Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti (ÖADC) ilə birgə Özbəkistanın müstəqilliyinin 30 ili ilə bağlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, jurnalistlər iştirak ediblər.
Mərkəzin foyesində Özbəkistanın müstəqilliyinə həsr olunan kitab, foto, rəsm sərgisi təqdim edilib.
Özbəkistanın və Azərbaycanın Dövlət himnləri səsləndikdən sonra AMM-nin direktoru Samir Abbasov müstəqillik günü münasibətilə salona toplaşanları təbrik edib, müstəqillik illərində Özbəkistanın qazandığı böyük uğurlardan danışıb.
S.Abbasov deyib ki, özbək mədəniyyəti Şərqin ən parlaq və orijinal nümunələrindən biridir. Özbək xalqının misilsiz musiqisi, təsviri sənəti, özünəməxsus mətbəxi, geyim mədəniyyəti və memarlığı var. Özbəklər özlərinin klassik və könül oxşayan xalq mahnıları ilə məşhurdur. Özbək xalqı dünyaya İbn Sina, Biruni, Xoca Əhməd Yasəvi, Əlişir Nəvai, Mirzə Uluqbəy, Babur və bir çox böyük alim və filosof bəxş edib.
ÖADC-nin icraçı direktoru, professor Erkin Nuriddinov müstəqillik illərində elm və təhsil sahəsində həyata keçirilən layihələrdən danışıb, cəmiyyətin xətti ilə keçirilən və keçiriləcək tədbirlər haqqında məlumat verib.
Professor Niqina Şermuxammedova və dosent Gülbahar Aşurova Özbəkistanla Azərbaycan arasındakı dostluq əlaqələrinin tarixindən danışıblar.
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin tələbələri Azərbaycan-Özbəkistan dostluğuna dair şeirlər səsləndiriblər.
ÖADC-nin Özbəkistan və Azərbaycandan olan aktiv üzvlərinə fəxri fərmanlar verilib.
Sonra AMM-nin təşəbbüsü ilə hazırlanan, Özbəkistanın Xalq artisti Ramiz Usmanovun ifasında “Dostluq mədhi” klipinin təqdimatı olub. AMM-nin nəzdindəki “ Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.