evlənəcəkdi, yox əgər qız idisə, anası kimi fağırın biri olacaqdı. Məni kimi sadəlövhlərin diqqətini cəlb eləməyən birisi…. Və armudun yaxşısı yenə ayıya qismət olacaqdı…

Sadəlövhlük dedim, yadıma düşdü. Təməldən soruşurlar:

– Gözəl olmaq istərdin, yoxsa abdal?

Təməl:

– Abdal..

– Niyə?

– Gözəllik müvəqqətidir – bugün var, sabah yox…