- Mədəniyyət

“İçərişəhər” İdarəsi “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerləşən Tərəkəmə məscidini bərpa edib

“İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi nəzdində fəaliyyət göstərən “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerləşən Tərəkəmə məscidini bərpa edib. Ölkə əhəmiyyətli abidə olan məscid XVII-XVIII əsrlərdə inşa olunub və hesab edilir ki, Hacı Ağahüseyn və Məşədi Məmmədyarovlar tərəfindən tikilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, kəndin Cümə məscidindən sonra ən qədim dini tikilisi olan abidə uzun illər yararsız vəziyyətə düşüb. Məscidin həm sakinlər üçün mənəvi mahiyyətini, habelə abidənin tarixi əhəmiyyətini nəzərə alan idarə bu ilin iyun ayından etibarən abidənin təmirinə və planlı konservasiyasına başlayıb. İyulun 30-da tamamlanan bərpa işlərindən sonra məscid kənd əhalisinin ixtiyarına verilib. Abidənin təmiri hər gün namaz qılmağa gələn onlarla sakin tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanıb.