- Ədəbiyyat, Manşet

Gülyaz ƏLİYEVA. Əsir sülh quşları – göyərçinlər

                                       

23 iyul 1993-cü il! Ala-toranlıq idi. Gözlərini dəhşətli atışma və “Qrad” səslərinə açdı. Dünəndən bəri səngiməyən “Qrad”ların atəş səsi get-gedə lap yaxından eşidilirdi. Haradasa lap yaxınlııqda bir “Qrad “mərmisi partladı, zərbənin təsirindən ev silkələndi və şüşəbəndin bütün şüşələri ciliklənib yerə töküldü…. Oğlan bu səslərə artıq öyrəşmişdi, odur ki , əhəmiyyət vermədi… O, indiyə qədər ermənilərin Ağdama girə biləcəyinə inanmadığından evlərindən bir gün də olsun çıxmamış, anasını və bacılarını qardaşı ilə birlikdə Ağcabədidə qohum evində yerlışdirsə də, yurdu tərk etməyi özünə sığışdırmamış, qardaşını da tək qoymayaraq balaca canı ilə ata yurduna sahib çıxmışdı. Anası oğullarını nə qədər dilə tutmağa çalışsa da, onları bir müddət Ağcabədidə qalmağa razı sala bilməmiş, odur ki, özü də Ağcabədidə rahat otura bilmir, gündüzləri gəlib oğulları ilə bir yerdə qalır, onlara çay-çörək hazırlayır, axşamı isə Ağcabədiyə – qızlarının yanına qayıdırdı… Əslində Xocalı faciəsi baş verməsə idi, ev-eşiyini tərk etməzdi ana. O da oğulları ilə bir yerdə qalıb, onlarla birgə ölməyə razı olardı, amma əsir düşmək ölümdən də betər olardı!..

Odur ki, yarı yox, canı bütünlüklə oğullarının yanında qalsa da, onları təhlükəyə atmamaq məqsədilə ana gecəni Ağcabədidə keçirir – əgər buna gecəni keçirmək deyilərsə – gecəni dirigözlü səhər edib, səhər açılar-açılmaz ciyərparalarının yanına uçardı. Dünən atışma lap erkəndən başladığından analarını ertədən yola salmalı olmuşdular. Dünəndən şayiə gəzirdi ki, ermənilər Ağdama giriblər Böyük qardaşı anasını evdən heç nə çıxarmağa qoymamış, ayıbdı, camaat nə deyər?_demişdi. Ağdamlılar indiyədək möhkəm dayanmışdılar. Ancaq Xocalıda qız-gəlinin əsir düşməsi onların gözlərin qorxutduğundan qadınları şəhərdən çıxarmışdılar, amma dünən atılan “Qrad”lar çoxunun evini dağıtdığından indi şəhərdə çox az adam qalmışdı. Dünən anasının hazırladığı, amma böyük oğlunun sözünə görə aparmadığı, evin ortasında qalmış zənbillərə baxdı. Zənbilin üstündə gözünə sataşan şəkil albomları, bacılarının “vinetka”ları oldu. Əslində o da istəyirdi ki, anası evdən 1-2 əşya çıxarsın, amma böyük qardaşının sözündən heç vaxt çıxmırdı… Ataları öləndən sonra qardaşlar bir-birlərinə görünməmiş dərəcədə sıx bağlanmış, İsax-Musax quşları kimi bir-birinə sığınmış, bir-birindın ayrı qala bilmirdilər… Bu gecə onlarla yanaşı 2 nəfər də evlərindən çıxmamış, kənarda gecələməmişdi: bunlardan biri keçmiş Böyük Vətən müharibəsi veteranı, bir ayağı axsaq Əvəz dayı, digəri isə təqaüdçü Ərşad kişi idi. Oğlan indiyədək çox belə güllə, mərmi səsləri eşitmişdi. Amma bu dəfəki atışma səsləri, “Qrad”ların gurultusu başqa idi! Yerindən durmaq istərkən bir qrad mərmisi də düz evlərinin qabağında partladı… Evin olan-qalan şüşələri də indi cingilti ilə pul-pul olub yerə töküldü. Ev okeanda tək qalıb fırtınaya düşmüş gəmi kimi bir neçə dəfə yırğalandı.

