Sentyabrın 13-də Şirvanşahlar Sarayı Kompleksində “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov və Katara Mədəniyyət Şəhərciyi Fondunun baş direktoru Xalid Bin İbrahim Əl-Süleyti tərəfindən anlaşma memorandumu imzalanıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, memorandumun əsas məqsədi iki qurum arasında mədəni irsin təşviqi, birgə elmi-mədəni tədqiqatların, sərgi-ekspozisiyaların, simpoziumların, təbliğat-təşviqat tədbirlərinin təşkili istiqamətində əməkdaşlığın həyata keçirilməsi və bununla da Azərbaycan Respublikası və Qətər Dövləti arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verilməsidir.
Qeyd edək ki, Katara Mədəniyyət Şəhərciyi Qətər Dövlətinin paytaxtı Doha şəhərində yerləşir və müxtəlif beynəlxalq mədəniyyət layihələrin, o cümlədən sərgilər, festivallar, tamaşalar, seminar və konfransların keçirildiyi mərkəz rolunu oynayır. Mərkəzin əsas məqsədi müxtəlif mədəniyyətləri bir araya gətirməklə ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verməkdir.