Yooox, artıq bu həna o hənadan deyildi! Canından da artıq sevdiyi böyük qardaşını yerində görməyincə təlaşla tez ayağa qalxdı. Hər an təhlükə gözlədiklərindən neçə vaxt idi ki, elə pal-paltarlı yatırdı. Həyətə düşdü, toyuq-cücə hürkmüş halda barının bir küncünə qısılmışdı, evin qabağındakı ərik və alça, alma ağaclarına baxdı. Bu il nədənsə budaqları yerə dəyənə qədər bol meyvə gətirmişdi. Ağacları heç vaxt belə görməmişdi. Bir anlıq fikirləşdi ki, yəqin, qızların evdə olmamasından meyvələr ağacda qalış və bu qədər bol məhsul gətirmişdi, Alça və almaları qızlar hələ göy -göy , yetişməmiş yediklərindən bu qədər məhsullu olmamışdı, hətta yaylıq almanın bu irilikdə və gözəl olduğun birinci dəfə idi ki , görürdü “Qrad “mərmisinin təsirindən hamısı tökülüb yerlə -yeksan olmuşdu, heyfsiləndi !… Bağçadan keçərkən çəpərin dibində 10-12 yumurta gördü, yumurtalara heyfi gəldi, ciblərinə yığıb küçəyə çıxdı. Qardaşı burada idi Yaxınlıqdan keçən Ağdam-Ağcabədi yoluna baxdı, axırıncı əsgərlər təşviş içərisində geri çəkilirdilər. “Qrad”lar susmurdu, bir neçəsi yola düşdü. Heç vaxt yolu belə görməmişdi. Sonuncu “Qrad” maşınları da ata-ata geri çəkildi. Yoldan keçən əsgərlər bütün gecəni döyüşdüklərindən döyüş sursatları qurtarmış, əli yalın qalmışdılar. Əsgərlər onlara evlərini tərk etməli olduqlarını dedilər. Əvvəllər də tez -tez belə şayiələr olurdu, amma indi vəziyjət çox ciddi idi, ermənilərin atdığı mərmilər göz açmağa imkan vermirdi.

Əvəz dayı ilə Ərşad kişi də yolun kənarında idi. Həmişə nikbin əhvali-ruhiyyədə olan oğlan yarızarafatla:
– Əvəz dayı, deyəsən, bu murdarlar, həqiqətən, şəhərə giriblər, artıq burda qalmaq təhlükəlidir!, – dedi.
– Bala, bu namussuzlardan nə desən, gözləmək olar, siz cavansız, tez çıxın. Nə olar, nə olmaz – bilmək olmur. Mən evimə qayıdıb yatacam, – dedi.
– Əvəz dayı, bir su səni aparırsa, ona sel de, bu su hamını, hətta əsgərləri də qabağına qatıb aparır, gəl sən də bizimlə get. Bu, əvvəlkilərə bənzəmir, yoxsa ömürlük yatmalı olarsan. Bilirsən ki, mən də indiyədək evdən çıxmamışam, – dedi.
Qardaşından fərqli olaraq o, hamı ilə qaynayıb-qarışan, zarafatcıl idi. Uşaq olsa da, hamı ona hörmət edir, bu istiqanlı və mərd oğlanı çox istəyirdi.
O, məktəbdə əlaçı idi, çoxlu bədii kitab oxumuşdu. Oxumağa həvəsi vardı, amma bir il idi ki, atışmalara görə məktəb bağlanmışdı. Anası, qardaşı razı olmasa da, balaca əlləri qabar ola-ola avtomobil təmirçisinin yanında şagird işləyirdi. İndi isə şəhərdə usta olmadığından özü usta işləyirdi. Atasızlıq və ağır zəhmət onu vaxtından əvvəl böyütmüşdü, ailə qayğısı çəkən etmişdi. Amma özünü nə qədər kişi kimi aparsa da, hələ uşaq idi. Özünün uşaq çiyinlərini çox ağır yükün altına vermişdi.

Artıq axırıncı əsgər maşınlarının da yoldan çəkildiyini, yolun tamamilə boş olduğunu görüb, vəziyyətin çox təhlükəli olduğunu anladı. Qəfildən yadına düşdü ki, göyərçinləri qəfəsdə qalıb. Uşaqlıqdan göyərçin saxlayırdı. Uşaq olsa da, atası öləndən sonra nə anasından, nə də işləyən bacılarından pul almamış, kişi qız-qadın əlinə baxmaz, deyibən göyərçin saxlamış və hərdən bunlardan satıb özünə lazım olan pulu əldə etmişdi. 6 qızdan sonra nəzir-niyazla tapılmış, naz-nemətlə ərköyün böyümüş uşaq indi çox əziyyət çəkirdi.

Amma göyərçinlərini çox sevirdi. Bu illər ərzində onlara çox bağlanmışdı. Qardaşına: “Tezcə gedib göyərçinləri buraxım, bir də pencəyimi götürüm çıxaq, ara səngisin qayıdarıq”, dedi. İndiyədək işləyib yığdığı pulları pencəyinin cibinə qoymuşdu. Maşın almaq arzusunda idi.
Evə tərəf getmək istəyirdi ki, əli avtomatlı 5-6 əsgər onlara qışqırdı:
– Siz burda nə gəzirsiz?! Hamı çıxıb gedib, ermənisiz?!
Yoldaşlarından biri:
– Bəlkə burda qalıblar ki, yerimizi, mövqeyimizi ermənilərə xəbər versinlər? Vur onları, – dedi.
Əsgərin birinin evə tərəf gedən balaca qardaşını nişan aldığını görən böyük qardaş:
– Dayanın, nə edirsiz? O, mənim qardaşımdır?! – deyə qışqırdı.
Balaca qardaş səsə döndü, əsgərlər onu yanlarına çağırdılar.
– Bəs hara gedir, şəhərdə heç kəs yoxdur. Ermənilər şəhərə girib, yolu nəzarətə götürüblər. Bizə kömək gəlmədi. Komandirimiz öldü, başsız qaldıq! …Siz niyə hələ də burdasız?

Əsgərlər qorxu, inamsızlıq və təlaş içində idilər… Böyük qardaş evlərinin yaxınlıqda olduğunu dedisə də, əsgərlər onlara inanmadığı üçün evə getməyə qoymadılar, buradan Ağcabədiyə kəsə yolun olub-olmadığını soruşdular. Buraları yaxşı tanımamaqlarından bu pərakəndə, başıpozuq əsgərlərin Gəncə batalyonundan olduqları anlaşılırdı. Nədənsə onlar geri qalmış, yolu azmışdılar. Ermənilər yolu tamamilə nəzarətə götürdüyündən şosse yolla getmək ölümə bərabər idi! Qardaşlar məcburən əsgərlərlə bərabər kəsə yolla Ağcabədiyə tərəf çıxmalı oldular. Sonralar xəbər tutacaqdılar ki, elə bu saatlardaca şose yolun kənarına çatmış ermənilər Əvəz dayı və Ərşad kişini əsir götürüb aparıblar. Erməniləri söyməyində davam Əvəz dayı elə əsirlikdəcə öləcək, Ərşad dayı isə əsirlikdən qayıdacaqdı.. Bu isə lap sonralar olacaqdı. Oğlan məcburən getsə də, yarı canı qəfəsdə ağzı bağlı qalan göyərçinlərinin, onların yumurtadan təzəcə çıxmış ətcə balalarının yanında idi. Arxaya qalıb qardaşına göyərçinlərinin ağzı bağlı qaldığını, geriyə qayıtmaq istədiyini dedi.

“Ey, siz orda yenə nə pıçıldaşırsız? Yolu düz göstərin, tez olun, qaranlığa qalmayaq!” – deyə bayaqkı əsgər yenə də avtomatını tətikdə saxlayaraq qışqırdı və yoldaşlarına; “Mənim bunlardan gözüm su içmir, birdən bizi erməni tərəfə apararlar”, – dedi. Bəlkə, bunları vurum?” Yoldaşları; “Hələ qoy görək hara gedirik, sonra, – dedilər. Bu vaxt onların düz yanına bir “Qrad” mərmisi düşüb partladı. Hamısı yerə yatdı… Oğlan birdən ayaqlarından üzüaşağı nə isə bir mayenin axdığını hiss etdi, əlləri ilə yoxladıqda əlləri islandı. “Qan! Yəqin, axan qandır!” – deyə beynindən keçirdi. O, ayağnın yaralandığına görə çox pis oldu. İndi necə gedəcəkdi? Qardaşına yük olacaqdı. “Qrad” mərmiləri ətrafa daha tez-tez düşürdü… Oğlanın durmadığını görən qardaş təşvişə düşdü, tez gəlib onu durğuzdu:
– Qaqa, bu nədi belə?
Əyilib baxanda indi indi yadına düşdü ki, evdən çıxanda yumurtaları ciblərinə yığmışdı, yerə uzanarkən cibindəki yumurtalar qırılıb və ayağına tökülən maye qan yox, qırılmış yumurtalar imiş… Bu hala gülsünmü, ağlasınmı – bilmədi!… Nəhayət, Ağcabədiyə çatdılar. Anası, 6 bacısı darvazanın ağzında təlaş və həyəcan içində dayanıb onları gözləyirdi. Anası və bacıları onları görüb üstünə atıldılar. Sağ-salamat görüb sevindilərsə də, çox keçmədən bu sevincin üstünü qara və ağır – işğal xəbərindən doğan kədər örpəyi örtdü… Evə keçdilər, hamı susqun oturub ürəyi ilə danışırdı. İçəridə çox vahiməli və mübhəm bir sükut vardı. Qəfildən bu mübhəm sükutu hıçqırtılı bir hönkürtü səsi pozdu! Hamı diksindi. Ürəklərdəki danışıq yarımçıq qaldı. Oğlan elə ürəkdən ağlayırdı ki, sanasan, ürəyi yerindən çıxacaqdı! Atası öləndə 9 yaşı olan, vaxtından əvvəl yaşlaşıb kişiləşən bu uşağın tez-tez zarafat etməsinə baxmayaraq, o vaxtdan nə ürəkdən güldüyünü, nə də ağladığını görən olmuşdı. Evdə hamı bir-birinə dəydi. Bu ürəkparçalayan mənzərəyə dayanıb baxmaq mümkün deyildi! “Göyərçinlərim, göyərçin balaları ağzı bağlı qaldı, mən onlarrıınn aağğğzzıını aaçça biiillmmmədddimmm!!!” Oğlanı kiritmək olmurdu!.. Əlləri qabar ola-ola od-alovun içində, özündən ağır işləri, yatmadan, dincəlmədən görərək qazandığı pulları, hər şeyi qoyub gəlmişdi. Hətta 2 -ci bir köynəyi, 2-ci bir şalvarı götürə bilməmişdi. Güllələrin, mərmilərin, ölüm təhlükəsinin arasından sıyrılıb keçib gəlmişdi. Amma indi o, ürəyi parçalana-parçalana bunların heç birinə yox, göyərçinlərinə yanır, ağlayırdı. Onu ovutmaq olmurdu! Zahirən canlı, böyük görünən bu oğlanın uşaq ürəyi buna dözə bilmirdi!

…Atışma səsi səngimək bilmirdi. Buradan uzaqlaşmaq, atışma səsi gəlməyən bir yerə getmək istədilər. Ana uşaqlarını da götürüb Göyçaya apardı, atışma səsinin oğluna pis təsir etdiyini görüb, Ağcabədidə dayana bilmədi. Amma göyərçinlərin ağzı bağlı qalmasının vicdan əzabı oğlanı rahat buraxmırdı. Əvvəllər şən, zarafatcıl, dil qəfəsə qoymayan qardaşlarının dilindən sözü indi kəlbətinlə almaq olmurdu. Bacılar əziz -xələf qardaşlarının bu halına heç cür dözə bilmirdilər. Odur ki, çoxdan bəri almadıqları yığılıb qalmış (o vaxtlar müəllimlərin maaşı bir neçə dəfə artdığından və bu pulları neçə ay idi almadıqları üçün xeyli pul yığmışdılar) pullarını bir yerə toplayıb yalandan dedilər ki, cibində pul olan pencəyini evdən çıxanda götürüb gətiriblər. Pulların burdadır, gedib özünə maşın alarsan. Amma bu da oğlanı rahatlandırmadı. Bir axşam oğlan: “Göyərçinlərim, ağ bala göyərçinlərim ağzı bağlı erməni əsirliyində qaldı”, – deyərək səhərədək sayıqladı.

…Səhər hamı tezdən yuxudan durmuşdu, o isə hələ də yatırdı. Anası gecəni səhərəcən yatmayıb, qoy yatıb dincəlsin. Bütün gecəni “göyərçinlərim, ətcə balalar ağzı bağlı qaldı, erməniyə qaldı!” deyərək oyaq qalıb, deyə onu oyatmadı
Bir saat, iki saat keçdi. Oğlan durmadı. Anası dözməyib: Oğlum, gecdir, dur, çay-çörək ye,- dedi. Oğlan yenə durmadı.
– Oğlum, başına dönüm, dur, – deyə ana oğlunun qolundan tutduqda sanki zəhərli və soyuq bir ilan ananın əlləri ilə yanaşı düz ürəyindən çaldı. Necə qışqırdısa, bütün dünya bu səsdən diksinib silkələndi. Köçkünlükdəmi, qaçqınlıqdamı, qəribçilikdəmi, bilmirəm nə ad verim, qalmış 6 qız, ömrünü, həyatını balaca qardaşına bağlamış böyük oğlu – bütün dünya ananın başına fırlandı! Mənfur müharibəsi, yalançı sülhü, bütün ədalətsizliyi, ağrısı, əzabı, işgəncəsi, puçluğu ilə!!!…

23 iyul 2018 -ci il. (Real hadisələr əsasında yazılıb).